14:59 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Məni Vətən eşqi həyata qaytardı!..”

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:50 29.07.2021

 

Qazimizin ömründən səhifələr...

 

Haqqında söhbət açacağım bu gənc Qasımzadə Namiq Ağa oğlu xan Arazla Oxçu çayının qovuşduğu yerin sağ sahilində - dağların sinəsində yerləşən Zəngilanın Turabad kəndində 1992-ci ilin 6 oktyabrında dünyaya göz açıb.

Zəngilan rayonu erməni təcavüzkarları tərəfindən işğala məruz qalanda Namiqin 1 yaşı yenicə tamam olmuşdu. Həmin vaxt valideynləri məcburi köçkün kimi Sabirabad rayonunun Şəhriyar kəndində məskunlaşmışdılar. Namiq 1998-2009-cu illərdə həmin kənddə fəaliyyət göstərən 25 saylı Zəngilan rayon tam orta məktəbini bitirmişdir. Elə həmin ili Şirvan şəhərindəki İqtisadiyyat və Humanitar Kollecə daxil olmuşdur.

2010-cu ilin 11 oktyabrında hərbi xidmətə çağırılıb. 2012-ci ilin aprelinədək Tovuz rayonundakı “N” saylı hərbi hissədə qulluq edib. Ordudan tərxis olunduqdan sonra Namiq qiyabi yolla təhsil aldığı kollecə qayıdır və oranı 2014-cü ildə bitirir. Oxumaq, təhsil almaq həmişə onun arzusu olub. Çünki ailədə həmişə elmə, təhsilə böyük maraq və həvəs göstərilib.

Namiq evin tək oğlu olmasına baxmayaraq, qəlbi həmişə Vətən eşqi ilə döyünürdü... Elə onu da könüllü cəbhəyə bağlayan bu sevgi idi. Odur ki, 2017-ci ilin 7 fevralından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu - MAXE kimi Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirir. Ancaq ali təhsil almaq həvəsi onu rahat buraxmır. 2018-ci ilin iyul ayında imtahan verərək qiyabi yolla Avrasiya Universitetinin Filologiya fakültəsinə daxil olur... 2018-ci ilin oktyabr ayında hərbi xidmətini davam etdirmək üçün Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərilir.

 

Döyüş mənim alnıma yazılmışdı...

 

Vətənpərvərlik ailədən başlayır. Namiqin atası da gərgin bir döyüş yolu keçib. Əmisi də zabit olub. Hərbi estafet ailədən qaynaqlandığından Namiq də bu yolu üstün tutub, müqəddəs bilib... Elə məhz buna görə də Namiq Qasımzadə İkinci Qarabağ müharibəsi başlanan zaman - 2020-ci ilin 27 sentyabrında cəbhənin ən qaynar, qızğın döyüş gedən bölgəsinə göndərilir... 44 günlük tarixi Zəfər yürüşündə onun uğurlarını, göstərdiyi igidlikləri saymaqla bitib tükənən deyil...

Peşəkar hərbçi və döyüşçü kimi o, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Hadrut istiqamətlərində gedən döyüşlərdə igidlik göstərib... Yorulmaq nə olduğunu bilməyən Namiq Qasımzadə gecəni gündüzə qataraq komandanlığın tapşırıqlarını uğurla yerinə yetirən və öndə gedən mətin döyüşçülərdən olub...

Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi ərazisində hərəkətdə olduqları yük maşını ilə eyni anda 2 tank və 1 piyada əleyhinə minaya düşərək ağır yaralanır...

 

Özünün söhbətləri...

