17 Iyul 2021 18:02
1203
SİYASƏT
A- A+

Milli Məclis sədrinin müavini: Şəhid ailələri və qazilərimiz hər zaman dövlətimizin diqqət mərkəzindədir

 

2020-ci il Azərbaycan tarixinə şanlı Qələbə ili kimi daxil oldu. Biz uzun illər həsrət qaldığımız Qələbəyə, Qarabağ torpaqlarına dövlətimizin başçısının möhkəm iradəsi, xalqımızın birliyi, qəhrəmanlarımızın şücaəti sayəsində nail olduq.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşməndən birdəfəlik azad etdi. Bununla da ölkəmizin ərazi bütövlüyü bərpa olundu, insanlar uzun müddət həsrət qaldıqları dədə-baba torpaqlarına qovuşdular. Döyüş meydanında qazanılmış uğurlar düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Düşmən üzərində qazanılmış tarixi Qələbənin qəhrəmanlarının göstərdiyi şücaət isə xalqımızın qəlbində hər zaman yüksək yer tutacaqdır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.

A.Əliyev qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsinin şəhidlərinin ailə üzvləri, eləcə də qazilərimizin sağlamlıqlarının bərpası hər zaman dövlətimizin başçısının diqqət mərkəzindədir.

Eyni zamanda, dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən şəhid ailələrinin və qazilərin problemlərinin həlli, habelə onlara zəruri köməyin göstərilməsi məqsədilə “YAŞAT” Fondu təsis edildi. “Qələbə yaşadanları, Siz də yaşadın” adı altında başlamış xeyriyyə marafonuna hər kəs qoşuldu və bu marafon bu gün çox böyük uğurla davam etdirilir. Vətən müharibəsinin qaziləri müalicələrini davam etdirmək məqsədilə Fond tərəfindən Türkiyəyə göndərilir, habelə onların müayinə və müalicələri ölkəmizdə uğurla davam etdirilir. Müalicə üçün göndərilən hərbi qulluqçularımızın sağalaraq ölkəmizə geri qayıtması hamımızı sevindirir.

“Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə bu şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onların 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi tapşırılıb.

2021-ci il 14 iyul tarixində Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin növbəti təqdim olunması mərasimi keçirildi. Şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi 810 mənzildən ibarətdir. Eyni zamanda kompleksdə 620 nəfərlik məktəb və uşaq bağçası var.

Habelə şəhid ailələrinin və qazilərin sosial-təminatlarının yaxşılaşdırılması məqsədilə bütün sahələrdə geniş işlər aparılır. Şəhid ailələri və qazilərin qayğıları hər zaman dövlət üçün prioritet məsələ olmuş, onların çətinliklərinin həlli daim ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olmuşdur. Bu sahədə dövlət orqanlarıyla yanaşı olaraq, Heydər Əliyev Fondu da geniş və səmərəli işlər görür. Belə ki, Fond tərəfindən qazilərin protez ortopedik vasitələrlə təmin edilməsi, şəhid və qazi övladlarının qayğılarının həlli, onlarla mütəmadi olaraq əlaqələri qurulması və s. bu sahədə aparılan işə öz müstəsna təsirini verir. Vətən müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır”, - deyə A.Əliyev bildirib.

O qeyd edib ki, təkcə bir məsələni xatırlatmaq yerinə düşər - Vətən müharibəsində qəhrəmanlarımız misilsiz şücaət göstərərək uzun illər Ermənistanın “məğlubedilməzliyi” mifini tarixin ən qaranlıq səhnəsinə göndərdilər.

Eyni zamanda, Vətən müharibəsində, habelə Şuşa döyüşləri zamanı qəhrəmanlarımızın göstərdiyi misilsiz şücaət, uğurlu əməliyyatların qısa müddət ərzinə böyük sürətlə davam etməsi hamımızı sevindirdi. Vətən müharibəsində göstərilmiş misilsiz qəhrəmanlıq artıq dünya hərb məktəbində önəmli yerlərdən birini tutmaqdadır, müxtəlif hərbi təhsil müəssisələrində qəhrəmanlarımızın şücaəti, rəşadətli Ordumuzun tətbiq etdiyi taktiki təlimlər, döyüş meydanında istifadə olunan müasir silahlarla bağlı təcrübə tədris edilir.

Təbii ki, dövlətin də əsas borcu, ilk növbədə, bu Qələbəni ona bəxş edən qəhrəmanların, habelə onların yadigarlarının, Qələbədə payı olan hər kəsin mükafatlandırılmasıdır.

Milli Məclis sədrinin müavini qeyd edib ki, ölkəmizdə bu sahədə görülən tədbirlərdən biri də bütün yerli icra hakimiyyəti orqanlarında şəhid ailələri və qazilərlə iş üzrə müvafiq struktur bölmənin yaradılması oldu. Yerli icra hakimiyyətlərində yeni yaradılmış bu şöbələrin əsas funksiyası şəhid ailələri və qazilərin müraciətlərinin dərhal icraata qəbul edilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması və nəticələri barədə məlumatların verilməsini təşkil edir. Bu şöbələr yaradıldıqdan sonra onların işçilərinin böyük əksəriyyəti müharibə iştirakçılarının arasından seçildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video