06 Noyabr 2021 01:51
1737
Təhsil
A- A+

Mərkəzi Bank Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində Zəfər günü ilə bağlı tədbir keçirmişdir

 

Mərkəzi Bankın təşəbbüsü və təşkilatçılığı ilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi Zəfərinin ildönümü ərəfəsində Şəhid Mübariz İbrahimovun adını daşıyan Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində böyük qələbəyə həsr olunmuş “açıq dərs” tədbiri keçirilmişdir.

Şəhid ailələrinin, Milli Qəhrəman M.İbahimovun atası Ağakərim İbrahimovun, qazilərin, rayon rəhbərliyinin, Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli və digər qonaqların iştirak etdiyi tədbirdə Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edərək bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz möhtəşəm Zəfər çalaraq otuz ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi, tarixi ədalət bərpa olundu, dövlətçilik tariximizin yeni, qürurverici səhifələri yazıldı. Hərb meydanında əldə olunan bu şanlı Zəfər Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan, uzun illər ərzində həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasətin, milli iqtisadi potensialın artırılması, müasir və qüdrətli ordu quruculuğu sahəsində görülən nəhəng işlərin və xalqımızın ölkə Prezidenti ətrafında sıx birləşməsinin, Xalq-Prezident birliyinin təcəssümüdür.

Böyük qürur hissi ilə qeyd edildi ki, Mərkəzi Bankın 12 nəfər əməkdaşı, həmçinin liseyin üç müəllimi də İkinci Qarabağ müharibəsinə qatılaraq hərbi əməliyyatlarda bilavasitə iştirak etmişdir. Onlar Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə medallarla, həmçinin yüksək nəticələr əldə etdiklərinə görə fəxri fərmanlarla təltif olunmuşlar.

Bildirildi ki, xalqımızın, şanlı ordumuzun bütün bu qəhrəmanlıqları Mübariz İbrahimov kimi igid vətən oğullarının böyük şücaəti hesabına başa gəlmişdir. 44 günlük şanlı savaş XXI əsrin müharibəsi oldu. Yüksək hərbi texnologiyalarla aparılan bu haqq savaşı bir daha göstərdi ki, xalqımızın indiki və gələcək nəsilləri içərisindən sarsılmaz mənəvi və vətənpərvərlik ruhlu savadlı mütəxəssislər, o cümlədən ən son texnoloji biliklərə malik ağıllı hərbçilər yetişdirilməlidir. Bütün bunlar isə Biləsuvar Lisey kompleksi kimi müasir və güclü təhsil ocaqlarından başlayır.

Qeyd edildi ki, liseyin Milli Qəhrəman Şəhid Mübariz İbrahimovun adına layiq böyük uğurları var. Bütün illərdə məktəbin məzunlarının hamısı müvəffəqiyyətlə ali məktəblərə qəbul olmuş, o cümlədən bir qrupu xarici universitetlərdə təhsil almaq hüququ əldə etmişlər. Kompleks 2015-ci ildən bəri 5 dəfə ardıcıl olaraq respublikanın lider məktəbi hesab edilmişdir. Liseydə ötən tədris ilindən başlayaraq beynəlxalq təhsil proqramlarına start verilmişdir. Liseyin məzunları bakalavr pilləsindən sonra təhsillərini Türkiyə, Almaniya, İspaniya, İtaliya, Macarıstan kimi dövlətlərin qabaqcıl universitetlərində davam etdirirlər. Bütün bunlar onu göstərir ki, Mərkəzi Bankın “Mübariz Liseyi”ni yaratmaqla qarşıya qoyduğu müasir kompetensiyalı, analitik təfəkkürə malik insan kapitalının formalaşdırılması ideyası uğurla həyata keçirilir.

Liseydə şəhid ailələri və qazilərə böyük diqqət var. Burada şəhid və qazi ailələrinin övladlarının daha yaxşı təhsil alması məqsədilə bütün imkanlar səfərbər edilmişdir. Belə ki, cari tədris ilində kompleksdə 11 şəhidin 17 övladının və bir şəhid qardaşının tam ödənişsiz, 9 qazi övladının isə şagirdin akademik göstəricilərinə əsasən müvafiq güzəştlə təhsil alması təmin edilmişdir.

Digər çıxışlarda da vurğulandı ki, Müzəffər Ali Baş Komandanın böyük sərkərdəliyi, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin misilsiz qəhrəmanlığı, bütövlükdə xalqımızın rəşadətli əzmi ilə başa gələn böyük Zəfər xatirələrdə əbədi yaşayacaq, müstəqil və güclü Azərbaycan daim var olacaqdır.

Tədbir lisey kompleksinin binasında yerləşən elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) mərkəzinin qonaqlara təqdim edilməsilə davam etmişdir. Burada II Qarabağ müharibəsi qazisi olan lisey əməkdaşlarının iştirakı ilə “Zəfər tarixi” adlı açıq dərs, “Dəmir yumruq” şahmat turniri, həmçinin “110 kitab” layihəsi üzrə Vətən müharibəsindən bəhs edən hekayənin müzakirəsi təşkil olunmuşdur.

Daha sonra liseydə çalışan Vətən müharibəsi iştirakçılarına hədiyyələr təqdim edildi. Şəhid ailələrinə ərzaq yardımları paylanıldı. Biləsuvar və Cəbrayıl rayonlarından olan şəhid ailələri ilə görüş keçirildi.

 

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video