03 Iyul 2013 05:07
249
PARLAMENT
A- A+

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

 

İyulun 2-də Milli Məclisin növbədənkənar sessiyasınn son iclası keçirildi. İclasda ilk olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Bakı Apelyasiya Məhkəməsinin, Gəncə Apelyasiya Məhkəməsinin, Sumqayıt Apelyasiya Məhkəməsinin, Şirvan Apelyasiya Məhkəməsinin və Şəki Apelyasiya Məhkəməsinin hakimlərinin təyin edilməsi haqqında məsələlərə baxıldı. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatından sonra deputatlar buna müsbət münasibət bildirdilər.

Milli Məclisin Sədri Oqtay Əsədov hakimləri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı.

İclasda "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi də müzakirəyə çıxarıldı. Layihə ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, bir müddət əvvəl Milli Məclisdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi qəbul olunub. "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikası Qanununda isə Miqrasiya Məcəlləsinin iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdu. Lakin deputatlar bu müddətin sentyabrın 1-dək uzadılmasını təklif etmişdilər. Əli Hüseynlinin sözlərinə görə, qanunvericilik təşəbbüsü ilə məsləhətləşmələrdən sonra həmin tarixin avqustun 1-nə keçirilməsi razılaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin qüvvəyə mindiyi gündən "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında", "İmmiqrasiya haqqında", "Əmək miqrasiyası haqqında" və "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunları ləğv ediləcək.

Qanun layihəsi təsdiq olundu.

İclasda son olaraq "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə edildi. Belə bir qanunun qəbulunda məqsəd ölkəmizdə sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və həyata keçirilməsi qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən etməkdir. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə birinci oxunuşdan sonra layihədə aparılmış işlər barədə ətraflı məlumat verdi. Müzakirələr zamanı deputatlardan Fazil Mustafa, Qənirə Paşayeva, Zahid Oruc, Sədaqət Vəliyeva bu qanunun ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb edəcəyini, sahibkarların hüquqlarının qorunmasına xidmət edəcəyini bildirdilər.

10 fəsil, 38 maddədən ibarət olan qanun layihəsi ikinci və üçüncü oxunuşlarda təsdiq edildi.

Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatdı. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı bağlı elan etdi. Sonda Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

 

Rəşad CƏFƏRLİ,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video