08 Oktyabr 2013 02:10
277
PARLAMENT
A- A+

Milli Məclisin deputatları Avropa Parlamentində Azərbaycana qarşı təxribata etirazlarını bildirmişlər

 

Oktyabrın 7-də Milli Məclisin deputatları Asim Mollazadə, Fuad Muradov və Çingiz Əsədullayev mətbuat konfransı keçirmişlər.

AzərTAc xəbər verir ki, deputatlar əvvəlcə oktyabrın 2-dən 5-dək Belçikanın paytaxtı Brüsseldə "Azərbaycanda insan hüquqları: prezident seçkiləri ərəfəsində ifadə və sərbəst toplaşmaq azadlığı" mövzusunda keçirilən "dəyirmi masa"da iştirakları barədə məlumat vermişlər. Bildirilmişdir ki, səfər çərçivəsində bir sıra görüşlər keçirilmiş, Azərbaycan və Avropa ölkələrinin parlamentləri arasında əməkdaşlıq məsələləri və bu istiqamətdə qarşıda duran vəzifələr barədə müzakirələr aparılmışdır.

Oktyabrın 3-də Brüsseldə Avropa Parlamentində keçirilmiş "Azərbaycanda prezident seçkiləri: Odlar yurdu üçün hansı gələcək?" adlı seminar barədə də məlumat verən F.Muradov demişdir: "Proqram ilə tanış olarkən Azərbaycanın əleyhinə, respublikamızın ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükəli məqamlarla rastlaşdıq. Tədbirə mövzu ilə heç bir əlaqəsi olmayan müxtəlif təşkilatların nümayəndələri toplaşmışdılar. Seminar separatizm və bəzi separatçı təşkilatların Azərbaycanda etnik ayrı-seçkiliklə bağlı qərəzli çıxışları üzərində qurulmuşdu. Biz seminarın məqsədindən uzaq müzakirələr keçirilməsinə etirazımızı bildirdik və Azərbaycana qarşı iddiaların əsassız olduğunu diqqətə çatdırdıq".

Seminarda çıxış üçün qeyri-bərabər imkanların yaradıldığını vurğulayan A.Mollazadə bildirmişdir ki, Azərbaycanın Avropa qurumları ilə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi bir dövrdə bu cür tədbirin təşkili heç də təsadüfi deyildir. Avropa İttifaqı ilə əlaqələr əməkdaşlıqdan strateji tərəfdaşlığa keçmişdir. Eyni zamanda, bu yaxınlarda Vilnüs şəhərində Azərbaycanın da iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının zirvə toplantısı keçiriləcək, müvafiq sənədlər imzalanacaqdır. Belə bir vaxtda etnik separatizmi qızışdırmaq niyyəti güdən bu seminar Azərbaycanı Avropaya inteqrasiya yolundan döndərmək cəhdindən başqa bir şey deyildir.

A.Mollazadə vurğulamışdır ki, Azərbaycanın Avropaya inteqrasiyasını istəməyən qüvvələrin təşkil etdiyi seminarda iftiralara qarşı tutarlı arqumentlər qoyulmuş, respublikamızın iqtisadi inkişafı, mədəniyyətlərarası dialoq mərkəzi kimi tanınması, ölkəmizdə yaşayan milli azlıqların, dinlərin bərabər hüquqa malik olmaları, nadir tolerantlıq mühiti barədə məlumat verilmişdir.

A.Mollazadə demişdir: "Mənə verilən qısa vaxt ərzində Xocalı soyqırımından da danışaraq "Xocalıya ədalət" kampaniyasını xatırlatdım. Soruşdum ki, bəs öldürülən günahsız uşaq və qadınların haqları nə vaxt müzakirəyə çıxarılacaq? Nə üçün indiyədək Ermənistanı işğalçı dövlət kimi tanımırsınız? Təbii ki, sualıma cavab ala bilmədim.

Seminar barədə fikirlərini bölüşən Ç.Əsədullayev isə tədbirdə səsləndirilən hesabat və çıxışların heç bir reallığa əsaslanmadığını, açıq-aşkar qərəzli xarakter daşıdığını qeyd etmişdir.

Deputatlar dünya azərbaycanlılarına da çağırış edərək bu cür hadisələrə qarşı həssas olmalarını istəmişlər.

Sonda jurnalistlərin sualları cavablandırılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video