09 Yanvar 2020 00:47
3619
SİYASƏT
A- A+

Milli maraqları layiqincə təmin edən siyasət


Prezident İlham Əliyevin ötən il etdiyi xarici səfərlər səmərəli olub


2019-cu il Azərbaycan üçün xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından növbəti uğurlu dövr oldu. Belə ki, ötən il ərzində həyata keçirilən effektiv xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq əlaqələrini daha da möhkəmləndirdi və genişləndirdi.

Həmçinin regional və qlobal miqyasda ölkəmizin milli maraqlarının təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıldı.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ötən il ərzində dünya ölkələrinə etdiyi səfərlərin miqyası Azərbaycanın xarici siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətimizin və xalqımızın maraqlarına layiqincə xidmət etdiyini göstərir. Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə və təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsinə təkan verdi.


İlham Əliyevin Davos səfəri həmişə maraq doğurub


Azərbaycan Prezidentinin ötən il ilk xarici səfəri İsveçrə Konfederasiyasına olub. Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 21-23-də bu ölkəyə işgüzar səfər edən Prezident İlham Əliyev çoxsaylı görüşlər keçirib. İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerlə görüş iki ölkə arasındakı əlaqələrin perspektivi baxımından xüsusi əhəmiyyət kəsb edib. Görüşdə Azərbaycanla İsveçrə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ueli Maurer bildirib ki, İsveçrə iş adamları Azərbaycanda biznes mühiti üçün yaradılan şəraitdən çox razıdırlar. Onlar ölkəmizdə iqtisadi inkişaf və biznes imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradıldığını qeyd edirlər.

Prezident İlham Əliyev Azərbaycanda infrastruktur sahəsində görülən işlərdən danışıb, respublikamızın beynəlxalq daşımalarda çox mühüm tranzit ölkəyə çevrildiyini deyib. Dəmir yolu ilə yüklərin artıq Asiyadan Avropaya Azərbaycan ərazisindən daşınmasına başlandığını qeyd edən Prezident İlham Əliyev İsveçrədə istehsal olunan qatarların Azərbaycanda dəmir yolunun yenilənməsinə və inkişafına töhfə verdiyini vurğulayıb, bu sahədə əməkdaşlığın uğurla davam etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycanla İsveçrə arasında hava əlaqəsinin açılması da əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Görüşdə, həmçinin SOCAR-ın İsveçrəyə investisiya qoymasının əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Cənab İlham Əliyev bildirib ki, Azərbaycan daha çox İsveçrə şirkətinin investor qismində cəlb olunmasında maraqlıdır. Dövlətimizin başçısı İsveçrə şirkətlərinin Azərbaycan ilə fəal əməkdaşlığı gələcəkdə də davam etdirəcəklərinə əminliyini ifadə edib. Prezident Ueli Maurer isə Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün İsveçrə tərəfinin də konkret addımların atılmasında maraqlı olduğunu deyib. Bu baxımdan söhbət zamanı qarşılıqlı ticarətin genişləndirilməsinin vacibliyi qeyd olunub.

Davosda Prezident İlham Əliyev Gürcüstanın ovaxtkı Baş Naziri Mamuka Baxtadze ilə də görüşüb. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Ölkələrimizin həyata keçirdiyi mühüm qlobal layihələrin əhəmiyyəti qeyd edilib, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri arasında qeyri-rəsmi görüş baş tutub. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.

Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, "Visa” şirkətinin prezidenti Rayan MakInerni, BP qrupunun baş icraçı direktoru Robert Dadli, "CISCO” şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri Gerri Elliott, "SAP SE” şirkətinin baş icraçı direktoru Bill MakDermot, Dünya Bankının baş icraçı direktoru Kristalina Georgiyeva, "LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov, Fransanın "Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne, "Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel, "Signify” şirkətinin (keçmiş "Philips Lightning”) baş icraçı direktoru Erik Rondolat, "Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel, "The Boston Consulting Group” şirkətinin prezidenti və baş direktoru Riç Lesser, "Lazard Freres” şirkətinin baş icraçı direktoru Metyu Piqas, "VTB-Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin, "Suez Group” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali, "Equinor” (keçmiş "Statoil”) şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşləri ölkəmizin ikitərəfli əlaqələrinin inkişafı, dünyanın tanınmış şirkətlərinin Azərbaycanla əməkdaşlığı baxımından səmərəli olub.

Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya da keçirilib. Sessiyada iştirak edən İlham Əliyev sualları cavablandırıb, Azərbaycanda gedən inkişaf prosesləri, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərindəki iştirakı və digər məsələlər barədə məlumat verib.

Martın 28-30-da Prezident İlham Əliyev Avstriya Respublikasına səfər edib. Vyanada İlham Əliyev Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurts, Federal Prezidenti Aleksander Van der Bellen və digər rəsmi şəxslərlə görüşüb. Görüşlərdə Azərbaycan-Avstriya münasibətlərinin, o cümlədən siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi, bu səfərin əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Həmçinin Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd edilib. Aparılan danışıqlarda Azərbaycan-Avropa İttifaqı əlaqələrindən də bəhs edilib, Avstriyanın bu münasibətlərin inkişafını dəstəklədiyi ifadə olunub. Bildirilib ki, məhz Avstriyanın sədrliyi dövründə Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri sənədi imzalanıb. Eyni zamanda Avstriya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın vacibliyi vurğulanaraq Avstriya şirkətlərinin Azərbaycanın regionda yaratdığı nəqliyyat infrastrukturundan faydalana biləcəyi bildirilib.

Martın 29-da Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Təkbətək görüşdən sonra danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.


Azərbaycan Avrasiyada əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir


Prezident İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci "Bir kəmər, bir yol” Beynəlxalq Forumunda iştirak etmək üçün aprelin 24-27-də Pekində işgüzar səfərdə olub. Məlumdur ki, 2013-cü ildə ÇXR Sədri Si Cinpin tərəfindən "Bir kəmər, bir yol” təşəbbüsü irəli sürülüb. Tarixi İpək yolunu yenidən canlandırmağa, həmçinin yolun keçdiyi ölkələr ilə əməkdaşlıq sahələrini artırmağa xidmət edən bu təşəbbüs Avrasiyanın inkişafında yeni mərhələnin başlanğıcı da hesab edilir. Çünki ekspertlərin fikrincə, iqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu layihənin reallaşması qədim İpək yolu üzərində yeni dəyərlərin formalaşmasına dəstək verəcək, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaldacaq, beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verəcək. "Bir kəmər, bir yol” layihəsi həm də ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı əhatə edəcək. Hazırda "Bir kəmər, bir yol” təşəbbüsü təxminən 150 ölkə tərəfindən dəstəklənir.

Bu layihəyə bir neçə istiqamət daxildir ki, onlardan biri də Çindən başlayıb Mərkəzi Asiya respublikalarından, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Cənubi Avropaya uzanır. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Çində böyük maraqla qarşılanıb və təqdir olunur. Təsadüfi deyil ki, Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumuna Cənubi Qafqazdan yalnız Prezident İlham Əliyev dəvət almışdı. Forumdakı çıxışı zamanı cənab İlham Əliyev ölkəmizin "Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyini bəyan etmişdi: "Azərbaycan lap əvvəldən Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib. Bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”.

Bütövlükdə Çinin "Bir kəmər və bir yol” təşəbbüsü çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından istifadə olunması ölkələr arasında iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açır. Belə ki, Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Azərbaycanın nəqliyyat-logistika potensialından istifadə edilməsi səmərəli olmaqla yanaşı, ölkələrimiz arasında əməkdaşlığa önəmli töhfə verəcək.

Bu səfər həm də Azərbaycan-Çin münasibətlərinin gələcək inkişafı baxımından əhəmiyyət kəsb edib. Prezident İlham Əliyevin ÇXR Sədri Si Cinpinlə görüşündə bu barədə ətraflı söz açılıb. "Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Siz həm də "Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən birisiniz. Sizin ölkəniz Böyük İpək yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. Bizim əməkdaşlığımızın artıq bir sıra nəticələri var və bu əməkdaşlıq xalqlarımıza real fayda verir. Sizinlə birlikdə ortaq səylərimizlə "Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram”, - deyə Si Cinpin bildirib.

Si Cinpin, həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin uğurlu daxili və xarici siyasət həyata keçirdiyini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını, Azərbaycanda sabitliyin təmin olunduğunu, xalqımızın rifah halının yüksəldiyini, iqtisadi sahədə inkişafa nail olunduğunu qeyd edib. Çin rəhbəri ölkəsinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev də Azərbaycanın "Vahid Çin” siyasətini ardıcıl surətdə dəstəklədiyini vurğulayıb. Dövlətimizin başçısı Çinin bütün sahələrdə əldə etdiyi böyük uğurlarla bağlı təbriklərini çatdırıb. Söhbət zamanı infrastruktur, logistika, energetika, turizm, kənd təsərrüfatı, investisiya, informasiya-kommunikasiya texnologiyaları, təhsil və humanitar sahələrdə, o cümlədən hüquq mühafizə orqanları arasında və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Prezident İlham Əliyevin Çin səfərinin ən maraqlı məqamlarından biri də Pekində Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüş oldu. "Bir kəmər, bir yol” Beynəlxalq Forumunda iştirak edən iki liderin bu görüşü bir daha Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verdi.

Söhbət zamanı dövlət başçıları mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyətindən söz açıblar. Vladimir Putin həm fikir mübadiləsi aparmaq, həm mövqeləri müqayisə etmək, həm də birgə işi təshih etmək imkanı baxımından mütəmadi keçirilən belə görüşlərin əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev də görüşlərin münasibətlərin inkişafına çox ciddi təkan verdiyini qeyd edib: "Bizim görüşlərimiz münasibətlərimizin inkişafına çox ciddi təkan verir. Biz müntəzəm olaraq görüşürük və əlbəttə ki, bütün sahələrdə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin çox mühüm məsələlərini həll edirik. Münasibətlərimizin inkişafından çox məmnunuq. Onlar bütün sahələri əhatə edir və fəal siyasi dialoq aparılır. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik”.

