06:04 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli maraqları layiqincə təmin edən siyasət

ANA SƏHİFƏ / SİYASƏT
01:09 24.07.2021

 

İyulun 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana səfərə gəldi. İyulun 22-də isə Prezident İlham Əliyev Rusiyaya işgüzar səfər etdi. Hər biri mühüm siyasi hadisə olan bu səfərlər Azərbaycanın xarici siyasət prioritetlərinin uğurla gerçəkləşdiyini, respublikamızın milli maraqlarını layiqincə təmin etdiyini göstərdi.

Milli Məclisin deputatlarının açıqlamaları da bu barədədir.

 

Azərbaycan-Aİ münasibətləri: yeni reallıqların doğurduğu əməkdaşlıq imkanları

 

Adil ƏLİYEV,

Milli Məclis Sədrinin müavini,

Gənclər və idman komitəsinin sədri:

- Azərbaycan hər zaman xarici ölkələrlə, beynəlxalq və regional təşkilatlarla bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olub. Təbii ki, ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də bu prinsip əsasında inkişaf etməkdədir. Aİ Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfərini də ikitərəfli münasibətlərin gələcək inkişafı istiqamətində atılan mühüm addım kimi dəyərləndirmək olar.

Aİ Şurasının Prezidenti Mişelin Azərbaycana səfəri bizim tərəfdaşlığımızın yaxşı göstəricisidir. Biz uzun illərdir Aİ ilə müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız, əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Prezident İlham Əliyevin Şarl Mişel ilə iyulun 18-də keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi fikirlər tərəflər arasındakı əməkdaşlığın dünənini, bu gününü və gələcəyini aydın şəkildə izah edir.

Əlbəttə ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər ikitərəfli əməkdaşlığın formalaşmasında və inkişafında mühüm rol oynayıb. Bu günə kimi tərəflər arasında imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq, Viza Sadələşdirilməsi və Readmissiya sazişləri, “Cənub qaz dəhlizi” üzrə Birgə Bəyannamə, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu və bu kimi digər mühüm sənədlər çoxşaxəli əməkdaşlığın əsaslarını müəyyənləşdirib. Azərbaycan ilə Avropa İttifaqı arasında 2018-ci il iyulun 11-də “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması tərəflərin qarşılıqlı hörmətə, bərabər səviyyəli əməkdaşlığa əsaslanan əlaqələrin inkişafında maraqlı olduqlarını əyani şəkildə nümayiş etdirdi. Həmin sənəddə yer alan ən mühüm məqamlardan biri tərəflərin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyinin ifadə olunması idi. Hazırda isə Azərbaycanla İttifaq arasında yeni sazişin imzalanması ilə bağlı danışıqlar davam etdirilir. Əminəm ki, hazırlanan saziş əməkdaşlığın yeni mərhələyə qədəm qoyması üçün önəmli sənəd olacaq.

Azərbaycan Aİ-yə üzv olan ölkələrlə münasibətlərin inkişafına böyük önəm verir. Əlbəttə ki, Azərbaycanın İttifaqa üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması bunun əyani göstəricisidir. İttifaqa üzv ölkələrin üçdəbirinin Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə malik olması, müxtəlif sahələrdə bərabərsəviyyəli əməkdaşlığın qurulması da ölkəmizin Aİ ilə münasibətlərinin inkişafında mühüm rola malikdir.

Azərbaycanın yaxın tərəfdaşı olan Aİ ilə münasibətlərdən danışarkən ilk əvvəl iqtisadi sahədəki əlaqələrə nəzər yetirmək lazımdır. Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı iqtisadi sahədə əməkdaşlığa dair məsələlər də əsas müzakirə mövzusu oldu. Enerji təhlükəsizliyi, nəqliyyat, ticarət kimi məsələlər gündəlikdə duran əsas iqtisadi mövzulardır.

Nəzərə almaq lazımdır ki, hazırda ticarətimizin 40 faizi məhz Aİ ilə aparılır. Ötənilki ticarət dövriyyəsi təxminən 9,5 milyard ABŞ dolları olub. Azərbaycanın Aİ-ya üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Eyni zamanda ittifaqa üzv dövlətlərin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bütün bunlar ikitərəfli iqtisadi əməkdaşlığın miqyasını nümayiş etdirir.

2020-ci ilin sonu böyük tarixi əhəmiyyətə malik layihə olan “Cənub qaz dəhlizi”nin tam istifadəyə verilməsi ilə yadda qaldı. Təbii ki, bu qlobal əhəmiyyətli layihənin reallaşmasında Azərbaycan ilə Aİ arasındakı tərəfdaşlıq münasibətləri mühüm rol oynadı. Uzun illərdir məhz Azərbaycan Aİ ilə birlikdə “Cənub qaz dəhlizi” ilə bağlı Məşvərət Şurasına sədrlik edir və şura bu iki tərəfin rəhbərliyi ilə layihənin uğurla həyata keçirilməsində önəmli rola malik olub. Onu da qeyd etmək lazımdır ki, uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olan Azərbaycanın təşəbbüsü ilə bu layihənin reallığa çevrilməsi şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsi kimi də tarixə düşdü. “Cənub qaz dəhlizi” layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur.

