02 May 2012 12:05
419
Mədəniyyət
A- A+

Milli teatrımızın şərəfli tarixi

 

Sənətşünas İnqilab Kərimov həmişə təəssüflə deyərdi ki, kaş milli teatrımızın tarixi Bakıdan deyil, Şuşadan götürüləydi. Onun bu sözlərində böyük bir həqiqət var. Çünki maddi və mənəvi abidələrlə zəngin olan Şuşa Şərq və Avropa mədəniyyətinin qovuşduğu bir məkan idi. Burada qədim ayinlər, mərasimlər, oyunlar çox məharətlə nümayiş etdirilirdi. İstedadlı kəndirbazların minbir oyunu, meydan tamaşaları, milli bayramlarda keçirilən xalq oyunları, mərasimlər bu qədim şəhərin necə böyük ədəbi mühitə malik olmasından xəbər verirdi. Şəbih tamaşalarından başlanan ədəbi hazırlıqlar milli teatrın yaranmasına gətirib çıxardı. İnqilab Kərimov "Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri" adlı kitabında yazırdı: "1848-ci ildə Şuşada, 1851-ci ildə Lənkəranda, 1857-1858-ci illərdə Şamaxıda... təşkil edilmiş teatr tamaşalarının böyük əhəmiyyəti" nəticəsində Azərbaycanda milli teatr yarandı.

Arxiv materiallarından bəlli olur ki, 1848-ci ildə Şuşada iki böyük mədəniyyət mərkəzi - teatr və sirk mövcud idi. Hətta A.S. imzalı bir nəfər Şuşadan Tiflisə göndərdiyi məktubda bu barədə xəbər verirdi. "Kafqaz" qəzetinin (1848-ci il) 43-cü nömrəsində dərc edilən həmin məlumatda oxuyuruq: "Estetik cəhətdən şuşalılar başqa şəhərlərdə olmayan bir zövqə malikdirlər. Burada yerli əhali teatrın nə olduğunu bilmirdi. İndi isə ona həvəslə baxır... gözəl dekorasiyalar, zövqlə düzəldilmiş lojalar, dram sənətinin həvəskarları olan gözəl ifaçıların oynadıqları rollar tamaşaçıları çox cəlb edir". Beləliklə, Şuşada ilk teatr tamaşasının 1848-ci ildə göstərildiyi ehtimal olunur. O zaman Şuşa həm də Cənubi Qafqazın və Yaxın Şərqin ticarət mərkəzi kimi məşhurlaşmışdı. Buraya İrandan, Türkiyədən, İraqdan, Hindistandan, eləcə də Qərbi Avropadan, xüsusilə Almaniyadan tacirlər gəlirdilər. Çarizmin müstəmləkəçilik siyasətinin amansızlığına baxmayaraq Şuşada elm, ədəbi fəaliyyət, mədəniyyət getdikcə inkişaf edirdi. Şuşa ziyalılarının vaxtaşırı olaraq təşkil etdiyi tamaşalar, ədəbi məclislər şəhər əhalisinin rəğbətinə səbəb olurdu. Şuşa özünün füsunkar təbiəti və mədəniyyəti ilə məşhurlaşdıqca onu görmək üçün Avropanın, Şərqin səyyahları bu şəhərə tez-tez gəlirdilər. Şəhərin mədəniyyət abidələri, daş binaları onları heyran edirdi. Görkəmli rus rəssamı V.V.Vereşşagin öz qeydlərində yazırdı: "Şuşanın evləri daşdan tikilmiş... bütün küçələr geniş tavan daşı ilə döşənmiş, evlərin damı Avropa qaydası ilə yonulmuş ağaclardan hörülmüşdür". Səyyahlar göstərirdilər ki, Şuşada müxtəlif təhsil müəssisələri, mehmanxanalar, məbədlər, bulvar, xəstəxana, teatr, klub, restoran fəaliyyət göstərir. Hətta Azərbaycanda birinci qəza məktəbi də 1830-cu ildə Şuşada açılmışdı.

Bir fakt da bəllidir ki, Mirzə Fətəli Axundzadə çox cavan yaşlarında Şuşaya gəlmiş, bir neçə il xan evində müəllimliklə məşğul olmuşdur. Tarixi sənədlər də təsdiqləyir ki, Mirzə Fətəlinin Şuşaya gəlişi bir neçə dəfə təkrarlanıb. Hətta bu barədə arxif materiallarında da faktlar var. O, Xan qızı Natəvanın, Qasım bəy Zakirin və başqalarının şəxsi qonağı olmuş, onlarla məktublaşmış, hətta beytləşmişdir. Deyilənlərə görə, Mirzə Fətəli Axundzadənin Şuşaya ilk gəlişi 1847-ci ildə olmuşdur. Məşhur tədqiqatçı Salman Mümtazın yazdığına görə, həmin il Xan qızı Natəvan ilə Xasay xan Usmiyevin toy şənliyinə dəvət olunan Qafqaz canişini Vorontsov özü gələ bilmədiyi üçün canişinlikdə işləyən Mirzə Fətəlini göndərmişdi. Beləliklə, Mirzə Fətəli Axundzadənin Şuşaya bağlılığı teatr həvəskarlarının işini xeyli asanlaşdırmışdı.

Bəzi məxəzlərə görə, Şuşada teatr tamaşaları kazarmalarda oynanılıb. İnqilab Kərimov yazır: "Ola bilsin ki, bəzi səbəblər üzündən müəyyən məqsəd üçün kazarmada tamaşa göstərilib. Lakin əsasən tamaşalar Cümşüdbəy Məlik Haqnəzərovun mülkündə teatr üçün əlverişli bir yerdə göstərilirdi". O dövrün mətbuatında da yazılır ki, Şuşada teatr binası mövcud idi.

Tiflisdə yaşayan Mirzə Fətəli Axundzadə bir-birinin ardınca məşhur komediyalarını yazdı. Görkəmli ədibin komediyaları Peterburqda, Tiflisdə ev teatrlarında tamaşaya qoyulsa da, maraqlısı budur ki, böyük ədibin əsərləri ilk dəfə Bakıda deyil, məhz Şuşada səhnələşdirilib. Tamaşalarda əldə edilən vəsait isə xeyriyyə məqsədilə şəhərdəki sənət məktəbinə verilirdi.

1891-ci ildə Şuşa varlılarından olan N.A.Xandəmirov yeni teatr binası tikdirib. Onun tamaşa salonu təxminən 300-400 nəfər tutarmış. Bütöv və uzunsov bir otaqdan ibarət olan bu zalın bir başında kiçik səhnə yerləşmişdi. Tamaşaçılar üçün oturmağa stullar düzülmüşdü, divarlardan böyük lampalar asılmışdı. O zaman belə bir teatrın yaradılması çox mühüm bir hadisə idi. "Xandəmirovun teatrı" adı ilə məşhur olan bu sənət ocağı milli mədəniyyət tariximizin şərəfli səhifəsidir. Dramaturq və mühərrir Haşım bəy Vəzirov 1893-cü ildə V.Şekspirin "Otello" əsərini Azərbaycan dilinə tərcümə etdi. Bu əsər də ilk dəfə Şuşada tamaşaya qoyulub. Haşım bəy Vəzirov özü də bu teatr üçün komediyalar yazırdı.

Şuşada teatrın təşəkkül tapmasında Əbdürrəhim bəy Haqverdiyevin də xidmətləri çoxdur. O, Peterburqda oxuduğu illərdə yay tətilini doğma şəhərdə keçirər, burada teatr həvəskarları ilə birgə müxtəlif tamaşaların hazırlanmasında iştirak edərdi. Yayda Şuşa həmişə qonaqlı-qaralı olurdu. Ona görə də teatr tamaşalarına gələnlər çox olardı. 1896-cı ildə Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsi müəllifin rejissorluğu ilə tamaşaya qoyulub. Maraqlıdır ki, burada qadın rolunu Zülfüqar Hacıbəyli, Süleyman bəyi Süleyman Sani Axundov, Nazlı xanımı Rza Mirzəyev, Nəcəb bəyi isə Yusifbəy Məlik Haqnəzərov yaradıblar.

Teatrın yaşaması, inkişfaı üçün demək olar ki, Şuşa ziyalıları hər cür fədakarlığa qatlaşır, əziyyətlərə dözürdülər. Yazıçılar, zənginlər, tanınmış ziyalılar özləri çox məmnuniyyətlə müxtəlif tamaşalarda rollar yaradaraq xalqın maariflənməsi yolunda əllərindən gələni edirdilər. Hətta xor dərnəyində - məktəblilər arasında Üzeyir Hacıbəyli də olarmış.

1903-1910-cu illərdə Şuşa teatrının repertuarı janr əlvanlığı ilə zəngin olub. Nəcəf bəy Vəzirovun, Soltan Məcid Qənizadənin, Nəriman Nərimanovun, Zülfüqar Hacıbəylinin və başqa müəlliflərin əsərləri müntəzəm olaraq oynanılır, tamaşaçılar tərəfindən də alqışlarla qarşılanırdı. Teatrşünas Yaqub Əlioğlu apardığı araşdırmalar nəticəsində yazıb: "Həmin dövrlərdə artıq xalq arasında məşhur artist kimi tanınan Hüseyn Ərəblinski və Sidqi Ruhulla tez-tez şuşalı teatrsevərlərin qarşısında çıxış edirdilər. Bu görüşlər Şuşanın mədəni həyatında mühüm hadisəyə çevrilirdi".

