30 Aprel 2021 19:38
997
PARLAMENT
A- A+

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iki qanun layihəsi müzakirə olunub  

 

Aprelin 30-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitənin sədri Tahir Mirkişili Azərbaycan Prezidenti İlham Əliyevin Altıncı çağırış Milli Məclisin ilk iclasında söylədiyi proqram xarakterli nitqində parlamentə verdiyi tövsiyələrin Azərbaycan parlamentinin ötən dövrdəki fəaliyyətində rəhbər tutulduğunu bildirib.

Komitə sədri qeyd edib ki, bu gün birinci oxunuşda komitənin müzakirəsinə çıxarılan Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlarda dəyişiklik edilməsi barədə iki qanun layihəsi də dövlət başçımızın müəyyənləşdirdiyi hədəflərə uyğun hazırlanıb.

Qanun layihələri Konstitusiya Məhkəməsi Plenumundan Milli Məclisə daxil olan tövsiyələr əsasında parlamentin sədri Sahibə Qafarovanın tapşırığı ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən yaradılmış işçi qrupun fəaliyyəti nəticəsində ərsəyə gətirilib. İrəli sürülən dəyişikliklərdə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı mülkiyyət hüququnun rəsmiləşdirilməsinin və əldə edilmiş əmlakın satışı zamanı əsas borc həcmində dövriyyənin vergidən azad olunmasının qanunvericiliklə dəqiq tənzimlənməsi nəzərdə tutulub.

İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, deputatlar Mahir Abbaszadə, Vahid Əhmədov, Elnur Allahverdiyev, Aydın Hüseynov, Rüfət Quliyev, Nurlan Həsənov, Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Mərkəzi Bankın baş direktoru Rəşad Orucov və parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış ediblər. Natiqlər təqdim olunan qanun layihələrinin hüquqi boşluqları aradan qaldırmaq və qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıdığını qeyd ediblər.

Tədbirdə qanun layihələri ətraflı müzakirə olunub, nəzərdə tutulan dəyişikliklərə müsbət münasibət bildirilib və deputatlar hər iki qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Məzahir Əfəndiyev, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Mərkəzi Bankın Hüquq Departamentinin direktoru Rəna Məlikova, Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərov, Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin Vergi və gömrük siyasəti sektorunun müdiri Şaban Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video