08 Mart 2012 04:03
524
PARLAMENT
A- A+

Milli Məclisdə ombudsmanın illik məruzəsi dinlənilmişdir

 

Martın 7-də Milli Məclisin növbəti iclası keçirilmişdir. 

AzərTAc xəbər verir ki, iclasda əvvəlcə cari məsələlərə baxılmışdır.

Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanılmış, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi dinlənilmişdir.

Ombudsman Elmira Süleymanova bildirmişdir ki, məruzənin əsas məqsədi ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi vəziyyətinin qiymətləndirilməsi, 2011-ci ildə insan hüquqları ilə bağlı vacib problemlərin təhlili, pozulmuş insan hüquqlarının bərpası, müdafiəsi, habelə profilaktikası ilə bağlı görülmüş işlər barədə məlumat verməkdir.

Məruzə ərizələrə, təkliflərə və şikayətlərə, müvəkkil və aparatın əməkdaşları tərəfindən cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində, hərbi hissələrdə və s. obyektlərdə baxışlar zamanı aşkar edilmiş müxtəlif hallara dövlət orqanlarının və vəzifəli şəxslərin münasibətlərinə və kütləvi informasiya vasitələrində verilmiş məlumatların ümumiləşdirilmiş təhlilinə əsasən hazırlanmışdır.

Məruzədə deyilir ki, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin, insan hüquq və azadlıqlarının təmin edilməsi nəticəsində ölkəmizdə məşğulluğun səviyyəsi artmış, ötən il 94 min yeni iş yeri açılmış, işsizliyin səviyyəsi 5,4 faizə qədər azalmışdır. Yoxsulluq həddi 2011-ci ildə 106,9 manata çatdırılmış, yoxsulluq səviyyəsi isə 7,6 faizə enmişdir.

"Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci olmuşdur.

Ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, "Evrovision" mahnı müsabiqəsində birinci yeri tutması, Dünya Mədəniyyətlərarası Dialoq Forumunun və Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzu baxımından böyük əhəmiyyət daşımışdır.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması əhalinin rifahının layiqli səviyyəyə çatdırılmasında, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasında xüsusi əhəmiyyət kəsb edəcəkdir.

Bildirilmişdir ki, cari ildə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının yaranmasının 10 ili tamam olur. Bu müddət ərzində müvəkkil dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalarla, habelə beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq etmişdir.

Diqqətə çatdırılmışdır ki, hesabat dövründə müvəkkilin təşəbbüsü ilə insan hüquqlarının müdafiəsinə və təşviqinə həsr edilmiş bir sıra tədbirlər həyata keçirilmişdir.

"Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nda nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə müvəkkil ötən il ölkənin müxtəlif şəhər və rayonunda yerli icra hakimiyyəti, prokurorluq, polis, bələdiyyə orqanları, qeyri-hökumət təşkilatları, dairə seçki komissiyaları və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr təşkil etmişdir.

Ötən il ombudsmanın ünvanına 12680 müraciət daxil olmuşdur.

Müvəkkil Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq onları araşdırmış və müvafiq qərarlar qəbul etmişdir.

Müvəkkilin 2011-ci ildə beynəlxalq sahədə səmərəli fəaliyyəti təsisatın beynəlxalq nüfuzunu daha da artırmışdır. Müvəkkil həm beynəlxalq təşkilatlarla, həm də institusional üzv kimi Beynəlxalq Ombudsmanlar Assosiasiyası ilə ikitərəfli əlaqələr qurmuşdur. Ombudsman və aparatın əməkdaşları beynəlxalq tədbirlərin iştirakçılarının diqqətini Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq Azərbaycana qarşı davam edən, insan hüquqlarının kütləvi və ən ağır şəkildə pozulması ilə nəticələnən, terror və etnik təmizləmə ilə müşayiət olunan təcavüzünə yönəltmişdir. Ermənilərin bütün dünyanın gözü qarşısında Xocalı soyqırımını törətdiyini, ölkəmizin maddi-mədəni sərvətlərini talayaraq kütləvi şəkildə məhv etməkdə davam etdiyini onların diqqətinə çatdırmışdır. Onları Azərbaycanın haqq işini müdafiə etməyə, ölkənin ərazi bütövlüyünün bərpa olunmasına, bir milyona yaxın qaçqın və məcburi köçkünün öz yurdlarına qaytarılmasına və insan hüquqlarının təmin olunmasına dəstək verməyə çağırmışdır.

Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Müzakirələrin sonunda hesabat nəzərə alınmışdır.

Axşam iclasında "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun üçüncü oxunuşda qəbul olunmuş, "Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun qəbul edilmişdir.

Deputatlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində  və "Narkoloji xidmət və nəzarət haqqında" qanuna da dəyişikliklər etmişlər.   

Bundan başqa, iclasda Azərbaycan və Litva respublikaları hökumətləri arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi, Azərbaycan və Rusiya Federasiyası  arasında  Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması, Azərbaycan və ABŞ hökumətləri arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər, Azərbaycan və İsrail arasında gömrük işi sahəsində qarşılıqlı yardım, Azərbaycan və Bolqarıstan arasında məxfi informasiyaların qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında" Sazişin təsdiq edilməsi və Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında beynəlxalq sazişləri də təsdiq olunmuşdur.

Bununla da iclas öz işini başa çatdırmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video