14 Avqust 2021 00:23
1571
İDMAN
A- A+

Məşhur oyunlar

 

Qaçış

 

Olimpiya oyunlarının tarixi qaçışla başlayır. İdmanın bu növünün başlanğıcı buradan götürülsə də, qaçış insanlara bəşəriyyətin yarandığı dövrlərdən məlumdur. Bununla belə, e.ə 490-cı ildə olan Marafon döyüşü nəticəsində qaçışın yeni növü - Marafon qaçısı yaranıb. Rəvayətə görə, Yunanıstanla İran arasında olan bu döyüşdə afinalıların qalibiyyət xəbərini xalqına çatdırmaq üçün döyüşçü Fidippid Marafon şəhərindən Afinaya qədər təxminən 40 kilometrlik məsafəni dayanmadan qaçıb. Bu hadisə 1896-cı ildə Marafon qaçışının Olimpiya oyunlarına daxil edilməsinə gətirib çıxarıb. Həmin zamanda iştirakçılar Fidippidin xatirəsinə Marafon körpüsündən Afina Olimpiya Stadionuna qədər qaçıblar.

1967-ci ildə Boston Marafonuna qatılan ilk qadın Ketrin Svitzer idi. Yarışda ona mane olmağa çalışsalar da, marafonu uğurla bitirə bilmişdi. Bu təşəbbüsdən sonra artıq marafonlarda kişi idmançılarla yanaşı, qadınlar da iştirak etməyə başladılar. Hazırkı Olimpiya oyunlarında yarışlar stadion daxilində müxtəlif məsafələrə qaçış və marafon yarışları şəklində keçirilir.

 

Güləş

 

Güləş tarixə məlum olan ən qədim idman növündən biridir. 15-20 min il əvvələ aid qayaüstü rəsmlərdə güləş təsvirlərinə rast gəlinib. Sonrakı dövrlərdə şumerlərin daş lövhələrində, eyni zamanda Misirdəki tapıntılarda da güləş idman növündən istifadə olunmasının tarixi sübutları aşkar olunub.

Yunanıstanda Olimpiya oyunlarında e.ə 708-ci ildən güləş yarışları keçirilibdi. Həmin zamanlarda güləşçilər müxtəlif fəndlərdən istifadə ediblər. Müasir güləşdə də bu fəndlərin bəzilərindən istifadə olunur. Həmin zaman güləşin məlum olan iki növü var idi: ayaq üstə və yerdə güləş.

Müasir Olimpiya Oyunları yarananda güləş 8 əsas idman növündən biri olaraq müəyyən edilmişdi. Qadın idmançılar bu yarışlarda 2004-cü ildən medallar uğrunda mübarizə aparırlar. Oyunlarda indiki güləşin növləri sırasında sərbəst güləş və yunan-Roma güləşi yer alır.

 

Gimnastika

 

Qədim yunan dilindən tərcümədə intizamlı hərəkətlər mənasını ifadə edən gimnastika müxtəlif fiziki bacarıqları özündə birləşdirir. Gimnastik hərəkətlərdən antik yunan sivilizasiyasında qaçma, üzgüçülük, uzağa tullanma və digər idman növlərində bədəni inkişaf etdirmək üçün istifadə edilirdi. Yunanıstanda həm qadınlar, həm də kişilər fiziki güclərini artırmaq üçün gimnastikaya qatılırdılar. Roma İmperiyasının Yunanıstanı işğalından sonra gimnastika daha ciddi idman növünə çevrildi.

1800-cü illərdən etibarən Avropa ölkələrində, Almaniya və İsveçdə gimnastikanın daha ritmik versiyaları meydana çıxdı. Onun populyarlaşması bu idman növünün oyunlara salınmasına səbəb oldu. 1896-cı ildə müasir Olimpiya oyunlarına yalnız kişilərin iştirak edə biləcəyi gimnastika daxil edildi. 1924-cü ildən etibarən isə yarışmalarda qadınlar da iştirak edə bilirlər. 1984-cü ildən gimnastikanın yeni bir növü bədii gimnastika Olimpiya oyunlarına daxil edildi.

Müasir gimnastikada müxtəlif avadanlıqlardan istifadə olunur. Bunlara halqalar, lentlər, çubuqlar, toplar və s. daxildir. Gimnastika yarışlarındakı komandalar 6 gimnastdan ibarət olmalıdır. Hər bir gimnast öz avadanlığı ilə çıxış edərək komandaya xal qazandırır. Ən çox xal toplamış komanda qalib seçilir.

 

Aydan XƏLİLOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video