 

- Füzuli rayonunun Seyid Əbdürrəhmanlı və Kürdlər kəndi istiqamətində düşmənin mövqelərini yarıb arxada olan bölmələrimizə döyüş ləvazimatlarını və sursatları çatdırmalı idik. Sonuncu düşmən sipərini də dəf edib 300-400 metr keçən tək hərəkətdə olduğumuz hərbi maşın minaya tuş gəlir. Sən demə, mənfurlar bütün yolu minalayıbmışlar. İlk partlayışda nə olduğunu anlamağa çalışırdım ki, ikinci partlayışla havaya atıldım. Ən ağır yaranı burada aldım. Ayaqlarım, qollarım, boynum müxtəlif yerlərdən sınmışdı. Üzümdə, gözümdə sağ-salamat yer qalmamışdı. Bütün bunlara baxmayaraq, özümü itirmədim. Bilirdim ki, döyüş alnımıza yazılıb. Bu, müharbədir. Hər bir riski göz önünə almışdım. Bədənimə daxil olan saysız-hesabsız qəlpələri qorxmadan əl atıb çıxardıb atırdım. Ancaq onurğa sütunum sındığından düşmən mövqeyindən yayınmaq üçün dirsəklərimlə hərəkət edirdim. Gözümün qarşısında döyüş dostlarımdan birinin ayağı yerindən qopub düşmüşdü... “Olumla ölüm” arasında qalsaq da, yenə də ağrıların azalacağını gözləyirdim... Bir sözlə, 16-17 saat döyüş meydanında köməksiz qaldıq. Gecədən xeyli keçmiş səhərə yaxın hərbçi yoldaşlarımız xəbər tutaraq bizi düşmən mühasirəsindən çıxarmağa nail oldular...

Namiq Qasımzadə döyüş səhnələrini danışdıqca onun qəlbində olan Vətən sevgisinin böyüklüyünü hiss edirdim... Nə qədər ağrılı-acılı, hətta yarımcan olasan belə döyüş tapşırıqlarını yerinə yetirmək əsl qəhrəmanlıq və şücaət tələb edir. Bunun üçün dözüm, iradə gərəkdir!..

Düşmənə endirdiyi sarsıdıcı zərbələr, odun-alovun içindən mərdliklə çıxması, təpərli və hünərli danışması Namiqin məğrurluğundan, qorxmazlığından xəbər verir.

Namiq 44 günlük Vətən müharibəsinin qəhrəman iştirakçısı olaraq Prezdentin sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. O, Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin fəxri fərmanı, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun fəxri fərmanı ilə də mükafatlandırılıb.

 

Xəstəxana həyatı...

 

Namiq Qasımzadə danışır ki, ilkin yardımda bilindi ki, hər iki ayağımdan baldır və bud hissəm, həmçinin sağ pəncəm, daban sümüklərim, bel sümüyüm həm sınıb, həm də ciddi qəlpə zədələri alıb. Bir gözümün görmə qabiliyyətini isə tamam itirmişəm...

İndi müalicə alıram. Həkimlər mənə tam nəzarət edirlər. Ağ xalatlıların mənə yaxından qayğı və diqqət göstərmələri səhhətimdə dönüş yaradır. Sağlam bədəndə sağlam ruh olar, - deyiblər... Həkim personalından o qədər razıyam ki,  yaralanmağımı da unuduram. Onlara çox inanıram, sağalmağıma gümanım çoxdur. Ümidim var ki, gözlərim də görəcək, yenə ayaqlarım yer tutacaq və mən yenidən Milli Ordunun tərkibinə qatılacağam... Təki Vətən sağ olsun, - deyirəm. Vətən elə mənim görən gözümdür...

Namiq bu sözləri deyəndə doluxsundum, qəhər məni boğdu...

Namiq ara vermədən danışırdı... Elə danışırdı ki, sanki səngərdə idi, hələ də döyüşür...

“Keçdiyim döyuş yolu, taleyim nə qədər ağır olsa da, yenə də mənə Vətən şirindir! Sizdən nə gizlədim, məni Vətən eşqi həyata qaytardı”, - deyən Namiq Qasımzadənin mübarizlik ruhuna heyran qaldım.

Allah qazimizi sağlığına qovuşdursun.

 

Səbirə ƏLƏKBƏROVA,

Zəngilan rayonu



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM