04 Iyul 2021 01:01
2901
SİYASƏT
A- A+

Milli qürurun təntənəsi

 

Ordu hər bir xalqın qürur yeridir. Güclü orduya malik olmaq, bir xalqın müstəqil dövlətə  sahib olmasıdır. Bu dövlətin varlığı, sərhədlərinin toxunulmazlığı uğrunda canından belə keçməyə hazır övladlar yetirməsidir.

Bu gün beynəlxalq aləm Azərbaycanı daha həssaslıqla öyrənməyə başlayıb. Vətən müharibəsindəki qələbəmizdən sonra hər kəsin bizə diqqəti daha da artıb. Dünya ölkəmizin yürütdüyü inkişaf siyasətindən, əldə etdiklərindən nəticə çıxarmağa daha da meyilli görünür. Çünki Azərbaycan dövləti o qədər də uzun olmayan illər ərzində çoxlarının xəyal belə etmədiklərini gerçəyə çevirməyi bacarıb. Dövlətimiz regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar qlobal dünyanın yeni inkişaf trendlərindən, dünyanın hazırkı durumundan doğan reallıqlardır.

Dünya dəyişir, şərtlər başqalaşır. Yeni maraqlar formalaşır.

Ali Baş Komandan İlham Əliyevin dünyanın ən güclü orduları sırasında qərarlaşdırdığı Azərbaycan Ordusu bizi ən ülvi arzularımıza qovuşdurdu. Zəfəri ilə tarix yazdı. Düşməni torpaqlarımızdan qovdu. Təxminən 30 il əvvəl müstəqilliyini yenicə qazanmış ölkəmizi xaosdan, naşı siyasətçilərdən, hərc-mərclikdən xilas etdi. Havadarlarının əli ilə cənnət yurdlarımızı zəbt edən azğın düşmənin özü haqqında yaratdığı mif darmadağın oldu. Sülh danışıqları ilə bu qədər müddətdə həll olunmayan münaqişəyə 44 günlük Vətən müharibəsi ilə yekun vuruldu. Bütün dünya gördü ki, dövrümüzdə haqqı sübuta yetirməkdən ötrü təkcə beynəlxalq hüquq normaları kifayət etmir. Ədalətin sənin tərəfində olması ilə də iş bitmir. Qələbə arzusuna çatmaq üçün həm də güclü, qüdrətli olmalısan. Yeri gələndə, vuran əlinin ağırlığını da göstərməlisən. Düşmən dəmir yumruğun gücünü duymalıdır. Başa düşməlidir  ki, rəqibi ondan daha üstündür, havadarlarının köməyi onu bu zərbədən xilas edə bilməyəcək. Bu gün Azərbaycanın Müzəffər  Ordusu tarixinin ən güclü mərhələsini yaşayır.

  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü və  etdiyi çıxış böyük tarixi əhəmiyyətə malik idi. Bu, Vətən müharibəsindəki parlaq qələbəmizdən sonra Silahlı Qüvvələr Günü münasibətilə keçirilən ilk belə tədbir idi. Ənənəvi olaraq hər il 26 iyun günü hərbçilərlə olan görüşlərin əsas mövzusu, təbii ki, torpaqlarımızın azadlığı ilə bağlı olurdu. Bu il isə Silahlı Qüvvələr Günü ölkəmizin hər yerində Qələbə ab-havasında qeyd edilirdi. Bu məqama çıxışında Prezident İlham Əliyev də toxundu: “Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər

olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.

 

Zəfərə qovuşduran tarixi yol

 

Dövlət rəhbərimiz bizi bu zəfərə qovuşduran böyük tarixi yola da nəzər saldı. Qısa müddətdə əldə olunan mükəmməl nəticələr, adətən uzun zamanın hazırlıqları sayəsində mümkün olur. Azərbaycan da Vətən müharibəsini cəmi 44 günə möhtəşəm qələbə ilə tamamladı. İllərlə öz hərbi gücü haqqında miflər uydurmuş düşmən ölkənin ordusunu bir neçə günün içində tamamilə darmadağın etdi. Ölkəmiz bu Zəfərə hazırlaşırdı. Sülh danışıqlarına sadiqliyini qorumaqla, problemin dinc yolla həllinə nail olmaq cəhdləri ilə yanaşı, ordumuz da günbəgün gücləndirilirdi. Dünyada beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulduğunu, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmadığını, işğalçı Ermənistanın getdikcə daha da azğınlaşdığını görəndə ölkəmiz hərtərəfli hazırlıq işlərini genişləndirirdi. Azərbaycanın tarixi qələbəsini təmin edən amillərdən biri də budur ki, ölkəmiz aparılan işlərə dövlət rəhbərimizin də diqqətə çatdırdığı kimi, vahid konsepsiya çərçivəsində yaxınlaşır və uğur qazanırdı.

Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra cəmiyyətdə ictimai-siyasi sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğu prosesinin başlanması nizami ordunun formalaşdırılmasına şərait yaratmışdı. Azərbaycan buna paralel olaraq beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirməyə başlamışdı. Xüsusilə son illər ərzində aparıcı beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişdilər. Azərbaycan beynəlxalq hüququn bu münaqişədə məhz bizim tərəfimizdə olduğunu bütün dünyaya sübut etməyi bacarmışdı. Bu o qədər də asan iş deyildi.

Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi uzun illər ərzində beynəlxalq ictimaiyyəti yalanlarla aldadırdılar. Məsələ ətrafında saxta reallıqlar formalaşdırmışdılar. Növbəti mərhələdə isə bu saxtakarlığı legitimləşdirmək niyyəti ilə iş aparırdılar. Çox məhdud imkanlarla illər ərzində beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarına nail olmaq Azərbaycan üçün əsas vəzifələrdən idi. Ölkəmiz buna nail ola bildi. Dünyanın  BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası kimi aparıcı beynəlxalq təşkilatları Azərbaycan rəhbərliyinin apardığı sistemli diplomatik iş sayəsində mövqeyimizi, ümumən isə real həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etdilər.

Prezident İlham Əliyev çıxışında məsələ ilə bağlı xüsusi vurğuladı: “Eyni zamanda, biz ikitərəfli formatda əlaqələrimizi gücləndirməli idik. Baxın, görün, son illər ərzində bizim dostlarımızın sayı nə qədər artıb. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Ermənistan, demək olar ki, tamamilə təcrid edilmiş vəziyyətdə idi. Bəzi ermənipərəst xarici dairələrin çıxışlarını, bəyanatlarını mən indi kənara qoyuram. Amma bizim yorulmaz fəaliyyətimiz nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür var idi. O cümlədən ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı”. 

 

Məqsədyönlü siyasət

 

Azərbaycan Prezidenti qeyd etdi ki, ölkəmiz bu münaqişədə ortalığa beynəlxalq hüquq, ədalət, güc qoyub. Dövlət rəhbərimiz böyük ölkələrin onlara sərf edən qərarları icra edib, sərf etməyənləri icra etməməsi reallığına da təəssüflə toxundu. Qeyd etdi ki, belə olmasaydı, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasına dair qətnamələri 30 il ərzində kağız üzərində qalmazdı. Bu münasibətin özü də bir daha göstərdi ki, beynəlxalq hüquq normaları sanki kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayanlar üçün yazılıb. Nüfuzlu dövlətlər buna məhəl qoymaya bilərlər və heç bir icra mexanizmi də yoxdur. Ona görə də Azərbaycanın güc toplaması, məsələnin hərbi yolla həlli labüd idi. Bunların hamısının birlikdə həyata keçirilməsi Azərbaycanın gələcəyə hazırlanması və qarşıya qoyulan milli hədəflərə doğru ardıcıl şəkildə irəliləməsi idi.

Prezident İlham Əliyev ordunun möhkəmləndirilməsinə paralel olaraq ölkənin iqtisadi güc toplamasına da ən zəruri amillərdən biri kimi xüsusi diqqət yönəltdi. Vurğuladı ki, ölkəmizin iqtisadi müstəqilliyə nail olması dövlət rəhbəri kimi onun başlıca vəzifələrindən olub və biz bunu artıq neçə ildir ki, təmin etmişik: “Bu gün heç kimdən asılı deyilik. Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir”.

Azərbaycanın öz iqtisadi imkanları hesabına bu illər ərzində dost ölkələrə göstərdiyi kömək, beynəlxalq tərəfdaşlıqları daha da gücləndirməsi tarixi qələbəmizə böyük töhfələr verdi. Apardığımız haqq savaşında bir çox ölkələr Azərbaycanın mövqeyinə dəstək oldular. Ermənipərəst qüvvələrin beynəlxalq platformalarda həyata keçirmək istədikləri xəbis niyyətlərin qarşısı alındı.  Bir sözlə, İkinci Qarabağ müharibəsi bir tərəfdən də Azərbaycanın gücünü, iqtisadi imkanlarını, hərbi qüdrətini, beynəlxalq əlaqələrini bütün dünyaya göstərdi. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. XXI əsrin innovativ müharibəsini aparmaqla dünyanın hərb tarixində yeni bir səhifə açmış ordumuzun ən müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə aparılmış siyasətin tərkib hissəsidir.

