18 May 2019 01:36
2119
PARLAMENT
A- A+

Milli Məclis hər zaman Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətə dəstək olub


Azərbaycana qarşı istənilən qarayaxma kampaniyasına adekvat cavab veriləcək


Spiker Oqtay Əsədovun sədrliyi ilə dünən keçirilən Milli Məclisin iclası "Standartlaşdırma haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi ilə işinə başladı.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə sənədlə bağlı məlumat verərək bildirdi ki, yeni qanun 5 fəsil və 26 maddədən ibarətdir. Qanun standartlaşdırmanın məqsəd və prinsiplərini, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqini, bu sahədə fəaliyyətin maliyyələşdirilməsi mənbələri və digər məsələləri müəyyən edir.

İkinci oxunuş zamanı deputatlar layihə ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Komitənin iclasında sənədə bir neçə texniki düzəliş edilib. Komitə sədri qanun layihəsinin iqtisadiyyatın innovasiyalı inkişafı üçün yeni imkanlar açacağını və beynəlxalq əməkdaşlığın daha da dərinləşməsinə öz töhfəsini verəcəyini vurğuladı. Sənəd səsverməyə çıxarılaraq qəbul olundu.

Deputatlar Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsini də üçüncü oxunuşda təsdiqlədilər.

"Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə edilən dəyişiklik isə sənədin Mülki Məcəlləyə və "Müflisləşmə və iflas haqqında” qanuna uyğunlaşdırılması məqsədi daşıyırdı.

Deputatlar dəyişikliyə müsbət münasibət bildirdilər.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov "Yeyinti məhsulları haqqında” və "Baytarlıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verərək bildirdi ki, dəyişikliyə əsasən yeyinti məhsulları sahəsində yeni dövlət rüsumu müəyyənləşdirilir. Qida təhlükəsiziyi sertifikatının verilməsinə və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına (reyestrdən çıxarışın verilməsinə, çıxarışın dublikatının verilməsinə və reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq dəyişikliklərin edilməsinə) görə "Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.

"Baytarlıq haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, baytarlıq şəhadətnaməsinin, sertifikatının, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ətin, heyvan və quş cəmdəklərinin üzərinə nişan qoyulmasına görə "Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövət rüsumu tutulacaq. Sənədlər səsverməyə çıxarılaraq qəbul edildi.

İclasda "Toxumçuluq haqqında”, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, "Torpaq icarəsi haqqında” və "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlər də təsdiqləndi.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək son zamanlar Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının səbəbləri barədə danışdı. Onun sözlərinə görə, bəzi xarici dairələr Azərbaycanda keçirilən islahatlara qarşı ədalətsiz şəkildə qarayaxma kampaniyası aparır, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlara təzyiq göstərməyə çalışırlar. Onlar həmin dairələrdir ki, indi də idmanı siyasətə qatırlar: "Ölkəmizin ərazi bütövlüyü ilə bağlı Brüsseldə aparılan danışıqlarda Azərbaycana təzyiqlər olur. İdman oyununu da siyasətə qatırlar. Böyük Britaniyanın ən böyük şirkəti Azərbaycanda onillərdir işləyir. Bəs necə olur ki, Azərbaycanda neft çıxaranda təhlükəli deyildi, "Arsenal” komandası gələndə təhlükəli olur? Niyə Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsi olduğu halda belə ədalətsiz fikirlər səsləndirirlər? Deyirlər ki, Azərbaycanın hava məkanında yük daşınmasında problemlər var. Azərbaycan üzərindən NATO-nun yükləri Əfqanıstana daşınanda problem olmur, ancaq iki ingilis komandası Bakıya gələndə guya təyyarə reyslərinin gediş-gəlişi vaxtında olmayacaq, hava yolunda problem yaranacaq?!”

Siyavuş Novruzovun fikrincə, "sapı özümüzdən olan baltalar”ın hərəsinə erməni lobbisi tərəfindən "5” manat verilərək Azərbaycanın həyata keçirdiyi işlərə, iqtisadi islahatlara kölgə salmağa çalışırlar. Ancaq postsovet məkanında Avropa İttifaqı ilə Azərbaycan qədər əməkdaşlıq edən ikinci ölkə yoxdur. Azərbaycanın inkişafını həzm edə bilməyən qüvvələr hər zaman belə çirkinliklərə əl atıblar: "Onlar bu qədər görülən işləri kənara qoyub, qarayaxma kampaniyası aparmağa başlayırlar. Xaricdə olan bəzi azərbaycanlılar ermənilərlə eyni sırada fəaliyyət göstərirlər. Düyməni eyni yerdən basırlar. Bütün Azərbaycan cəmiyyəti Prezidentin siyasətini dəstəkləyir. Biz ölkəmizə qarşı çirkin kampaniya aparan şəxslərə cavab verməliyik. Onlar bizi hədələməklə öz maraqlarını həyata keçirə bilməyəcəklər”.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov həmkarının fikirlərinə dəstək verərək dedi ki, bu kampaniyalar zaman-zaman həyata keçirilib. Azərbaycanda 2012-ci ildə "Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları keçirilərkən də eyni ssenari olub: "Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr çoxdur. Onlar hər vəchlə çalışırlar ki, hər hansı yarışma zamanı ölkəmizə qara yaxsınlar. Sözsüz ki, bunun cavabı verilməlidir. Əslində Azərbaycan öz inkişafı ilə onlara cavab verir. Bundan sonra da belə olacaq. Bu cür qarayaxma kampaniyaları bundan sonra da təkrarlanacaq. Kimin orada nə deməyindən asılı olmayaraq, karvan öz yolundadır. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə qurulub. Biz Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik”. Narahatlığa heç bir əsasın olmadığını deyən birinci vitse-spiker vurğuladı ki, hansı hücumlar olacaqsa, adekvat cavab veriləcək: "Böyük Britaniya Xarici İşlər Nazirliyi bir söz deyir, Azərbaycandakı səfirlik isə başqa söz. Bu necə ola bilər? Belə olan halda bunlara nə deyəsən? Bütün bunların səbəblərindən biri də odur ki, beynəlxalq hüquq işləmir, işləsəydi, hamı yerində olsaydı, bu biabırçılıqlar baş verməzdi. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 4 qətnamə qəbul olunub. Amma icra olunmur. Buna baxmayaraq istədikləri məsələni bir saatın içində həll edirlər. Özü də bu, mürəkkəbi qurumamış baş verir. Bunlar açıq şəkildə deyə bilmirlər ki, Azərbaycan, sənin inkişafını istəmirik, müsəlmansan, inkişaf edə bilməzsən. Ona görə də hamımız çəkici bir yenə vurmalıyıq”.

