28 Sentyabr 2021 14:56
659
PARLAMENT
A- A+

Milli Məclisin sədri TÜRKPA-nın Şura iclasında çıxış edib

 

Qazaxıstan Respublikasında səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 28-də TÜRKPA Şurasının iclasında iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi söyləyən TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova qurumun 2019-cu ildə Bakıda keçirilən 9-cu plenar iclasında təşkilata sədrliyin Türkiyə parlamentindən Azərbaycan parlamentinə keçdiyini bildirib. Ötən dövrdə TÜRKPA-nın işinin səmərəli qurulması və gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. Bu gün isə Qazaxıstan tərəfi TÜRKPA-ya sədrlik missiyasını öz üzərinə götürür.

Sədrliyi Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinə təhvil verən Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova həmkarına uğurlar arzulayıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın Şura iclasında Azərbaycanın bu quruma sədrlik etdiyi dövrdə (dekabr 2019-sentyabr 2021) görülmüş işlərə dair məlumat verib.

Çıxışında ötən ilin payızında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsindən söz açan Sahibə Qafarova bildirib ki, nəticədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü bərpa olunub, regionda tamamilə yeni geosiyasi mənzərə yaranıb.

İkinci Qarabağ müharibəsi dövründə TÜRKPA-nın göstərdiyi fəaliyyəti yüksək qiymətləndirən Azərbaycan parlamentinin rəhbəri cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə və Tərtər şəhərlərinə, Ermənistanın ballistik raketlər və kasetli mərmilərlə atəşə tutduğu digər yaşayış məskənlərimizə TÜRKPA Katibliyi əməkdaşlarının çoxsaylı səfərlər etməsini, gerçəkliyi əks etdirən məlumatların və foto materialların beynəlxalq təşkilatlara göndərilməsini qeyd edib. Bildirib ki, Ermənistan tərəfindən mülki şəxslərə qarşı törədilən terror aktları və hərbi cinayətlər TÜRKPA tərəfindən şiddətlə qınanılıb və müvafiq bəyanatlar verilib, Assambleya münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllini dəstəklədiyini qətiyyətlə bəyan edib.

Sonra TÜRKPA-dakı həmkarlarına hesabatı təqdim edən Sahibə Qafarova bildirib ki, ötən dövrdə COVID-19 pandemiyası səbəbindən bəzi tədbirlər təxirə salınsa da, əksər tədbirlər, o cümlədən komissiya iclasları onlayn formatda keçirilib. Dayanıqlı iqtisadi bərpanın formalaşdırılmasında regionlararası əməkdaşlığa həsr olunmuş videokonfransda pandemiyanın nəticələrinə qarşı birgə mübarizə aparılması, “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda simpoziumda türk əməkdaşlıq təşkilatları çərçivəsində gələcək iş birliyinin perspektivləri müzakirə edilib, İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərin türk dünyası üçün əhəmiyyətindən bəhs olunub.

Şura üzvlərinə məlumat verilib ki, İstanbul Sazişinə istinadən, qurumun komissiyalarında üzv ölkələrin qanunvericiliyinin yaxınlaşdırılması diqqətdə saxlanılıb. Bu günədək hazırlanan 6 model qanundan beşini Azərbaycan, birini isə Türkiyə parlamenti təqdim edib. Məruzəçi qurumdakı bütün parlamentləri bu prosesdə fəal iştirak etməyə çağırıb.

S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycan parlamenti TÜRKPA-nın institusional inkişafına da xüsusi diqqət ayırıb. Sədrliyimiz dövründə qurumun hüquqi bazasının cari vəziyyəti, hüquqi sənədlərinin təkmilləşdirilməsi yolları müzakirə edilib. Qadın Parlamentarilər Qrupu, Gənc Parlamentarilər Qrupu və Model qanun haqqında əsasnamələr hazırlanaraq komissiyalarda baxılıb, plenar iclasa təqdim olunub. Azərbaycan Milli Məclisinin TÜRKPA-ya sədrliyi dövründə beynəlxalq əməkdaşlıq əlaqələri xeyli genişlənib.

Azərbaycanın sədrliyi dövründə qurumun fəaliyyəti barədə Şurada ətraflı məlumat verən Sahibə Qafarova yaxın gələcəkdə TÜRKPA-nın genişlənəcəyinə, tam hüquqlu üzvlərin artacağına inamını ifadə edib.

Sonra Şuranın gündəliyində dayanan digər məsələlər, TÜRKPA-nın hüquqi sənəd layihələri, model qanun layihələri, seçkilər və referendumlar haqqında hesabatlar, təşkilati məsələlər, növbəti ildə təşkilatın fəaliyyəti, plenar iclasın gündəliyi və digər sənədlər təsdiq olunub.

Bununla da TÜRKPA-nın Şura iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video