Pekində Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yan, "ZTE” Korporasiyasının sədri Li Cisue, "CETC” Korporasiyasının baş direktoru Vu Mançin, "Huawei” şirkətinin sədri Lian Xua, "China National Electric Engineering” şirkətinin prezidenti Cao Huy və "China Poly Group” Korporasiyasının sədri Su Nianşa ilə də görüşüb.

Mayın 13-də Belçika Krallığına işgüzar səfər edən Prezident İlham Əliyev həmin gün Kral Filip ilə görüşüb. Görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Cənab İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub və Prezident İlham Əliyevin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi bildirilib.

Həmin gün Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla da görüşüb. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edən Donald Tusk Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanla Aİ arasında münasibətlər çox uğurla inkişaf edir və ölkəmiz bu əlaqələrin genişlənməsinə böyük önəm verir.

Görüşdə ötən il Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyəti vurğulanıb, həmçinin tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparılıb.


Qarabağ Azərbaycandır və nida işarəsi


Oktyabrın 2-4-də Prezident İlham Əliyev Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasında işgüzar səfərdə olub. Səfər zamanı İlham Əliyev Vladimir Putinlə görüşüb, həmçinin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak edib. Bu səfər Azərbaycanla Rusiya arasındakı münasibətlərin mehriban qonşuluq və dostluq prinsiplərinə söykənərək inkişaf etdiyini göstərdi. Ən əsası bir daha təsdiq olundu ki, bu münasibətlər həm də strateji xarakter daşıyır və Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən mühüm siyasi-iqtisadi tərəfdaşıdır. Azərbaycan Prezidentinin səfərinə münasibət bildirən rusiyalı politoloqlar da iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini və strateji xarakter daşıdığını vurğuladılar.

Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında iştirakı isə ilin mühüm siyasi hadisəsi kimi tarixə düşdü. Çünki bu iclasda Ermənistana növbəti tutarlı diplomatik zərbə vuruldu. Çıxışı zamanı Prezident İlham Əliyev diqqəti Dağlıq-Qarabağ münaqişəsinə yönəltdi və dünyanın maraqla izlədiyi bu forumdan bir daha Qarabağın Azərbaycan torpağı olduğunu və Paşinyanın avqustun əvvəlində söylədiyi sözlərin yalan olduğunu bəyan etdi: "Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də "Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Oktyabrın 10-11-də isə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana səfər edib. Aşqabadda cənab İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Moldova Prezidenti İqor Dodon ilə görüşüb.

Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı isə Ermənistana vurulan növbəti dəfə diplomatik zərbə oldu. Belə ki, nitqində Azərbaycan Prezidenti diqqəti Njde ləqəbi ilə tanınan və alman faşistlərinə xidmət edən Qaregin Ter-Arutyunyana Ermənistanda abidə qoyulmasına yönəldərək, bu ölkədə faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəslənildiyini nəzərə çarpdırdı.


Tarixi gün


Noyabrın 30-da Türkiyə Respublikasına səfər edən Prezident İlham Əliyev TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirak edib. TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi, ilk növbədə, onu təsdiqlədi ki, vaxtilə Ulu Öndər Heydər Əliyevin başlatdığı və bu gün İlham Əliyevin layiqincə davam etdirdiyi Azərbaycanın enerji siyasəti perspektiv hədəflərinə doğru irəliləyir. Eyni zamanda bütün dünya bir daha gördü ki, bir vaxtlar Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini işə salmağa müvəffəq olan respublikamız daha qlobal təşəbbüsləri də uğurla başa çatdırmağa qadirdir.

Beləliklə, ötən il noyabrın 30-da respublikamızın enerji siyasəti tarixinin növbəti parlaq səhifəsi yazıldı. Prezident İlham Əliyev TANAP-ın Avropaya birləşdirildiyi günü tarixi hadisə adlandıraraq deyib: "Bu gün tarixi gündür. Bu gün dörd il bundan əvvəl birlikdə təməlini qoyduğumuz TANAP Avropa sərhədinə çatdı. Bu münasibətlə hamımızı ürəkdən təbrik edirəm. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir”.

Həmin gün prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin, TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin önəmi qeyd edildi. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bundan sonra da daim möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olundu.

Ötən il Prezident İlham Əliyev son xarici səfərini Rusiya Federasiyasına edib. Dövlət başçısı Rusiya Prezidentinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 20-də Sankt-Peterburq şəhərinə səfər edib. Həmin gün MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən Prezident İlham Əliyev, həmçinin Sankt-Peterburq şəhərində diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşüb.

Bütövlükdə ötən il ərzində Prezident İlham Əliyev 7 ölkəyə (İsveçrə, Çin, Türkiyə, Avstriya, Rusiya, Belçika, Türkmənistan) 8 dəfə səfər edib. Bu səfərlər zamanı keçirilən görüşlər göstərir ki, Azərbaycanın xarici siyasəti çoxşaxəli və müstəqildir. Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan dünya birliyindəki mövqeyini möhkəmləndirib. İndi ölkəmiz qlobal məsələlərdə söz sahibi kimi çıxış edir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video