Sonra iclasda "Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi haqqında layihə barədə komitə sədri Ziyad Səmədzadə məlumat verdi. Bu layihə "Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanuna uyğunlaşdırmaq məqsədilə hazırlanıb. Qeyd olunan qanuna əsasən dövlət büdcəsi zərfinə daxil olan sənədlərin və məlumatların dairəsinin genişləndirilməsi nəzərdə tutulur ki, bu məlumatlardan biri də Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar barədədir. Bu isə azadolma və güzəştlərin həcmi, effektliyi, onun məbləği barədə qiymətləndirmələrə imkan verəcək. Eyni zamanda 8.0.13-cü maddənin ləğvi nəzərdə tutulur ki, nəticədə Hesablama Palatasının inzibati xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh tətbiq etmək hüququ aradan qaldırılır. Sənəd səsverməyə çıxarılaraq qəbul edildi.

"Dövlət rüsumu haqqında” və "Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) geniş müzakirəyə səbəb oldu. Çünki bu dəyişikliklərə əsasən, təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün dövlət rüsumu tutulacaq. Dövlət rüsumunun məbləğləri təhsil müəssisələrinin statusundan və səviyyələrindən asılı olaraq fərqləndirilib. Məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 3000, ümumi təhsil müəssisələri üçün 5000, məktəbdənkənar təhsil müəssisələri üçün 7000, peşə təhsili müəssisələri üçün 10 000, orta ixtisas müəssisələri üçün 15 000, ali təhsil müəssisələri üçün 20 000, əlavə təhsil müəssisələri üçün 15 000, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 15 000 manat müəyyən edilib.

Deputatlar ümumtəhsil müəssisələrinin akkreditasiyası ilə bağlı müəyyən edilən dövlət rüsumunun ləğv edilməsini istədilər. Qüdrət Həsənquliyev, Əflatun Amaşov, Asim Mollazadə, Musa Quliyev, Qənirə Paşayeva, Məlahət İbrahimqızı çıxış edərək bildirdilər ki, bu, dövlət siyasətinə və son illərdə həyata keçirilən sosial-iqtisadi islahatlara uyğun deyil. Ona görə də sənədə düzəlişlər edilməlidir.

Deputatların iradlarına münasibət bildirən parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirdi ki, əvvəllər akkreditasiya 5 ildə bir dəfə keçirilib. Komitə sədri təklif edib ki, dövlət deyil, özəl təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi məqsədəuyğun olar: "Deputatların narazılığı rüsumların miqdarı ilə əlaqədardır, akkreditasiyanın keçirilməsi ilə bağlı deyil. Əgər deputatlar rüsumların məbləğindən narazıdırsa, biz qanun layihəsini yenidən Təhsil Nazirliyi ilə birgə müzakirə edib, baxa bilərik”. Sənəd səsverməyə çıxarılaraq qəbul olundu.

"Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən dövlət məktəbəqədər təhsil müəssisələri və ümumtəhsil müəssisələrinə lisenziya verilməsinə görə rüsum alınmayacaq. Qeyd edək ki, hazırda qüvvədə olan qanun layihəsinə görə, məktəbəqədər təhsil müəssisələri lisenziya verilməsinə görə 1250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) isə 10000 manat dövlət rüsumu ödəməlidir. Qanun layihəsinə edilən dəyişiklik qəbul edildi.

İclasda həmçinin Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), "Yol hərəkəti haqqında”, "Milli arxiv fondu haqqında”, "Avtomobil yolları haqqında” və "Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihə də (birinci oxunuş) təsdiqləndi. "İcra haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Banklar haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "İnvestisiya fondları haqqında” və "Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və "Texniki tənzimləmə haqqında” qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edildi və bununla da Milli Məclisin plenar iclası başa çatdı.

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video