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə regionda yeni reallıq yaradıb. Artıq hər kəs görür və qəbul edir ki, Azərbaycanın razılığı və iştirakı olmadan regionda hər hansısa bir layihəni reallaşdırmaq mümkün deyil. Digər tərəfdən uzun illərdir qlobal əhəmiyyətli layihələri uğurla icra edən ölkəmizin beynəlxalq arenada qazandığı etibarlı tərəfdaş imici daha da möhkəmlənib. Artıq müxtəlif dövlətlər, beynəlxalq və regional təşkilatlar heç bir tərəddüd etmədən Azərbaycan ilə əməkdaşlığa can atır.

Təbii ki, ötən illər ərazində ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq platforması bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlara uyğun şəkildə əməkdaşlığı daha da inkişaf etdirməyə imkan yaradıb. Dövlətimizin başçısının da bəyan etdiyi kimi, Azərbaycana dost və tərəfdaş ölkələr Ermənistanın işğalından azad edilən ərazilərimizin bərpasında iştirak edə bilərlər. Artıq sıralarında Avropa dövlətlərinin də olduğu bir sıra ölkələrin şirkətlərinin bu prosesə qoşulduqları məlumdur.

Digər tərəfdən müharibədən sonra kommunikasiyaların açılması regionda yeni əməkdaşlıq üçün imkanlar yaradır. Bu səbəbdən də 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarında əksini tapan kommunikasiyaların açılması məsələsinin həllini tapması da genişmiqyaslı əməkdaşlıq üçün yaxşı imkanlar vəd edir. Elə Prezident Şarl Mişel də ölkəmizə səfəri zamanı Aİ-nin regional əməkdaşlıq səylərində iştirak etmək arzusunu ifadə etdi. Həmçinin o, Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası məsələsində də Aİ-nin yaxından iştirak etməyə hazır olduğunu bəyan etdi. Bu da ittifaqın xoş niyyətindən xəbər verir.

Artıq bütün dünya qəbul edir ki, Azərbaycan ədaləti bərpa edib, beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək işğal olunmuş torpaqları düşməndən təmizləyib. Hər kəs bilir ki, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir. Dövlətimizin başçısı İlham Əliyev Prezident Şarl Mişellə görüşdən sonra keçirilən mətbuat konfransında bir daha bəyan etdi ki, indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır və biz buna hazırıq.

Lakin Ermənistan tərəfindən səsləndirilən fikirlər bu ölkənin sülh tərəfdarı olmadığından xəbər verir. Anlamırlar ki, Ermənistan nə qədər tez öz çirkin niyyətindən əl çəkib Azərbaycanın təklif etdiyi regional əməkdaşlıqdan faydalansa, bir o qədər də tez bir zamanda acınacaqlı vəziyyətdən qurtulacaq.

 

Rusiya Azərbaycanın potensialını çox gözəl dərk edir

 

Sahib ALIYEV,

Milli Məclisin deputatı:

- Rusiya Prezidenti Vladimir Putin çox yaxşı bilir ki, Prezident İlham Əliyev bütün hallarda milli maraqlardan çıxış etməklə yanaşı, bunu böyük dövlətlərin də maraqlarına uyğunlaşdırmağa çalışır.

Prezident İlham Əliyev üzərinə götürdüyü öhdəliklərə əməl edir və müxtəlif təzyiqlərə baxmayaraq, Azərbaycanın maraqlarına cavab verməyən heç bir razılaşmaya getmir. Prezident İlham Əliyevin Moskvaya son səfərində bir neçə diqqətçəkən məqam oldu. Onlardan birincisi, prezidentlər arasında güvənli, dost, səmimi münasibətlərin hiss edilməsi idi. Həm İlham Əliyev, həm də Vladimir Putin sözün əsl mənasında liderdirlər. Paşinyandan, Makrondan və digərlərindən fərqli olaraq, sosial legitimlikləri ilə də diqqət çəkirlər. Əhalinin çox böyük hissəsi onlara lider kimi yanaşır və hər ikisinin öz dövlətlərinin maraqları baxımından atdıqları addımın qarşılıqlı faydaya əsaslandığını, burada diktə edən və diktə olunan tərəfin olmadığını çox yaxşı bilər. Bu, iki dövlət başçısının açıqlamalarından da hiss olunurdu. Rusiya Azərbaycanla çox müxtəlif sahələrdə - innovasiya və texnologiyaların tətbiqi, birgə istehsal üzrə əməkdaşlıq edir. Putinin açıqlamalarına diqqət yetirsək görərik ki, Rusiya Azərbaycanın potensialını çox gözəl bilir və Azərbaycanla əməkdaşlıqdan ancaq fayda gördüyünün, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin hər zaman sözü və əməlinin üst-üstə düşməsinin fərqindədir. Prezident İlham Əliyev digər dövlətlərə yanaşmada olduğu kimi, Rusiya ilə bağlı  da nəyi deyibsə, o yerinə yetirilib. Eyni zamanda Azərbaycan və Rusiyanın dövlət başçılarının görüşündə hiss olunurdu ki, hər iki tərəf ancaq müsbət mövqedən çıxış edirlər.

