26 Fevral 2012 01:02
353
CƏMİYYƏT
A- A+

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır

 

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Nazirliyin İctimai Əlaqələr Mərkəzindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycanın Dövlət himni səsləndirilmişdir.

Akademiya rəisinin müavini general-mayor İsgəndər Allahverdiyev Xocalı faciəsini erməni millətçilərinin tarixən türk xalqlarına qarşı həyata keçirdikləri soyqırımının tərkib hissəsi olduğunu bildirmiş, bunun insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biri olduğunu qeyd etmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dinc sakinləri, körpələri, qadınları, qocaları vəhşicəsinə qətlə yetirməsi, bu müdhiş hadisənin səbəb və nəticələri barəsində ətraflı danışmışdır. Xocalı faciəsinə gedən yol Qaradağlı, Malıbəyli, Quşçular, Meşəli qırğınlarından keçir. Əvvəlcə bu kəndlər yandırılaraq yer üzündən silinmiş, dinc sakinlər yaşına və cinsinə məhəl qoyulmadan amansızcasına qətlə yetirilmişlər.

İ.Allahverdiyev vurğulamışdır ki, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi qiymətin verilməsi, bu dəhşətin azərbaycanlıların soyqırımı kimi tanınması, faciə qurbanlarının ailə üzvlərinə dövlət qayğısının göstərilməsi mümkün olmuşdur. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə yardım göstərilməsi barədə qəbul olunmuş fərman və sərəncamlar bu insanların xatirəsinə böyük ehtiram və diqqətdir.

Natiq çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımlar  bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Son illərdə "Xocalıya ədalət" beynəlxalq tədbirlər çərçivəsində çox səmərəli fəaliyyət həyata keçirilir, artıq dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Bu günlərdə Pakistan İslam Respublikası senatının və Meksika parlamentinin Xocalı faciəsini soyqırımı kimi tanıması, bu barədə 51 ölkənin parlamentlərini özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının VII sessiyasında "Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü" adlı qəbul olunmuş qətnaməyə xüsusi bir bəndin əlavə edilməsi də Azərbaycan diplomatiyasının uğurlarındandır. Münaqişənin diplomatik, dinc yolla həllinə üstünlük verən Azərbaycanın dövlət başçısı, lazım gələrsə, bütün vasitələrdən istifadə olunacağını, ərazi bütövlüyümüzün mütləq bərpa ediləcəyini, ölkəmizin öz ədalətli mövqeyindən heç zaman geri çəkilməyəcəyini daim qətiyyətlə vurğulayır.

İ.Allahverdiyev, həmçinin qeyd etmişdir ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov kursantların, ümumən gənc əməkdaşların müstəqillik və dövlətçilik, vətənə və anda sədaqət ruhunda tərbiyə edilmələrinə, yüksək fiziki və döyüş hazırlığına malik olmalarına, müasir biliklərə və xüsusi peşəkarlıq vərdişlərinə yiyələnmələrinə böyük önəm verir.

Sonda İ.Allahverdiyev akademiyanın zabit, dinləyici və kursant heyətini itirilmiş torpaqların Prezident İlham Əliyevin əmri ilə geri qaytarılması uğrunda mübarizəyə hər an hazır olmağa çağırmışdır.

Tədbirdə çıxış edən akademiyanın dinləyicisi leytenant Rəşad Nadirov və kursant Nurlan Babazadə Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi və əbədi olması uğrunda yorulmaq bilmədən çalışacaqlarına, bütün Azərbaycan gəncləri kimi, vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərinə, dövlətçiliyimizin möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəklərinə söz vermişlər. Onlar Ali Baş Komandanın hər bir əmrini dərhal və dönmədən yerinə yetirəcəklərini bildirmişlər.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video