 

Tarixin ən güclü Azərbaycanı

 

İstənilən müharibədə əldə edilmiş qələbə əgər abadlıq-quruculuq işləri ilə davam etdirilmirsə, onun tarixi dəyəri azalır. Qələbə öz əsas məqsədinə çata bilmir. Çünki əsl qələbənin hədəfləri inkişafa, tikib-qurmağa, rifaha, insanın ləyaqətli həyatına, xoşbəxtliyinə nail olmaqdır. 30 il ərzində işğal altındakı torpaqlarımızda dağıdıcılıqdan başqa bir iş görməmiş erməni vandallarından fərqli olaraq Azərbaycan bu məsələdə də bütün dünya üçün bir nümunə göstərir. İşğaldan  azad edilmiş bölgələrimizdə böyük quruculuq işlərinə start verilib. Müharibədən cəmi 7 ay keçməsinə rəğmən, kifayət qədər genişmiqyaslı layihələrə başlanılıb. Azərbaycan Prezidenti qeyd etdi ki, əgər bizdə bu hazırlıq olmasaydı, bunu edə bilməzdik: “İndi nə qədər vəsaitin olursa-olsun, əgər sənin texniki imkanın yoxdursa, kadr potensialın yoxdursa, infrastruktur layihələri vaxtında icra edilməyibsə, bunların heç yüzdəbirini edə bilməzsən. Amma bu gün misli görünməmiş bərpa işləri aparılır. Nəyin hesabına? Məhz hazırlıq hesabına. Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və heç vaxt, çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır”.

Prezident İlham Əliyev bu hazırlıq işlərinin aparılmasında əsas amil kimi xalq-iqtidar birliyinin rolunu xüsusi vurğuladı. Aparılan siyasətin xalq tərəfindən dəstəkləndiyini, bu siyasətə böyük inamın olduğunu qeyd etdi: “Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik. Biz “nəyi nə vaxt, necə etmək lazımdır bilirik” deyəndə, məhz bunu nəzərdə tuturduq”. Bu gün biz xoş arzularda yaşayan gələcəyin içindəyik.

 

Ermənistan baş verənlərdən nəticə çıxarmalıdır

 

Azərbaycan Prezidenti çıxışında Ermənistan və erməni xalqının, eyni zamanda regionda maraqları olan qlobal güclərin çıxarmalı olduğu bir çox nəticələr barədə də fikirlər söylədi. Ölkə rəhbəri bölgənin sülhpərvər və açar dövləti kimi Azərbaycanın müharibədə maraqlı olmadığını, əksinə, regionda əmin-amanlıq, əməkdaşlıq və qarşılıqlı inteqrasiyaya malik olmaq istəyini, lakin özünün müdafiə qabiliyyətini də həmişə diqqətdə saxlayacağı haqda məlum ünvanlara və bədxahlarımıza sözünü yetirirdi. Dövlətimizin başçısı diplomatik dillə çatdırırdı ki, müharibə arzulamayan Azərbaycanı kimsə zəif bilib silahla təhdid etmək fikrinə düşsə, o zaman cavabını necə lazımdır alacaq. Bununla belə yaranmış reallıqdan sonra bölgədə sülhün, qarşılıqlı əməkdaşlığın, inkişaf  mühitinin təmin olunmasına indi hər kəs çalışmalıdır.

“Deyə bilərəm ki, İkinci Qarabağ müharibəsi qaçılmaz idi. Bunu hər kəs bilirdi. Azərbaycan ictimaiyyəti də bilirdi, beynəlxalq vasitəçilər də bilirdi, biz də bilirdik. Sadəcə olaraq, ümidlər var idi ki, Ermənistan rəhbərliyində heç olmasa özünüqoruma instinkti özünü büruzə versin və onlar öz xoşları ilə bizim torpaqlarımızdan çıxsınlar. Əgər bu olsaydı, müharibəyə ehtiyac qalmazdı. Biz müharibə istəmirdik və bu gün də istəmirik. Hesab edirəm ki, müharibə riskini sıfıra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil. Biz istədiyimizə nail olmuşuq və bizim üçün indi yeni dövr - quruculuq dövrü, torpaqlarımızın bərpası dövrü başlanmışdır”, - dedi Azərbaycan Prezidenti.

