22 Oktyabr 2021 00:14
818
İQTİSADİYYAT
A- A+

Min bir dərdin dərmanı bal

 

Yenidən arıçılıq məhsullarının sərgi-satış yarmarkasında

 

Arının yalnız balı deyil, südü, vərəmumu, yığdığı çiçək tozu da min bir dərdin dərmanıdır. Ölən arıları belə suda qaynadıb alınan mayeni saçların güclənməsi üçün istifadə edirlər. Arının hətta qanadlarının xəfif uğultusu da insanın əsəblərini müalicə edir. Əbəs yerə demirlər ki, arıçıların əsəbləri həmişə sakit olur. Pətəyin içində yüzlərlə arının qanadlarından qopan xəfif səsi biz də çox dinləmişik...

Bunları düşünə-düşünə metronun “Gənclik” stansiyası yaxınlığında Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkil etdikləri arıçılıq məhsullarının 21-ci Respublika SərgiSatış Yarmarkasının  pavilyonuna daxil oluruq. Hər piştaxtada qoyulan balın öz ətri, öz qoxusu var. Bu bənzərsiz yarmarkaya baldan başqa digər arıçılıq məhsulları da çıxarılıb. Əvvəllər arıçılarımız yalnız bala üstünlük verirdilərsə, indi hamı bilir ki, digər arıçılıq məhsullarından da gəlir götürmək mümkündür.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan götürülən nümunələr əvvəlcədən laboratoriyada yoxlanılmış, yalnız keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olanlarının satışına icazə verilmişdir. Keyfiyyətsiz məhsulların yarmarkaya çıxışının qarşısı alınmışdır. Belə ki, 10-15 il əvvəlki yarmarkalarda bəzən üzdəniraq arıçıların satışa saxta bal çıxarmasına da rast gəlmək olurdu. İldən-ilə nəzarət güclənir, keyfiyyətsiz malların istehlakçılara təklif edilməsinə yol verilmir.

Yarmarkada dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası təşkilatçılar tərəfindən nəzərə alınmış, zəruri təhlükəsizlik tədbirləri görülmüşdür. Hər bir arıçıya Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən minimum 25 arı ailəsinə malik olması tələbi qoyulmuş, yalnız COVID-19 pasportuna və ya immun sertifikatına malik arıçılara tədbirə qatılmağa icazə verilmişdir. Builki yarmarkada hər  iqtisadi rayondan maksimum 40 olmaqla ümumilikdə 250 arıçı iştirak edir.

Yarmarka ərazisi zonalara və sektorlara bölünmüş, bütün iştirakçıların yer bölgüsü püşkatma vasitəsilə müəyyən edilmişdir. Hər bir arıçı  satışa maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı çıxarmağa icazə almışdır.

Yarmarka iştirakçılarından biri Zaqatala Rayon Arıçılar Assosiasiyasının rəhbəri Mövləddin Qurbanaliyevlə söhbət edirik. O danışır ki, bu peşə onlara babasından miras qalıb: “1969-cu ildə rayonumuzda arıçılıq sovxozu yaradıldı. Atam orada arıçı kimi çalışdı, sonra briqadir oldu. O vaxtdan indiyədək bu peşəyə mehrimizi salmışıq. Mən də 1985-ci ildə əsgərlikdən qayıtdıqdan sonra həmin təsərrüfatda arıçı kimi çalışdım. Torpaq islahatları aparılandan sonra özüm fermer təsərrüfatını yaratdım və arıçılıqla məşğul oldum. İndi 450 pətək arı saxlayıram. Bunların 150-si orqanik arıçılıqla bağlıdır. Biz artıq Boz Qafqaz arısının  damazlıq təsərrüfatını yaratmışıq. Mən arıçılıq fəaliyyətimlə bağlı ABŞ-da, İngiltərədə, İsveçdə və digər ölkələrdə olmuşam, maraqla onların təcrübəsini öyrənmişəm. ABŞ-da, Çikaqoda bizim apardığımız balı yoxladılar və cavab verdilər ki, son beş ildə bu laboratoriyaya belə zəngin tərkibli bal təqdim edilməyib. İndi məqsədimiz Azərbaycanda İMİ sertifakatı olan arıçılıq təsərrüfatı yaratmaqdır”.

Sərgi-satış yarmarkasında söhbət etdiyimiz arıçılar dövlətin qayğısından ürəkdolusu danışdılar, arıçılığın inkişafına diqqət yetirildiyini söylədilər. Yarmarkada tanış olduğum gənc arıçı Sımran Sənanoğlu Qubadan gəldiyini dedi:

- Bu il sərgidə iştirak edə bilmirəm. Atam, babam illər boyu arı saxlasalar da, mən bu işə yeni başlamışam. Dövlətimiz mənə keçən il 15 arı pətəyi verib. Bu il onların sayını artırmışam. Hər pətəyə görə də dövlət mənə 10 manat əlavə yardım edir.  Babamın arılarının sayı-hesabı olmazdı, balı da bidonlarla alardılar. Amma indi arı saxlamaq üçün gərək bir az tərəkəmə kimi yaşayasan, arıları gəzdirəsən. Təbiət 50 il əvvəlki kimi deyil, torpaqlar özəlləşib, hamı özü üçün əkib-becərir. Arıçılar da diribaş olmalı, vəziyyətə uyğunlaşmalıdırlar. Bu il balım az olub, amma dediyim kimi, arılarımın sayını iki dəfə artırmışam, bir neçə ilə mütləq bu yarmarkada iştirak edəcəyəm.

 

Bahadur İMANQULİYEV,

İlham BABAYEV (foto),

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video