Qarabağda Rusiya hərbi kontingentinin fəaliyyəti, sərhəddəki vəziyyət, Qarabağın özündə baş verənlərlə bağlı bəzi həssas məsələlər var. Bunlar heç şübhəsiz ki, görüşdə qaldırılıb. Tərəflər bu problemlərin aradan qaldırılması əzmindədirlər. Verilən açıqlamalardan da bu hiss olunur.

Azərbaycan təkcə özünün deyil, regionun da maraqlarından çıxış etməyə çalışır. Təbii ki, bu, sonda yenə də bizim dövlət maraqlarımıza cavab verir. Məsələnin başqa tərəfi də var. Mediaya açıqlamalardan belə anladım ki, Azərbaycan və Rusiya prezidentləri ayrı-ayrı güclərin və çevrələrin regionda yaranmış hazırkı vəziyyətdən narazı olduqlarını, Ermənistanda revanşizm tərəfdarlarını həvəsləndirməklə yenidən qarşıdurma yaratmaq istədiklərini yaxşı başa düşürlər. Burada söhbət tək Makron Fransasından və orbitində fırlanan bəzi dövlətlərdən getmir. Həm də Rusiyanın özündə bəzi çevrələr var, açıq-aydın hiss olunur ki, Azərbaycanın yaratdığı reallıq ən çeşidli səbəblərdən onların da maraqlarında deyil. Şübhə etmirəm ki, bu məsələ də Rusiyanın diqqətinə çatdırılıb.

 

Avropa İttifaqı Azərbaycan üçün olduqca yaxın tərəfdaşdır

 

Tamam CƏFƏROVA,

Milli Məclisin deputatı:

- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Aİ Azərbaycan üçün olduqca yaxın tərəfdaşdır. Şarl Mişelin ölkəmizə səfəri bunun əyani göstəricisidir. Əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur. Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, ölkəmizin gündəliyinə tam uyğundur.

Aİ ilə əməkdaşılığın əsas istiqamətlərindən birini enerji təhlükəsizliyinin təmin olunması məsələlələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə “Cənub qaz dəhlizi” layihəsinin tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. “Cənub qaz dəhlizi”nin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəməri istismara verildi. Yanvarın 1-dən bu günədək Azərbaycandan Aİ-yə üzv dövlətlərə 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub.

Nəhəng nəqliyyat infrastruktur layihələri Aİ ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir. İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranıb. Bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir. İkinci Qarabağ müharibəsində qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə daha çox şirkətlər çalışacaq və daha geniş fəaliyyət olacaq. Azərbaycan işğaldan azad olunmuş ərazilərini xarici investisiyalar üçün açıq elan edib. Burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Birincisi, bərpaolunan enerji mənbələridir. Azad olunmuş ərazilərin çox böyük potensialı var və ilkin hesablamalara görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir. Sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı məhsullarının emalıdır. Çünki torpaq olduqca münbitdir və bu da xaricilər üçün cəlbedici ola bilər. Xarici sərmayə üçün cəlbedici sahə turizm ola bilər. Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir.

Aİ regional əməkdaşlıqda fəal iştirak etmək, həvəsləndirmək arzusundadır. Təbii ki, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir. Aİ Şurasının Prezidenti Şarl Mişel ilə Azərbaycan Prezidenti İlham Əliyevin birgə mətbuat konfransında bir çox mühüm məqamlara aydınlıq gətirildi. Prezident İlham Əliyev mətbuat konfransında Azərbaycan həqiqətlərini bütün dünyanın diqqətinə bir daha çatdıraraq dövlətimizin haqlı mövqeyini qətiyyətlə bəyan etdi. Münaqişənin bitdiyi və artıq səhifəni çevirməyin, sülh barədə düşünməyin vaxtının çatmasının Prezident İlham Əliyev tərəfindən qeyd edilməsi bir daha göstərir ki, Azərbaycan hər zaman sülhə hazırdır. Azərbaycanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılmasında maraqlı olması da məhz deyilənlərin əyani sübutudur.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM