09:19 22 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
01:20 22.06.2021

80 illik ibrət dərsi


01:04 22.06.2021

Şəhid kapitan unudulmur


00:55 22.06.2021

Rekordlarla dolu gün


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
21:41 08.06.2021

 

İyunun 8-də spiker Sahibə Qafarovanın sədrliyi ilə VI çağırış Milli Məclisin 6-cı sessiyası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Növbədənkənar sessiyanın açılışında Milli Məclisin sədri mayın 31-dən iyunun 4-dək Azərbaycan parlamenti nümayəndə heyətinin Pakistan İslam Respublikasına işgüzar (1-2 iyun) və rəsmi (3-4 iyun) səfərləri barədə məlumat verib.

Əvvəlcə İslamabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) İkinci Ümumi Konfransından söz açan Sahibə Qafarova xatırladıb ki, İƏT regional dövlətlərarası iqtisadi təşkilatdır və sıralarında 10 dövləti – Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanı birləşdirir.

Üzv ölkələrin parlament sədrlərinin çıxışları ilə başlanan tədbirdə Milli Məclisin sədri iştirakçıların nəzərinə çatdırıb ki, Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən İƏT ilə əlaqələrin inkişafına böyük önəm verir. Biz hesab edirik ki, təşkilatın üzvü olan ölkələr arasında çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi günün tələbidir.

İƏT PA-nın İkinci Ümumi Konfransında regional inteqrasiya naminə parlament tərəfdaşlığının təşviq edilməsinə dair aparılan fikir mübadiləsi zamanı Azərbaycan parlamentinin rəhbəri dünya birliyini təhdid edən qlobal problemlərin həlli yollarına ümumi yanaşmaların müəyyən edilməsində parlamentlərarası əməkdaşlığın və parlament diplomatiyasının rolundan danışıb. Qeyd edib ki, təşkilatın üzvü olan ölkələr arasında inteqrasiya proseslərinin güclənməsi bölgələrimizin zəngin təbii ehtiyatlarının, nəqliyyat imkanlarının və intellektual potensialının daha səmərəli istifadəsinə kömək edəcək.

Sahibə Qafarova xüsusi vurğulayıb ki, Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı ilə üz-üzə qalsa da, uğurlu regional layihələrin həyata keçirilməsinə nail olub, enerji təhlükəsizliyinin təmin edilməsində və enerjinin çatdırılma marşrutlarının şaxələndirilməsində mühüm tərəfdaşa çevrilib. Ötən ilin sonlarında Azərbaycan erməni işğalına son qoyaraq ərazi bütövlüyünü bərpa edib. Bununla da bölgədə iqtisadi inteqrasiya üçün yeni imkanlar yaranıb. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpasına dair genişmiqyaslı proqramlar icra edilməkdədir. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində bir sıra ölkələrin, əsasən də Azərbaycana dost ölkələrin şirkətləri iştirak edir.

Plenar iclasda deputatların nəzərinə çatdırılıb ki, İƏT PA-nın İkinci Ümumi Konfransı çərçivəsində qadın parlament üzvlərinin iclası keçirilib. Həmin iclasın ilk sessiyasına Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova sədrlik edib. Konfransın ayrı-ayrı mövzulara həsr olunan panel iclaslarında Azərbaycan nümayəndə heyətinin üzvləri fəal iştirak ediblər.

Bildirilib ki, konfransın gedişində Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi və Baş nazir İmran Xan milli nümayəndə heyətlərinin rəhbərləri ilə görüşərək söhbət aparıblar, sonra isə bütün nümayəndə heyətləri qarşısında çıxış ediblər.

Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin keçirdiyi ikitərəfli görüşlərdən bəhs edən spiker Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov, Əfqanıstan Milli Assambleyası Xalq Palatasının sədri Mir Rahman Rahmani ilə aparılan danışıqların parlamentlərarası əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli olduğuna əminlik ifadə edib.

Deputatlara məlumat verilib ki, həmin görüşlər zamanı torpaqlarımızın 30 ilə yaxın erməni işğalı altında olması, erməni vandallarının işğal dövründə şəhər və kəndlərimizi viran qoyması, 44 günlük Vətən müharibəsi nəticəsində işğalın aradan qaldırılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, eləcə də müharibədən sonrakı dövrdə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi, hərbi qulluqçularımızın və dinc sakinlərin minalara düşərək həlak olması barədə məlumatlar hər bir nümayəndə heyətinin nəzərinə çatdırılıb.

Qeyd olunub ki, konfransın yekunu olaraq imzalanan İslamabad Bəyannaməsinin müddəaları təşkilat üzvlərinin bölgələrimizdə tərəfdaşlıq və əməkdaşlıq proseslərini inkişaf etdirmək əzmində olduqlarını bir daha nümayiş etdirib.

Milli Məclisin sədri Azərbaycan nümayəndə heyətinin Pakistana rəsmi səfərinin də böyük uğurla keçdiyini vurğulayıb. Rəsmi səfər zamanı nümayəndə heyətimizin İslamabadda Azərbaycan səfirliyini ziyarət etdiyini, ulu öndər Heydər Əliyevin xatirəsinin anıldığını və onun büstü önünə gül qoyulduğunu bildirib.

Səfər çərçivəsində Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi, Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər, Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani ilə, həmçinin hər iki qurumun dostluq qrupları ilə keçirilən görüşləri yüksək dəyərləndirən Sahibə Qafarova bildirib ki, görüşlərdə dost və qardaş ölkələr olan Pakistanla Azərbaycanın münasibətlərinin strateji müttəfiqlik səviyyəsində olduğu vurğulanıb. Spiker qeyd edib ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanla Pakistanın bir-birinə qarşılıqlı dəstəyi bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, rəsmi səfər zamanı keçirilən görüşlərdə ölkələrimiz arasında mədəni-humanitar münasibətlərin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanıb. Bildirilib ki, bu sahədə görülmüş dəyərli işlər sayəsində Mehriban xanım Əliyeva 2015-ci ildə Pakistanın ali mükafatı olan “Hilal-e Pakistan” ordeni ilə təltif edilib.

Azərbaycan-Pakistan qardaşlığının tarixinə toxunan spiker Pakistanın son 30 ildə Ermənistanı dövlət kimi tanımamasının və bu ölkə ilə münasibət qurmamasının xüsusi önəmindən danışıb, 2020-ci ilin mövcud dostluq tariximizdə yeni parlaq səhifə təşkil etdiyini bildirib. Xatırladıb ki, Vətən müharibəsinin ilk günlərindən etibarən Pakistan qətiyyətli mövqe sərgiləyərək Azərbaycanın haqq işini müdafiə edib, ölkəmizə siyasi və mənəvi dəstək göstərib. Bu 30 il ərzində göstərilən dəstəyə görə səfər zamanı Pakistan dövlətinə və parlamentinə Azərbaycan dövlətinin və xalqının dərin minnətdarlığı çatdırılıb. Eyni zamanda qeyd edilib ki, Xocalı faciəsi ilə əlaqədar Pakistanın parlamenti və müxtəlif qurumları tərəfindən qəbul olunmuş sənədlər böyük əhəmiyyət daşıyır.

Deputatlara məlumat verilib ki, həm Pakistan dövlətinin başçısı, həm də parlamentin hər iki palatasının rəhbərləri Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən böyük sevinc və qürur duyduqlarını bildiriblər, söyləyiblər ki, Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Səfər zamanı keçirilən görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri ətraflı müzakirə olunub, ikitərəfli siyasi, iqtisadi, ticarət, mədəni əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Milli Məclisin sədri hər görüşdə nəzərə çatdırıb ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Ermənistan Qarabağda başlanmış bərpa və quruculuq işlərinə mane olur, minalanmış ərazilərin xəritələrini vermir, sərhəddə təxribatlar törədir, ərazilərimizə terrorçuların keçməsinə şərait yaradır, müharibə başa çatdıqdan sonra Azərbaycan ərazisində həbs olunmuş təxribatçıları “hərbi əsirlər” kimi qələmə verməyə çalışır. Ermənistanın düşmənçilik hərəkətlərinin qarşısını almaq üçün beynəlxalq təşkilatlara təsir göstərilməsinin vacibliyi, müharibənin aylar öncə başa çatmasına baxmayaraq, Ermənistanın minaladığı ərazilərin xəritələrini verməməsi ucbatından hələ də hərbi qulluqçuların və dinc sakinlərin həlak olduğu pakistanlı parlamentarların diqqətinə çatdırılıb.