Azərbaycanda sovet hakimiyyətinin işğalından sonra da Şuşa teatrı fəaliyyətini davam etdirirdi. Bakı artistləri tez-tez Şuşaya gələrdilər. 1926-cı ildə Abbas Mirzə Şərifzadənin rəhbərliyi ilə bir qrup aktyor Şuşada müxtəlif pyesləri tamaşaya qoydular. Mərziyyə xanım Davudovanın da o vaxt Şuşaya gəlməsi teatr həvəskarlarını çox sevindirmişdi. İllər keçdikcə teatrın fəaliyyəti də genişlənirdi. Sonralar sovet ideologiyasının təsiri nəticəsində kolxoz-sovxoz teatrı kimi fəaliyyət göstərən bu qədim sənət məbədi bir növ səyyar həyat keçirdi. İkinci Dünya müharibəsi illərində Üzeyir Hacıbəylinin adını daşıyan Şuşa Dövlət Musiqili Dram Teatrı yarandı (1943-cü il). Özünəməxsus zəngin ənənəsi olan teatr üzləşdiyi çətinliklərə baxmayaraq yaradıcılıq fəaliyyətini dayandırmadı. Hələ o illərdə Şuşa teatrının iki aktyoru - Əzizağa Məmmədov və Cəlil Bağdadbəyov əməkdar artist fəxri adına layiq görüldülər. Müharibə bitdikdən sonra rejissor Əliheydər Ələkbərov Şuşa teatrına dəvət edildi. Ümumiyyətlə, teatra yaradıcı qüvvələrin cəlb edilməsi sürətləndi. Artıq repertuara yeni əsərlər də daxil edilirdi. Zülfüqar Hacıbəylinin "50 yaşında cavan", "Evli ikən subay", Üzeyir Hacıbəylinin "Əsli və Kərəm", Fikrət Əmirovun "Gözün aydın", "Ürək çalanlar" və başqa musiqili komediyalar Şuşa teatrının səhnəsində yeni quruluşda göstərildi.

Təəssüf ki, 1949-cu ildə SSRİ Nazirlər Sovetinin sərəncamı ilə bir qisim teatrlar bağlandı. Bu kollektivlərin arasında Şuşa Dövlət Musiqili Dram Teatrı da var idi. Onun dövlət statusu ləğv edildikdən sonra yerli ziyalılar teatrı yaşatmaq üçün əllərindən gələni etdilər. Çünki incəsənət beşiyi sayılan bir şəhərdə teatra xitam vermək mümkün deyildi. Artıq bu məbəd Şuşa Musiqili Xalq Teatrı olmuşdu. Yerli həvəskarlar teatrın yaşaması üçün müxtəlif əsərlərin hazırlanmasında yaxından iştirak edirdilər. Hətta yay fəslində Şuşada istirahət edən görkəmli teatr xadimləri - Sidqi Ruhulla, Rza Əfqanlı, Süleyman Tağızadə şuşalı həmkarlarına dayaq olurdular. Onlar Əliheydər Ələkbərovun yeni tamaşalar hazırlanmasında öz köməklərini əsirgəmirdilər.

1982-ci ildə Şuşada Mədəni Maarif Texnikumunun açılması demək olar ki, bu teatrın həyatında yeni bir mərhələnin başlanğıcını qoydu. Çünki istər tələbələr, istərsə də məzunlar mütləq onun ünvanına üz tuturdular. Teatrşünas Yaqub Əlioğlu yazır: "Şuşa Musiqili Xalq Teatrı 1987-ci ildə Bakıda Ş.Məmmədova adına opera studiyasının səhnəsində Ü.Hacıbəylinin "Əsli və Kərəm" operasının tamaşası ilə paytaxt teatrsevərləri qarşısında uğurla çıxış edərək öz professionallıqlarını sübut etdilər". Nəhayət, 1990-cı il mayın 11-də Azərbaycan Nazirlər Sovetinin qərarı ilə Şuşa teatrının statusu özünə qaytarıldı. Beləliklə, yenidən Şuşada Dövlət Musiqili Dram Teatrı öz qapılarını tamaşaçıların üzünə açdı. Təəssüf ki, teatrın fəaliyyəti elə də uzun sürmədi. İki il sonra erməni faşistləri Şuşanı işğal etdilər. Təkcə soydaşlarımız deyil, Şuşa teatrı da öz doğma ocağından didərgin düşdü. İndi Bakıda məskunlaşan kollektiv yenə də tamaşalar hazırlayır, amma 20 il özgə qapılarında yaşamaq, yaratmaq nisgilindən üzülürlər. Hər günü həsrətlə gözləyirlər ki, nə vaxt dağlar gözəli Şuşaya qayıdacaqlar?!

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video