09 Oktyabr 2021 00:25
662
İQTİSADİYYAT
A- A+

“Məktub, səni ad eylərəm”...

 

Təsəlli verən, belə misralı bayatı ilə başlayan ürək sözləri yolları qısaldar, uzağı yaxın edərdi

 

“Məktub, səni ad eylərəm,

Poçta əmanət eylərəm,

Qardaşıma yetməsən,

Bil ki, qiyamət eylərəm...”

Belə  intizar dolu məktublar, adətən, qəriblikdə qardaşı, atası, istəklisi, bir sözlə, doğması olan qadınlarımız, qızlarımız - ana-bacılarımız tərəfindən yazılardı. Belə məktublar İkinci Dünya müharibəsinə gedib qayıtmayanların arxasınca göz yaşları ilə də az yazılmayıb. O müdhiş illərin şahidlərini bu gün barmaqla göstərmək olur. Lakin, bu gün də belə məktublar yazılır, həm də qərib ellərə yox, elə öz Vətənimizin keşiyində dayanıb düşmənin bəd niyyətlərinə sinəsini gərən oğullara...

Bəs nədən belə bir gün təsis edilib?

Mənbələr göstərir ki, Ümumdünya Poçt Günü Ümumdünya Poçt İttifaqının yaranma tarixi ilə bağlıdır. Ümumdünya Poçt İttifaqı poçt əlaqələrini təmin etmək və təkmilləşdirmək məqsədilə 1874-cü il oktyabrın 9-da İsveçrənin paytaxtında 22 ölkənin nümayəndələrinin imzaladığı Bern müqaviləsi ilə beynəlxalq təşkilat kimi təsis olunub. 9 oktyabrın Ümumdünya Poçt Günü kimi qeyd olunması ilə bağlı qərar isə 1969-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində qəbul olunub.

192 ölkəni özündə birləşdirən Ümumdünya Poçt İttifaqının baş qərargahı Berndə yerləşir. Yarandığı vaxtdan ötən illər ərzində çox böyük tarixi inkişaf yolu keçmiş ÜPİ bu gün dünyanın, demək olar ki, bütün ölkələrini özündə birləşdirməklə, təkcə poçt sahəsində deyil, həm də beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə işləyən bir quruma çevrilib. O, həm də siyasi bir təşkilat olmaqla, BMT-nin xüsusiləşdirilmiş idarəsi kimi fəaliyyət göstərir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra bir çox beynəlxalq təşkilatlarla yanaşı, 1993-cü ilin aprel ayında ÜPİ-yə də üzv qəbul olunub. ÜPİ üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu ölkənin digər sahələrində olduğu kimi, çox sürətli inkişaf yolu keçmiş və fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm uğurlar əldə edib.

Azərbaycan poçtunun yaranma tarixi 200 ildən də artıqdır. Belə ki, Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin birinci qərinəsinə təsadüf edir. 1818-ci il iyunun 1-də Gəncə şəhərində ilk poçt kontoru açılıb.

1861-ci ildə ilk dəfə olaraq Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt, eləcə də Astarabad limanları arasında dəniz poçt mübadiləsi yaranıb. 1863-1872-ci illərdə İran tranzit ticarətinin müdafiəsi məqsədilə Tiflis və Culfa arasında poçt rabitəsi qurulub. Culfada poçt şöbəsi yaradılaraq, İranla Azərbaycan arasında ilk beynəlxalq məktub mübadiləsi təsis edilib.

Azərbaycanda poçtun dəmir yolu nəqliyyatı ilə daşınmasına 9 may 1883-cü ildə Bakı-Tiflis,1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanılıb.

1918-ci il oktyabrın 6-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tərkibində Poçt və Teleqraf  Nazirliyi yaradılıb.

Azərbaycan poçtunun ən çətin və həm də şərəfli dövrü İkinci  Dünya müharibəsi illərinə təsadüf edir. Bu illərdə xüsusilə poçtalyonların fədakarlığını qiymətləndirmək lazımdır. Həmin dövrdə poçt işçilərinin üzərinə ikiqat məsuliyyət düşürdü. Ona görə ki, poçt göndərişlərinin həcminin artması və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və həm də iradə tələb edirdi.

XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və respublikamızın müstəqilliyini bərpa etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verildi. 1997-ci il yanvar ayının 1-dən etibarən poçt rabitəsi elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başladı. Bununla da poçt rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. 1997-ci ildə “Azərpoçt” İstehsalat Birliyi kimi işini davam etdirdi.

1997-ci ilin mart ayında poçt rabitəsinin qısamüddətli “Dirçəliş və inkişaf proqramı” qəbul olunub. Həmin ilin dekabr ayında isə “1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası” təsdiq edilib.

Ölkənin milli poçt operatoru olaraq, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda respublika ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir.

Respublikada milli poçt operatoru olan “Azərpoçt” MMC ilə yanaşı, 60-dan çox özəl poçt operatoru vasitəsilə hüquqi və fiziki şəxslərə sürətli və kuryer poçt xidmətləri göstərilir.

2010-cu ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən milli poçt operatoruna maliyyə xidmətlərinin göstərilməsi üzrə lisenziya verildikdən sonra “Azərpoçt” MMC Beynəlxalq ödəniş sistemləri olan SWIFT-ə, 2011-ci ildən “MasterCard” ödəniş sisteminə, ölkə daxilində isə XÖHKS-ə, AZİPS, HÖP-ə və digər ödəniş sistemlərinə qoşularaq bu sistemlərin imkanlarından istifadə edir.

“Azərpoçt” MMC-nin beynəlxalq sahədəki uğurlarından biri də ÜPİ-nin EMS Kooperativi tərəfindən sürətli poçt xidmətlərinin keyfiyyəti üzrə dünyanın 160-dan artıq poçt operatoru arasında keçirilən yarışlarda “Azərekspresspoçt” RM-in ardıcıl 9 dəfə qızıl səviyyəli sertifikatına layiq görülməsidir.

Hazırda “Azərpoçt” MMC-nin 60-dan artıq poçt filialı, 7 rabitə qovşağı, 4 törəmə müəssisə, 1500-dək poçt şöbəsi və 83 poçt agentliyi mövcuddur.

Poçt daşımalarını sürətləndirmək üçün “Azərpoçt” MMC və geniş beynəlxalq aviadaşıma imkanlarına malik “Silk Way” aviaşirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb və 2016-cı ilin iyul ayından fəaliyyətə başlanıb. “Azərpoçt” MMC tərəfindən poçt kimi emal olunaraq MDB və dünyanın 15 ölkəsinə (ABŞ, Almaniya, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, Fransa, İran, İsrail, İtaliya, Lüksemburq, Niderland, Rusiya, Türkiyə, Ukrayna) bağlamalar daşınır və çatdırılır.

Hazırda layihə üzrə fəaliyyətin genişləndirilməsi məqsədilə Çində, Koreya Respublikasında və Sinqapurda ekspress daşıyıcı kimi fəaliyyət göstərən digər şirkətlərlə də danışıqlar aparılır. Yaxın zamanlarda daha iri həcmlərdə e-kommersiya məhsullarının Azərbaycan üzərindən xarici ölkələrə daşınması və çatdırılması gözlənilir.

Eyni zamanda “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “Smart Pay” - ödəniş sistemi vasitəsilə bir çox xidmətlər üzrə ödəniş etmək mümkündür. “Şəbəkə” mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın təmin edilməsidir.

Poçt ən etibarlı və keyfiyyətli xidmətləri olan bir qurum kimi tanınır. Ona görə də onlara etibar edin.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video