İşğalçı siyasəti ucbatından acınacaqlı vəziyyətlə üzləşən, münaqişənin qan tökülmədən, sülh yolu ilə həlli üçün verdiyimiz şansları yanlış dəyərləndirərək bizim zəifliyimiz kimi yozan, sonunda isə bütün ordusu cəmi bir neçə günün içində darmadağın edilən Ermənistanı və onun xalqını dövlətimizin başçısı bir daha ibrət dərsi götürməyə çağırdı: “Aprel döyüşləri Ermənistana dərs olmadı. Ondan iki il sonra Naxçıvan əməliyyatı nəticəsində biz böyük ərazini götürmüşdük və gücümüzü, peşəkarlığımızı bir daha göstərmişdik. O da dərs olmadı. Nəhayət, İkinci Qarabağ müharibəsi elə dərs oldu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar”.

Azərbaycan regionda aparıcı rolunu, iqtisadi və hərbi üstünlüyünü bundan sonra da davam etdirəcək. Prezident

İlham Əliyev müharibədən sonra artıq müvafiq göstərişlərin verildiyini, yeni müqavilələrin imzalandığını, yeni silahların, müasir texnologiyalar əsasında texnikanın alınması prosesinin başlandığını, Silahlı Qüvvələrimizin struktur islahatlarının təsdiqləndiyini qeyd etdi: “Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik”.

 

“Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur

 

Bu şəraitdə Ermənistanın acınacaqlı vəziyyətdən çıxması üçün yeganə yol öz qonşuları ilə, ilk növbədə Azərbaycanla normal əlaqələr qurmaq və ərazi iddialarından, düşmənçilikdən, işğal siyasətindən əl çəkməkdir. Azərbaycan indiyə qədər törətdikləri bütün mənfur əməllərinə rəğmən yenə də regionda sülhün, sabitliyin, davamlı inkişafın, əməkdaşlıq mühitinin təmin olunması naminə Ermənistana bu şansı verir. Əlbəttə, biz heç nəyi unutmamışıq və unutmayacağıq. Verdiyimiz şəhidlər, ermənilərin törətdikləri Xocalı soyqırımı, erməni vandallarının tar-mar etdikləri şəhərlərimiz, dağılmış qəbirlərimiz, təhqir edilmiş məscidlərimiz heç zaman unudulan deyil.

Dövlət rəhbərimizin də qeyd etdiyi kimi, indi bir çox məqamlar Ermənistanın davranışından, regional məsələlərə yanaşmalarından asılıdır. “Hər halda, biz Ermənistansız da bölgədə istədiyimizə nail ola bilmişik. Bütün kommunikasiyaları çəkmişik, enerji xətlərimizi çəkmişik, dəmir yollarını, bütün nəqliyyat layihələrini bizim digər qonşularımızla icra etmişik. Əgər Ermənistan bu prosesə qoşulmaq istəyirsə, hələ xahiş etməlidir öz qonşularından”.

Amma bir şərtlə ki, bədnam qonşularımız və onların su bulandıran havadarları “Dağlıq Qarabağ” adlı ərazi vahidinin, “Dağlıq “Qarabağ münaqişəsi” anlayışının artıq mövcud olmadığını bilsinlər.

Görüşdə bu fikirlər də xüsusi vurğulandı ki, Azərbaycanla düşmənçiliyin Ermənistana nə qədər ağır başa gəldiyini düşünüb hesablaya bilən insanlar tapılmalıdır. Ermənilər 30 il ərzində özlərinə müstəqil dövlət qura bilməyiblər. Onlar hələ də xarici dairələrdən və xarici hərbi yardımdan asılı durumdadırlar. Əhalisinin böyük hissəsi ölkəni tərk edərək gedib. Orduda xidmət etməyə gənclər tapılmır. Uzun illərdən bəri qapalı qalan sərhədləri ilə sosial-iqtisadi inkişaf üçün heç bir imkan görünmür. Onları düşmənçilik və Azərbaycan xalqına nifrət hissi bu günə salıb.

Azərbaycanın qələbəsi ədalətin, qürurun, milli ləyaqətin, xalqımızın əyilməz ruhunun təntənəsidur. Bu ruh isə bizi hər zaman güclü edəcək.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video