Sahibə Qafarova iyunun 4-də Kəlbəcər rayonu ərazisində mülki şəxslərin, o cümlədən 2 jurnalistin mina partlayışı nəticəsində həlak olduğunu da görüş iştirakçılarının diqqətinə çatdırıb, bu hadisənin Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut etdiyini bildirib.

Plenar iclasda Sahibə Qafarova Kəlbəcərdə həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyib.

Bildirilib ki, səfər zamanı Sahibə Qafarova Pakistanla Azərbaycan arasında parlamentlərarası və dövlətlərarası münasibətlərin inkişafına verdikləri töhfəyə görə Pakistan parlamentinin Milli Məclisin Fəxri medalı ilə təltif olunmuş 7 üzvünə, o cümlədən Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərə və Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancraniyə həmin medalları təqdim edib.

Səfər çərçivəsində Pakistan Senatında və Milli Assambleyasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qruplarının üzvləri ilə görüşlər də çox səmərəli olub. İki dost və qardaş ölkə arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Plenar iclasda Sahibə Qafarovanın Pakistan səfəri barədə məlumatı dinlənildikdən sonra Milli Məclisin növbədənkənar sessiyası işinə başlayıb. Əvvəlcə 12 məsələdən ibarət gündəlik təsdiqlənib. Bildirilib ki, ölkəmizdə səfərdə olan Latviya Seyminin nümayəndə heyəti də plenar iclasda iştirak edir.

Cari məsələlərin müzakirəsində deputatlar Jalə Əliyeva, Azər Badamov, Musa Quliyev, Qüdrət Həsənquliyev, Sahib Alıyev, Fəzail Ağamalı, Razi Nurullayev, Elşən Musayev, Kamal Cəfərov, Müşfiq Cəfərov, Bəhruz Məhərrəmov bir sıra mühüm məsələlərə toxunublar.

Çıxışlarda Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən Ermənistanın yerləşdirdiyi tank əleyhinə minaya düşərək həlak olan jurnalistlərin və onları müşayiət edən yerli icra hakimiyyəti nümayəndəsinin xatirəsinə ehtiram ifadə olunub. Vurğulanıb ki, beynəlxalq qurumlar və dünya dövlətləri mina xəritələrini Azərbaycana verməsi üçün Ermənistana təzyiq göstərməlidirlər, Ermənistan terror dövləti olduğunu və terrorizmi dövlət siyasətinə çevirdiyini bir daha təsdiqlədi.

Deputatlar Kəlbəcərdə baş verən hadisəyə münasibətdə yenə susqunluq nümayiş etdirən ATƏT-in Minsk qrupunun ləğvini təklif ediblər. Həmçinin Novosibirskdə 19 yaşlı Vəkil Abdullayevi qətlə yetirən polisin azadlığa buraxılmasını, ardınca Rusiya KİV-də müşahidə olunan qeyri-adekvat münasibəti olduqca təhlükəli tendensiya kimi dəyərləndiriblər.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsinə dair qanun layihəsi barədə Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun geniş məlumatları dinlənilib. Qanun layihəsi çox vacib və əhəmiyyətli sənəd kimi dəyərləndirilib. Vurğulanıb ki, bu sənədin ratifikasiyası qardaş Türkiyə ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək.

Sənəd səsə qoyulub və qəbul edilib.

Daha sonra plenar iclasda üçüncü oxunuşda müzakirəyə təqdim olunmuş qanun layihələrinə baxılıb. Müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin Pakistan səfərinə də münasibət bildirilib, keçirilən görüşlər və aparılan danışıqlar yüksək dəyərləndirilib.

İclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2020-ci ilin dövlət büdcəsinin icrası Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi inkişaf və dəstək kursunun ardıcıl surətdə davam etdirilməsi, əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, müdafiə və təhlükəsizik məsələlərinin həlli və iqtisadiyyatın qorunaraq stimullaşdırılması istiqamətində öz müsbət rolunu oynayıb. Eyni zamanda, keçirilən müzakirələr zamanı bütövlükdə büdcə icrası layihəsinin gələcəkdə təkmilləşdirilməsi, büdcə qanunvericiliyi üzərində yeniliklərin həyata keçirilməsi, çatışmazlıqların aradan qaldırılması, bütün tərəflər arasında gələcəkdə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində ümumi razılıq ifadə olunub.

Qanun layihəsinin üçüncü oxunuşda müzakirəsində deputatlar Razi Nurullayev, Qənirə Paşayeva, Tahir Rzayev, Aydın Hüseynov, Nigar Arpadarai, Vüqar İsgəndərov, Tahir Kərimli fikirlərini bildiriblər. Çıxışlarda vurğulanıb ki, 2020-ci il dövlət büdcəsinin çox qeyri-adi şəraitdə icra olunmasına baxmayaraq, bütün hədəflərə nail olunub.

Maliyyə naziri Samir Şərifov ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı geniş çıxış edib və parlamentdəki müzakirələrdə deputatların qaldırdıqları məsələlərə münasibət bildirib.

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Gündəlikdəki növbəti qanun layihələri barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədovun və Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatları dinlənildikdən sonra “Kredit ittifaqları haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri də üçüncü oxunuşda qəbul olunub.

Parlamentdə, eyni zamanda, birinci oxunuşda müzakirəyə təqdim olunmuş 8 qanun layihəsinə baxılıb.

Gündəlikdəki növbəti 7 qanun layihəsi mahiyyətcə bir-birinə yaxın olduğundan həmin qanun layihələri barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ümumi məlumat verib. Bildirib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisin müzakirəsinə təqdim edilmiş qanun layihələri zərfi əlilliyin qiymətləndirilməsinin yeni meyarlarını və qaydalarını müəyyən edir, həmçinin əlaqəli qanunlarda bu müddəalardan irəli gələn uyğunlaşma xarakterli dəyişiklikləri nəzərdə tutur.

Komitə sədri nəzərə çatdırıb ki, Azərbaycanın da qoşulduğu “Əlillərin hüquqları haqqında” BMT-nin Konvensiyası əlillik sahəsində milli qanunvericiliyin beynəlxalq hüquq və normalara uyğunlaşdırılmasını tövsiyə edir. Azərbaycan Prezidentinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun tətbiqi barədə” 2018-ci il 18 iyul tarixli Fərmanı və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 18 yanvar tarixli Fərmanı ilə əlilliyin müəyyən edilməsi meyarlarının və qaydalarının ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanması barədə hökumətə tapşırıq verilib.

Musa Quliyev bildirib ki, müzakirəyə çıxarılmış 7 qanun layihəsi həmin tələblərdən irəli gələrək hazırlanıb və ümumilikdə 60 qanunda 197 dəyişikliyi nəzərdə tutur. Əlillik siyasəti sahəsində baza qanunu hesab edilən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 11 maddəsinə edilən 30 dəyişiklikdən əsas məqsəd əlilliyin təyinatı prosesində ünvanlılığın, şəffaflığın və sosial ədalətin təmin edilməsi, bu sahədə beynəlxalq təcrübənin və standartların tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır.

