30 Iyun 2012 03:06
418
PARLAMENT
A- A+

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

 

Milli Məclisin iyunun 29-da keçirilən növbədənkənar sessiyasının son iclasında bir sıra mühüm sazişlər, qanun layihələri qəbul edildi və bəzi sənədlərə əlavə və dəyişikliklər olundu.

Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, iclasın gündəliyinə 34 məsələ daxil edilmişdir.

İclasda ilk olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki Apelyasiya məhkəmlərinin hakimlərinin təyin olunması haqqında məsələ  müzakirəyə çıxarıldı. Hakimlərin təyinatı ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Quliyev Vüqar Kərim oğlu Naxçıvan MR Ali Məhkəməsinin hakimi, Bədəlov Kəmaləddin Nurəddin oğlu, Əliyev Toğrul Məhəmməd oğlu, Hüseynov İlqar Kamil oğlu, Xəlilov İsmayıl Kamil oğlu, Qurbanov Raqib Əliddin oğlu, Məmmədov Vidadi Məmməd oğlu, Mustafayev Nurəddin Yusif oğlu, Vəliyeva Elşanə Rafiq qızı, Yusifov Cahangir Afər oğlu Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edildilər. Daha sonra Rzaquliyev Şamil Qəhrəman oğlu Gəncə Apelyasiya Məhkəməsinin, Cəfərov Vidadi Cəfər oğlu, Quliyev Telman Osman oğlu Sumqayıt Apelyasiya Məhkəməsinin, Allahverdiyev Məhərrəm Ələkbər oğlu, Camalov Etibar Əli oğlu, Heydərov Tofiq Xudayar oğlu, Mirzəyev Nüsrət Fətulla oğlu Şirvan Apelyasiya Məhkəməsinin, Hüseynov Elçin Şirin oğlu, Qasımov Vidadi Kamal oğlu, Səlimov Hümbət Qamuna oğlu  Şəki Apelyasiya Məhkəməsinin hakimləri təyin olunmaları ilə bağlı qərar təsdiqləndi.

Sonra "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişklik və əlavə edilməsi ilə bağlı sənəd müzakirəyə çıxarıldı.

Spiker Oqtay Əsədov bildirdi ki, qərara əsasən Azərbaycan-Koreya və Azərbaycan-Kolumbiya parlamentlərarası işçi qrupu yaradılır. Deputat Malik Həsənov Azərbaycan-Koreya və Xanlar Fətiyev isə Azərbaycan-Kolumbiya parlamentlərarası işçi qrupuna rəhbər təsdiq edildilər.

Deputat Qənirə Paşayeva söz alaraq bildirdi ki, son illər  Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa müxtəlif ölkələrdən istər parlamentarilər, istər siyasətçilər qeyri-qanuni səfərlər edir, orada qondarma "seçkilərdə" və müxtəlif tədbirlərdə iştirak edirlər. Onun sözlərinə görə, Azərbaycanda olan xarici ölkələrin səfirlərinə bununla bağlı xəbərdarlıq edilməlidir.

İclasda Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Komitə sədri Əli Hüseynli dedi ki, sənədin ikinci oxunuşu zamanı deputatların irəli sürdükləri bəzi təkliflər nəzərə alınaraq  layihəyə daxil edilib. Deputatlar qanun layihəsini qəbul etdilər, sənədin hüquqi tənzimlənməsi üçün müsbət rəy verdilər. 

Sonra Milli Məclis bir sıra beynəlxalq sənədlərə də münasibət bildirdi. Bunların içərisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin birgə bəyanatının təsdiq edilməsi barədə, eləcə də "Azərbaycan və Qırğız Respublikası hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında", "Azərbaycan və Bolqarıstan hökumətləri arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan və Bolqarıstan hökumətləri arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə, "Ozon qatını dağıdan maddələr haqqında Monreal Protokolu"na 1999-cu il 3 dekabr tarixli Pekin Düzəlişi"nin təsdiq edilməsi haqqında", "Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında" sazişə qoşulmaq barədə, "Azərbaycan Respublikası hökuməti və Hindistan Respublikası hökuməti arasında hava əlaqəsi haqqında" sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası hökuməti və Makedoniya Respublikası hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında" sazişdə dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikası hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Protokolun təsdiq edilməsi haqqında" qanun layihələri təsdiq olundu.

İclasda "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi də müzakirə edildi.  Sənədlə bağlı Milli Məclisin komitə sədri Əli Hüseynli məlumat verdi. Onun sözlərinə görə, indiyədək ölkəmizdə ədliyyə sahəsinin fəaliyyəti ilə bağlı medal və ordenlər olmayıb. Bu sənədin qəbulundan sonra müstəqil Azərbaycanın orden və medalları sırasına daha bir medal əlavə olunacaq. Qanun layihəsi müzakirə aparılmadan qəbul edildi.

İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə də məlumat verən Əli Hüseynli qeyd etdi ki, dəyişikliyə əsasən dəmir yolu və metropolitendən istifadə qaydalarını pozan şəxslər cərimələnəcəklər. Metronun hərəkətinə mane olan, həmçinin hərəkət zamanı vaqonun qapılarını açmağa cəhd göstərən şəxslər 50 manat məbləğində cərimə olunacaqlar. Dəmir yoluna hər hansısa bir əşya atılmasına görə isə 30 manat cərimə nəzərdə tutulub. Dəyişiklik səsə qoyularaq qəbul edildi.

İnzibati Xətalar Məcəlləsinə "Sağlamlıq əleyhinə olan inzibati xətalar" adlı fəsil də əlavə edilib. Dəyişikliklə bağlı məlumat verən Əli Hüseynli diqqətə çatdırdı ki, Məcəlləyə əlavə edilmiş digər maddə isə "Döymə" adlanır. Döyməyə görə İnzibati Xətalar Məcəlləsində 500 manatdan 1000 manatadək cərimə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbsin tətbiqi müəyyənləşdirilib. "Döymə" Cinayət Məcəlləsindən çıxarılaraq İnzibati Xətalar Məcəlləsinə daxil edilib. Əli Hüseynlinin sözlərinə görə, bu dəyişikliklər Cinayət Məcəlləsini BMT-nin işgəncələrə qarşı mübarizə konvensiyasına uyğunlaşdırılmasına yönəlib. Cinayət Məcəlləsinə edilən digər dəyişiklik isə kompyuter şəbəkəsinə qanunsuz müdaxilə və orada olan məlumatların saxtalaşdırılmasına qarşı cərimələrin tətbiqi ilə bağlıdır. Müzakirələrdə iştirak edən deputatlar Zahid Oruc, İlyas İsmayılov, Rafael Cəbrayılov, Qüdrət Həsənquliyev və Siyavuş Novruzov dəyişikliklə bağlı öz fikir və təkliflərini səsləndirdilər və sənəd səsverməyə çıxarılaraq qəbul olundu. İclasda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun layihəsinə də dəyişiklik edildi. Komitə sədri Əli Hüseynli dedi ki, bu dəyişiklik vətəndaşların daşınmaz əmlakla bağlı dövlət reyestrində apardığı sənədləşmə işlərini yüngülləşdirəcək.

İclasda həmçinin "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul edildi və "Yol hərəkəti haqqında" qanunda dəyişiklik olundu.

 "İctimai televiziya və radio yayımı haqqında" qanuna dəyişkliklər edilməsi barədə qanun layhəsi ilə bağlı parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verdi. Komitə sədri dedi ki, qanuna 11 dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən, ictimai yayım proqramlarından "seriallar" sözü çıxarılır. Yeni varianta əsasən dünya ölkələrinin ən yaxşı sənədli, bədii və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və Azərbaycan dilində subtitrlərlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır. Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində subtitrlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir. Qanuna edilmiş digər əlavəyə əsasən İctimai Televiziyanın Yayım Şurasının səlahiyyətləri də artırılır. Şuraya texniki avadanlıqlarını və yayımın keyfiyyət standartlarını müəyyənləşdirmək səlahiyyəti verilir. Qanun layihəsinə dəyişikliklər səsə qoyularaq qəbul edildi.

Sonra Milli Məclis "Həmkarlar İttifaqları haqqında" qanuna edilən dəyişikliyi qəbul etdi. Dəyişikliklər barədə məlumat verən parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, təklif olunan dəyişiklik əsasən mülkiyyət formasından asılı olmayaraq işə götürən işçilərin əməkhaqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsi ilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına keçirilməsini nəzərdə tutur.

Müzakirələr zamanı çıxış edən deputat Muxtar Babayev bu vaxtın uzadılmasını istəyib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev isə ona etiraz etdi. Onun fikrincə, 4 gün ərzində köçürmə beynəlxalq standartlara uyğundur. Sənəd səsverməyə çıxarılaraq qəbul olundu.

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında isə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Z.Səmədzadə diqqətə çatdırdı ki, dəyişiklikdə üzərinə nəzarət markası yapışdırılmalı olan malların siyahısı müəyyənləşdirilib. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən isə markasız malları yayan şəxslər cərimələnəcək və həmin mallar müsadirə ediləcək.

Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə isə vergi orqanlarının hüquqlarını genişləndirən əlavə müddəalar salınıb. Müddəalara əsasən, vergi orqanlarının əməkdaşları operativ vergi nəzarəti zamanı kağız və elektron daşıyıcılarında dini təyinatlı ədəbiyyat, audio və viedo materiallar, mal və məmulatlar, həmçinin dini məzmunlu başqa məlumat materialların nəzarət markası ilə markalanmadan yayılması faktlarının aşkarlanması məqsədi ilə yoxlamalar keçirə biləcəklər. Sonda isə iclasda Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarıldı və sənədə redaktə xarakterli dəyişiklik edilərək qəbul olundu.

Gündəlikdə olan 34 məsələnin müzakirəsindən sonra Milli Məclisin Sədri Oqtay Əsədov növbədənkəran sessiyanın başa çatdığını elan etdi. Dövlət himni səsləndi və bununla da, parlamentin yaz sessiyası başa çatdı. 

 

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video