22 Yanvar 2021 23:18
1101
PARLAMENT
A- A+

Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib

 

Yanvarın 22-də Milli Məclisin gənclər və idman komitəsi yaz sessiyasında ilk iclasını keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlayn iclasda Milli Məclis sədrinin müavini, gənclər və idman komitəsinin sədri Adil Əliyev əvvəlcə Vətən müharibəsində qazanılmış Qələbə münasibətilə deputatları bir daha təbrik edib. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazıb, uzun illər işğal altında olan ərazilərimiz azad edilib. Uzun illər aparılan uğurlu siyasətin məntiqi nəticəsi olan bu Qələbənin memarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Tarix bir daha göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır, onun güclü iradəsi var. Xalqımız mərhəmətli olduğu qədər, düşmənə zərbə vuracaq dəmir yumruğa da malikdir.

Vitse-spiker qeyd edib ki, 44 günlük Vətən müharibəsində Milli Məclis çox böyük işlər görüb, bütün deputatlar birlik nümayiş etdirərək Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib və bütün sahələrdə, mətbuatda, telekanallarda Azərbaycanın haqq sözünü dünya birliyinə və ictimaiyyətə çatdırıb.

Sonra Adil Əliyev yeni sessiyanın başlanması münasibətilə həmkarlarını təbrik edib, qanunvericilik fəaliyyətində parlamentə uğurlar arzulayıb.

Gündəlikdəki birinci məsələ – 2020-ci ilin payız sessiyası ərzində komitədə görülmüş işlər barədə hesabat rəngli şəkillərlə müşayiət olunan jurnal şəklində tərtib edilərək deputatlara təqdim olunmuşdu. Vitse-spiker bildirib ki, Milli Məclis bütövlükdə 2020-ci ili uğurla başa vurub. Hesabat dövründə gənclər və idman komitəsində 7 iclas keçirilib, 9 məsələyə baxılıb, müzakirə olunan qanun layihələri plenar iclasa tövsiyə edilib.

Payız sessiyasında gənclər və idman komitəsinə vətəndaşlardan, idarə və təşkilatlardan 201 məktub, müraciət və sənəd daxil olub, aidiyyəti üzrə baxılması üçün komitə tərəfindən müxtəlif qurumlara 92 məktub göndərilib.

Sessiya müddətində 1545 nəfərin elektron müraciəti qeydə alınıb ki, bunlardan 1248 müraciət “Facebook” və digər sosial şəbəkələr, 174 müraciət isə “WhatsApp” mobil tətbiqi vasitəsilə daxil olub. 1512 məsələ öz həllini tapıb. Həmçinin komitəyə daxil olan 216 şifahi müraciətin 162-si həll olunub.

Bildirilib ki, komitə üzvləri ölkənin ictimai-siyasi həyatında aktiv iştirak ediblər, seçicilərin qayğılarına həssaslıq göstəriblər. Ötən ilin ikinci yarısında vitse-spiker, komitə sədri Adil Əliyev tərəfindən qəbul günlərində və fərdi qaydada olmaqla 635 vətəndaş qəbul edilib ki, onlardan 472 nəfəri Nərimanov rayonundakı seçicilər, 130-u digər rayon və şəhərlərdən gələnlər olub. Qəbullarda səslənən müraciətlər üzrə müvafiq tədbirlər görülüb. Vətəndaş müraciətləri əsasən iş və məşğulluq, sağlamlıq, məişət problemləri, abadlıq işləri, kredit, sosial təqaüdlər və sair ilə bağlı olub.

İclasda qeyd olunub ki, hesabat dövründə komitədə çoxsaylı tədbirlər keçirilib. Xüsusilə Ermənistanın Azərbaycana növbəti təxribatçı hücumu nəticəsində başlanan əks-hücum əməliyyatı zamanı, Vətən müharibəsi günlərində Azərbaycanda fəaliyyət göstərən 51 siyasi partiyanın Ermənistanın təcavüzü ilə bağlı vahid bəyanatı Parlamentlərarası İttifaqa təqdim edilib, işğal olunmuş ərazilərdəki məscidlərimizdə ermənilərin yaratdığı təhqiramiz vəziyyəti əks etdirən foto və videomateriallar göndərilib, İran, Moldova, Qazaxıstan və Türkiyə nümayəndə heyətləri ilə görüşlər, həmçinin ölkə daxilində müxtəlif qurumlarla görüşlər keçirilib, 44 günlük müharibə dövründə dünyanın 6 ölkəsində 40-dan çox media qurumunda türk, ingilis, rus, alman və ərəb dillərində məqalələr çap etdirilərək gerçək vəziyyət şərh olunub, Türkiyə KİV-lərinə müsahibələr verilib, Azərbaycan mətbuatında fəal çıxışlar edilib.

Komitə üzvləri şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşıblar. Bu qəbildən olan ailələrlə görüşlər keçirilib, onlara yardımlar olunub. Qazilərlə, ordudakı hərbçilərlə görüşlər onlara böyük mənəvi dəstək verib.

İclasda komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planına da baxılıb. Qeyd edilib ki, yuxarı instansiyalardan Milli Məclisə daxil olacaq qanun layihələri, bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələlərlə yanaşı komitədə “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin, eləcə də “Ali təhsil haqqında” qanun layihəsində gənclərlə bağlı müddəaların müzakirəsi nəzərdə tutulub. İş planında, həmçinin ölkə əhəmiyyətli ictimai-siyasi hadisələrlə əlaqədar müxtəlif səpkili tədbirlərin təşkilinə də geniş yer ayrılıb.

Müzakirələrdə iştirak edənlər vətənpərvər Azərbaycan gənclərinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə böyük hünər göstərərək döyüş meydanında Qələbə çaldıqlarını bildiriblər.

Gündəlikdəki məsələlərə dair rəy və təkliflərini bildirən komitə sədrinin müavini Şahin İsmayılov, deputatlar Müşfiq Cəfərov, Jalə Əhmədova, Könül Nurullayeva, Ülvi Quliyev, Şahin Seyidzadə, Cavid Osmanov, Sevinc Hüseynova, Mahir Abbaszadə komitənin payız sessiyasındakı fəaliyyətini yüksək qiymətləndiriblər. Hesabatın dolğun və təqdirəlayiq şəkildə tərtib olunduğu qeyd edilib. Yaz sessiyasına dair iş planının çox əhatəli olduğu və günün aktual məsələlərini əhatə etdiyi vurğulanıb. Yeni çağırışlarla bağlı qanunvericiliyin zənginləşdirilməsi, bir sıra tədbirlərin təşkili, əsasən də gənclərlə bağlı müxtəlif təkliflər səslənib.

Geniş müzakirələrin yekununda hesabat məqbul sayılıb. Təkliflər nəzərə alınmaq şərtilə yaz sessiyasının iş planı təsdiqlənib.

İclasda deputatlar Elnur Allahverdiyev, Etibar Əliyev, Vüqar İskəndərov, Eldəniz Səlimov, Milli Məclis Aparatının iqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov da iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video