16 Fevral 2021 17:47
917
PARLAMENT
A- A+

Milli Məclisin regional məsələlər komitəsinin videokonfrans formatında iclası keçirilib  

 

Fevralın 16-da Milli Məclisin regional məsələlər komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov bildirib ki, gündəliyə 3 məsələ daxil edilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda əvvəlcə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi ilə bağlı məsələyə baxılıb.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov diqqətə çatdırıb ki, 2020-ci il ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin yaxşılaşdırılması, bələdiyyələr tərəfindən yol verilmiş pozuntuların aradan qaldırılması və ya qarşısının alınması ilə bağlı zəruri addımlar atılıb, mövcud qanunvericiliyə müvafiq dəyişikliklər olunub. Hesabat dövründə Ədliyyə Nazirliyində 79 min 858 bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb, 76 min 433 akt (95,7 faiz) qanunvericiliyə uyğun hesab edilib. Normativ hüquqi aktların tələblərinə zidd olan 2939 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün təkliflər verilib, digər 486 akt isə icraatdadır.

Qeyd edilib ki, ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 3503 müraciətdən 3206-na baxılıb, 156-sı aidiyyəti üzrə göndərilib, 141 müraciət isə baxılmaqdadır. Bu müddətdə 751 vətəndaş qəbul edilib, onların müraciətləri ilə əlaqədar zəruri tədbirlər görülüb.

Bildirilib ki, bələdiyyələrin fəaliyyətinə həyata keçirilən inzibati nəzarət tədbirləri nəticəsində ümumilikdə 10 min 478 hektar torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən təkliflər və ya məhkəmələrə iddialar verilib. Nəticədə 396 hektar torpaq sahəsinin mülkiyyətə, 6850 hektar torpaq sahəsinin icarəyə və 971 hektar torpaq sahəsinin istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib. Bütövlükdə 8217 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması təmin olunub.

Hesabat dövründə bölgələrdə bələdiyyə üzvü və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə 86 tədbir keçirilib.

Sənəddə deyilir ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda yerli özünüidarəetmədə hesabatlılığın, aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi məqsədilə nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində də bir sıra tədbirlər görülüb. Həyata keçirilən bütün tədbirlər ölkəmizdə yerli özünüidarəetmə institutunun təkmilləşdirilməsinə, müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, yerli əhali arasında bələdiyyələrə etimadın artmasına yönəlib.

Sonra komitə üzvü Səttar Möhbalıyev gündəlikdəki növbəti iki məsələni təqdim edib. Məlumat verilib ki, “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir. Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilir. Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 hektar torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilir. Qeyd edilib ki, bununla bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da müvafiq düzəlişin edilməsi nəzərdə tutulub.

Bildirilib ki, bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ərazi vahidlərinin sosial-iqtisadi problemlərinin həlli, vətəndaşların və dövlət orqanlarının qarşılıqlı münasibətlərinin daha da yaxşılaşdırılması məqsədi ilə aparılır.

Onlayn iclasda çıxış edən komitə sədri Siyavuş Novruzov, komitənin üzvləri Nizami Cəfərov, Məzahir Əfəndiyev, Kamran Bayramov, Cavid Osmanov, Elşən Musayev bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi barədə fikirlərini bildirib, bir sıra təkliflər səsləndiriblər. Deputatlar Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə nəzərdə tutulan dəyişiklikləri də dəstəkləyiblər.

Müzakirələrin sonunda gündəlikdəki hər üç sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Tədbirdə komitə üzvləri Emin Hacıyev, Malik Həsənov, Səbinə Xasayeva, Aqil Məmmədov, Tahir Rzayev, Əliabbas Salahzadə də iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video