17 Fevral 2021 20:13
1018
PARLAMENT
A- A+

Milli Məclisin sədri Sahibə Qafarova İran parlamentinin nümayəndə heyəti ilə görüşüb

 

Fevralın 17-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İran İslam Respublikası İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctaba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sədr qonaqları səmimi salamlayaraq bildirib ki, Azərbaycan və İran dost və qardaş ölkələrdir. Ortaq tarixi, mədəni və dini dəyərlərimiz münasibətlərimizin qarşılıqlı anlaşma əsasında inkişafı üçün yaxşı zəmin yaradır. İnanıram ki, bu möhkəm təməl üzərində əlaqələrimiz gələcəkdə daha da genişlənəcək. İran ilə hərtərəfli əməkdaşlığın dərinləşməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir.

Milli Məclisin sədri qeyd edib ki, münasibətlərimizin bu səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri, aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin bugünkü səviyyəyə çatmasında əsaslı rol oynayıb. Siyasi dialoqun ardıcıl xarakter alması iqtisadi, humanitar, mədəni sahələrə də öz müsbət təsirini göstərir. Dövlətlərarası Müştərək Komissiyanın fəaliyyəti, keçirilən biznes forumlar və ikitərəfli görüşlər ticarət dövriyyəsinin artmasına şərait yaradır.

Ölkələrimizin ali qanunvericilik orqanları arasında mövcud olan xoş münasibətlər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıqda özünü büruzə verir. Sədr hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, bu qruplar arasındakı təmasların intensivləşdirilməsi, beynəlxalq parlament təşkilatları çərçivəsində çoxtərəfli əsasda görüşlər ümumi hədəflərə çatmaq baxımından önəmlidir.

Sədr İranın Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi dönəmində ölkəmizin haqq işini dəstəkləməsini yüksək dəyərləndirib, bu ölkənin daim Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyi üçün öz adından və Azərbaycan parlamenti adından İran xalqına və dövlətinə təşəkkürünü ifadə edib. Bildirilib ki, erməni işğalçılarının azad olunmuş Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər, dini abidələrə münasibətdə etdikləri hərəkətlər insanlığa yaraşmayan vandallıqdır. Bu, təkcə Azərbaycana qarşı deyil, bütün müsəlman dünyasına qarşı yönəlmiş mənəvi terrordur. Sahibə Qafarova erməni vandallığının digər bir sübutunun da yaxın günlərdə 29 illiyini qeyd edəcəyimiz Xocalı soyqırımı olduğunu qonaqların diqqətinə çatdırıb. Qeyd edib ki, bu soyqırımı aktı dinc və silahsız insanlara qarşı törədilmiş misilsiz bir qətliam olub. Sədr, həmçinin diqqətə çatdırıb ki, bu qətliama dünyanın bir sıra parlamentləri lazımi qiyməti verib, soyqırımı olaraq tanıyıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən İran İslam Respublikası İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctaba Zünnuri səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O bildirib ki, təmsil etdiyi ölkə Azərbaycan ilə həyatın ən müxtəlif sahələrində əlaqələrin dərinləşməsində maraqlıdır. Dağlıq Qarabağda Azərbaycanın apardığı Vətən müharibəsi zamanı İran vətəndaşlarının ürəyi Azərbaycanla birlikdə döyünüb. Biz Azərbaycanın ərazi bütövlüyünü, onun haqq işini həmişə dəstəkləmişik. 44 günlük hərbi əməliyyatlar zamanı ən müxtəlif səviyyələrdə verilən bəyanatlar bunu bir daha təsdiqləyir.

Qonaq Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərinin minalardan təmizlənməsində, bərpa işlərində, dini abidələrin yenidən qurulmasında İran tərəfinin yaxından iştirak etmək arzusunu bildirib. Qeyd edilib ki, Qarabağın yenidən dirçəlməsinə onun ölkəsi də öz layiqli töhfəsini vermək niyyətindədir.

İran parlamenti nümayəndə heyətinin üzvləri Xocalıda törədilən qətliamın ağrı-acılarını ürəkdən hiss etdiklərini, Azərbaycan xalqının məruz qaldığı bu vəhşiliyi qınadıqlarını ifadə ediblər.

Söhbət zamanı parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Madər Musayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video