Komitə sədri deputatların nəzərinə çatdırıb ki, Qanunda indiyədək işlənən “əlillik dərəcəsi” ifadəsi “orqanizmin funksiyasının pozulması faizi” ifadəsi ilə əvəz olunur. Bu dəyişiklik qəbul olunandan sonra şəxsin əlillik vəziyyəti qiymətləndirilərkən ənənəvi 3 əlillik dərəcəsi deyil, orqanizmin funksiyalarının 30 faizdən yuxarı pozulması meyarı əsas götürüləcək. Yəni, funksiyanın 31 faizdən 60 faizədək pozulması mövcud 3-cü dərəcəli əlilliyə, 61 faizdən 80 faizədək pozulması 2-ci dərəcəli əlilliyə, 81 faizdən 100 faizədək pozulması isə 1-ci dərəcəli əlilliyə uyğun qiymətləndiriləcək. Beləliklə, sağlamlığın pozulmasının faizlə qiymətləndirilməsi eyni ənənəvi əlillik dərəcəsi daxilində olan şəxslərin reabilitasiya potensialının, bərpa imkanlarının, reabilitasiya vasitələrinə ehtiyacının, yaxın gələcəkdə sosial müavinət və pensiya təminatının faizlər səviyyəsində dəqiq diferensiallaşmasına imkan yaradacaq.

Plenar iclasda 7 qanun layihəsini ətraflı şərh edən Əmək və sosial siyasət komitəsinin sədri bildirib ki, bu dəyişikliklər zərfi qəbul ediləndən sonra sosial müavinətlər və əmək pensiyaları haqqında qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə aparılacaq islahatların növbəti mərhələsində pensiya və müavinətləri orqanizmin funksiyasının pozulma faizinə uyğun şəkildə artırmaqla əlilliyi olan şəxslərin sosial müdafiəsini daha ədalətli və etibarlı şəkildə təmin etmək mümkün olacaq.

Musa Quliyev 18 yaşadək əlilliyi olan uşaqların reabilitasiyasına və sosial müavinətlə təminatına diferensial yanaşma imkanı yaradacaq dəyişikliklərdən də bəhs edib.

Yeni layihəyə görə, əlilliyin ekspertizası proseduru üçün sənədlər elektron qaydada TSEK-ə daxil olandan 10 gün, əlavə müayinə tələb olunan hallarda isə 15 gün müddət qoyulduğu bildirilib.

Qeyd olunub ki, layihələr hazırlanarkən əlilliyin müəyyən edilməsi meyarları sahəsində mövcud olan qabaqcıl beynəlxalq təcrübə ətraflı nəzərdən keçirilib. Bu məsələlər Əmək və sosial siyasət komitəsinin genişləndirilmiş iclasında qanun layihəsi subyektlərinin iştirakı ilə geniş təhlil və müzakirə olunub. Qanunun 2022-ci ilin 1 yanvarından qüvvəyə minməsi nəzərdə tutulur.

Sonra iclasda müzakirələr başlanıb. Öncə gündəlikdəki qanun layihələrinin müzakirə olunduğu 11 komitənin rəyi öyrənilib. Müzakirələrdə komitə sədrləri Zahid Oruc və Siyavuş Novruzov, komitə sədrlərinin müavinləri Əli Məsimli, Qüdrət Həsənquliyev və Sahib Alıyev, deputatlar Razi Nurullayev, Azər Badamov, Elman Nəsirov, İlham Məmmədov, Rüfət Quliyev və Sabir Rüstəmxanlı rəy və təkliflərini bildiriblər. Layihələr mütərəqqi qanun layihələri kimi dəyərləndirilib. Qeyd olunub ki, Azərbaycan sosial dövlətdir.

Komitə sədri Musa Quliyev deputat həmkarlarını maraqlandıran məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub. Plenar iclasda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi; “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Torpaq Məcəlləsində dəyişiklik edilməsi; “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi; “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Psixiatriya yardımı haqqında”, “İcbari sığortalar haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi; “Dövlət qulluğu haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda qəbul edilib.

Sonra plenar iclasda İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin üzvü Vüqar Bayramov “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, qanunun 2 maddəsinə – 9-cu və 11-ci maddələrinə dəyişiklik edilməsi nəzərdə tutulub və bütövlükdə müharibə qazilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədini daşıyır.

Müzakirədə deputatlar Tahir Kərimli və Musa Quliyev fikirlərini bildirdikdən sonra layihə səsə qoyulub və “Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM