21 Fevral 2012 12:02
359
Təhsil
A- A+

Milli varlığın ifadəsi

 

1999-cu ildə UNESKO tərəfindən 21 fevralın Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsi haqqında qərar verilib. Dünyanın ana dili uğrunda belə qətiyyətlə mübarizəyə qalxması çox mühüm əhəmiyyət kəsb edir. Bir daha təsdiqlənir ki, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hər birimizin vətəndaşlıq borcudur. Dil insanın mənəvi aləminin əks-sədasıdır. Ulu Tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətdir. Dil hər bir millətin, xalqın varlığı deməkdir. Dünyada yüzlərlə dil mövcuddur. Doğma ana lisanımız olan Azərbaycan dili isə bizim üçün bu dillərin sırasında ən möhtəşəmidir.

Əlbəttə, hər bir dilin özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin əvəzi yoxdur. Bu dilin cazibəsini heç bir dildə tapmaq olmaz. Vaxtilə əcnəbi dillərə meyilli olan insanlar ana dilində danışmağı özlərinə ar bilirdilər. Hətta elə bir dövr yaranmışdı ki, Azərbaycanın rəsmi dairələrində, dövlət idarələrində özgə dildə danışmağa üstünlük verilirdi. Quruluşun sərt rejimi bir sıra məmurlar arasında doğma dilimizə qarşı ögey münasibət yaratmışdı. Bütün ziddiyyətli dövrlərdə Azərbaycanın yazıçı və şairləri dilimizin keşikçisi olmaq missiyasını ləyaqətlə yerinə yetirdilər. Onlar ana dilində yazıb yaratdılar. Bunun da nəticəsində dilin şirinliyi, təbiiliyi qorunub saxlandı.

XX əsrin son 30 ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə ümumişlək, dövlət dilinə çevrilməsi beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol açması, zənginləşə-zənginləşə nüfuz qazanması, hətta dünyanın mötəbər kürsülərindən eşidilməsi ümummilli lider Heydər Əliyevin qayğısı və fədakarlığı sayəsində baş verib. Ulu öndərin ana dilimizə bəslədiyi məhəbbət və prinsipiallıq sayəsində 1978-ci ildə Konstitusiyanın 73-cü maddəsinə Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi bir müddəa daxil edildi. Ulu öndər Heydər Əliyev çıxış və nitqlərində ana dilinin gözəlliyindən, zənginliyindən məharətlə istifadə edərək dilçi və ədəbiyyatçılardan daha səlis və rəvan danışardı. Tərifində də, tənqidində də elə ifadələr, sözlər işlədərdi ki, bəzən ən təcrübəli dilşünas-alim də ulu öndər Heydər Əliyevin yaddaşına, sözdən istifadə etmək məharətinə, Azərbaycan dilinə yanaşmaq istedadına heyrətlənməyə bilmirdi. Həyat göstərdi ki, Heydər Əliyev bütün ömrü boyu Azərbaycan dilinə məhz millətin taleyi kimi yanaşaraq onu sevməklə bərabər, keşiyində də mərdliklə dayandı, nüfuzunu qaldırdı, tərəqqisi üçün illərlə mübarizə apardı və istəyinə nail oldu. Elə bu şərəfli xidmətin nəticəsidir ki, ana dilimizin adı çəkilən kimi ulu öndəri xatırlayırıq. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Heydər Əliyevin xidmətləri unudulmazdır. 18 iyun 2001-ci il tarixdə ümummilli lider tərəfindən "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman verildi. Həmin tarixi fərmanda Azərbaycan ədəbi dilinin portreti çox aydın çəkildi, keçdiyi tarixi yola ətraflı işıq salındı. Həmin fərmanda deyilir: "Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də dönə-dönə etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrdə Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək onu Avrasiyanın hər tərəfində işlənilən bir dil kimi yüksək qiymətləndirmişlər". Bu tarixi fərman Azərbaycan ədəbi dilinin taleyinə, sözün həqiqi mənasında, yaşıl işıq saldı.

2001-ci ilin avqust ayında isə ümummilli liderin ana dilinə bəslədiyi məhəbbətin bir tarixi hadisəsi də baş verdi. Azərbaycan dilini dövlətçiliyin əsas rəmzi kimi qiymətləndirərək 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili bayramı kimi qeyd edildi. Ulu öndərə məxsus bir fikir bu gün də bizim hər birimiz üçün istiqamətverici məna daşıyır: "...Musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz, Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar da olmaz, musiqi də olmaz".

Təbii ki, dilin təşəkkülü həmişə müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili də mürəkkəb bir yol keçmişdir. Qəzetimizdə dəfələrlə ana dili ilə bağlı müxtəlif problemlərə toxunmuş, dilimizə xələl gətirən nöqsanları göstərmiş, alimləri, ziyalıları, jurnalistləri ana dilimizin keşiyində dayanmağa səsləmişik. Unutmaq olmaz ki, ana dilimiz çox zəngindir, hər sözün neçə mənası, yozumu var. Ona görə də istər yazıda, istərsə də nitqdə məntiqli olmaq, sözü düzgün və yerində ifadə etmək lazımdır. "Azərbaycan" qəzetində dəfələrlə şəhərimizdə reklam və elanların dili, eləcə də fəaliyyət göstərən şirkətlərin, müəssisələrin, şadlıq saraylarının, hətta qəzetlərin adı ilə bağlı müxtəlif qüsurların olduğu barədə yazılar dərc edilmişdir. Amma hələ də bu qüsurlar davam edir. Bəzən elə reklama rast gəlinir ki, mənası anlaşılmır. Bəzi üzdəniraq "sənətçilərin" çimərlik geyimində səhnəyə, ekrana çıxması və ədəbsizlik nümayiş etdirməsi dildə də göyərir. Ədəbi dilimizin qanun-qaydalarına əməl olunmur. Ayrı-ayrı ləhcələrin, jarqon ifadələrin yazılarda baş alıb getməsi qəbuledilməzdir. Vaxtilə xalq yazıçısı Əzizə Cəfərzadə ilə apardığımız söhbətdə bu söz aşiqi yana-yana söyləmişdi: "Özəl kanallarda ana dilimiz yapmalara, xoşagəlməz hallara məruz qalır. Bu kanallardakı əməkdaşların əksəriyyəti dilimizi korlayır, bərbad hala salır. Bilmirəm qəsdən, yoxsa bilməyərək ətirli gülüstanı zibilləyirlər. Bu, heç yaxşı hal deyildir. Hər bir vətəndaş öz dilini qorumalıdır, keşiyində durmalıdır. Neçə dil bilirəm və müxtəlif dillərdə də mühazirələr oxuyuram. Təkcə öz ali məktəblərimizdə deyil, vaxtilə xarici məktəblərdə də çalışıb işləmişəm. Müxtəlif arxivlərdə araşdırmalar aparmışam. Deməyim odur ki, Azərbaycan dilinin gözəlliyini heç bir dildə görməmişəm".

Ümummilli lider Heydər Əliyev həmişə məsləhət görürdü ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Dil xalqın milli sərvətidir. Onunla bağlı müxtəlif qərarlar, fərmanlar imzalamaqda məqsəd bu olub ki, ana dilimiz hərtərəfli inkişaf etsin. Ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə quruluşun müxtəlif təzyiqlərinə, diktələrinə baxmayaraq, Azərbaycan dilinin çiçəklənməsinə, hərtərəfli inkişafına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə böyük əhəmiyyət verirdi. Ulu öndər həmişə dili ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla və vətənpərvərliklə bağlayırdı. Məşhur bir ifadəsi böyük mənalar, duyğular kəsb edirdi: "Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini də yaxşı bilməz". Ulu öndər Heydər Əliyev Azərbaycan dilini millətin milliliyini saxlayan ən böyük vasitə sayırdı.

Həzrət Əliyə məxsus fikirdir: "Dilini gözəl sözlərə öyrətsən qınaqdan qurtararsan". Maraqlıdır ki, bu müdrik tövsiyədə "gözəl sözlər işlət" deyilmir. Məhz "gözəl sözlərə öyrət" məsləhət görülür. Çünki öyrənilən əbədidir, qalasıdır, yaşayandır! Unudulmaz akademik Həsən Əliyev isə deyərdi: "Dil ağlın ifadəsidir". Deməli, ana dilinə məsuliyyətlə yanaşmaq hər kəsin öz daxili aləminin, mənəviyyatının əks-sədasıdır. Daha dəqiq söyləsək, güzgüsüdür. Qoy gözləriniz bu güzgüdə həmişə gözəllik görsün!

Bir məsələni də təəssüflə bildirək ki, bəzən dilin qorunmasına, zənginləşməsinə mənəvi borcu olanlar belə, ana dilimizi korlayırlar. Azərbaycanda söz meydanı indiki kimi bu qədər geniş və zəngin olmayıb. Təəssüf ki, çoxu bu imkandan qədərincə bəhrələnə bilmir. Elə bil ki, hər şeyin açarı söz pəhləvanlarının pəncəsinə keçib. Xüsusilə də, televiziya kanallarında baş alıb gedən anarxiya bu sahədə müəyyən qüsurların yaranmasına səbəb olub. Dil torpaq sahəsi deyil ki, onu istədiyin şəkildə şumlayıb müəyyən formaya salasan, sinəsinə qondarma ifadələri toxum kimi səpəsən. Bir daha təkrar edirik: şivələrə, dialektlərə, başqa dillərə tor atmağa ehtiyac yoxdur! Dünyaya göz açanda laylanı hansı dildə eşidibsənsə, orta məktəbdə hansı dilin qrammatikasını öyrənibsənsə, elə o dildə də yazmalısan, danışmalısan. Ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hamının borcudur!

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video