03 Oktyabr 2021 00:36
927
İQTİSADİYYAT
A- A+

Məhsuldar sort yüksək nəticənin qarantıdır

 

Azərbaycanda Pakistanın atomla şüalandırılan pambıq sortları sınaqdan keçirilib

 

Ölkədə pambıqçılığın inkişafına xüsusi diqqət yetirilir və bu, səbəbsiz deyil. Əvvəla, pambıq zəhmət tələb etsə də, həm əkinçi, həm də emal müəssisəsi üçün gəlirli bitkidir. İkincisi, pambıqçılıq əməktutumlu sahədir ki, indiki zamanda da bunun sosial əhəmiyyəti böyükdür. Bunlardan əlavə, pambıq toxuculuq sənayesinin inkişafında xammal kimi önəmli rol oynayır.

Sovetlər dönəmində istehsal olunan pambıq sayəsində Azərbaycanda tekstil sənayesi yüksək səviyyədə inkişaf etmişdir. Eyni zamanda respublikamızda istehsal edilən pambıqdan SSRİ-nin toxuculuq və yüngül sənaye müəssisələrində də xammal kimi istifadə olunurdu.

Məlum səbəblərdən ötən əsrin 90-cı illərində Azərbaycanda pambıq istehsalı kəskin şəkildə azaldı. Bu azalma Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin, o cümlədən pambıqçılığın dirçəldilməsi istiqamətində gördüyü tədbirlərədək davam etdi. Həmin tədbirlər çərçivəsində pambıq əkini ilə məşğul olan fermerlərə maddi dəstək verildi, dünyanın inkişaf etmiş ölkələrindən müxtəlif texnikalar alıb gətirildi, fermerlərə “Aqrolizinq” xətti ilə xidmət göstərilməsi təşkil edildi, imkanı olanlara güzəştli qiymət və şərtlərlə müasir texnikalar satıldı və s. Bütün bunlar ölkədə pambığın əkin sahələrinin genişlənməsinə və məhsul istehsalının artmasına səbəb oldu.

Yeni toxuculuq və iplik məhsulları istehsal edən yerli sənaye müəssisələrinin sayının artması da pambıqçılığın dirçəlməsi hesabınadır. Bu hesaba həm də qeyri-neft məhsullarının ixracında pambıq mahlıcının payı ildən-ilə artır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda verilən məlumatda bildirilir ki, təkcə cari ilin yanvar-iyul aylarında qeyri-neft məhsullarının ixracında pambıq mahlıcı 133,8 milyon dollar dəyərlə siyahıda birinci olmuşdur.

Məlumdur ki, bütün aqrar sahələr kimi, pambıqçılıqda da istehsalın artımı ilk növbədə məhsuldar sortlardan asılıdır. Məhz məhsuldar sortlardan istifadə daha çox istehsala, maya dəyərini aşağı salmağa, enerji növlərindən və gübrələrdən az istifadəyə imkan verir. Bu gün Azərbaycanda regionların iqlim şəraitinə uyğun, quraqlığa və xəstəliklərə dözümlü olan yeni sortlar yetişdirilir. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu tərəfindən həyata keçirilən elmi tədqiqatlar sayəsində uğurlu nəticələr əldə olunur. Bugünə kimi 12 növ sort rayonlaşdırılıb. Perspektivi daha çox olan 20 sort üzərində isə işlər davam edir. Hazırda bu sortların ilkin sınaq mərhələsi aparılır.

İnstitut əməkdaşları tərəfindən yetişdirilən “Gəncə-182”, “Gəncə-183”, “Gəncə-132” sortları daha yaxşı nəticə verir. Həmin sortlar yüksək məhsuldarlığı, xəstəliklərə dözümlüyü ilə bərabər, həm də dünya toxuculuq sənayesinin tələbələrinə uyğun lif çıxımı ilə seçilir.

Cari il 28 sortda müqayisəli, 20 sortda ilkin sort sınaqları aparılıb. Eləcə də atom şüası ilə şüalandırılan Pakistandan gətirilmə 7 sort sınaq üçün əkilib.

Alimlər belə qənaətə gəliblər ki, Pakistandan gətirilən 7 sort arasından məhsuldarlığı ilə seçilən “Cotton Super” sortu bizim regiona daha uyğundur. Belə ki, həmin pambığın kolunda 60-120 qoza müşahidə olunur. Yeri gəlmişkən qeyd edək ki, hazırda institutun Mil Təcrübə Stansiyasında 72 sort sınaqdan keçirilir ki, onlardan 7-si Pakistan, 1-i Türkiyə, digərləri isə əsasən yerli sortlardır. Bundan başqa, təcrübə stansiyasında 3 sortun aqrotexnologiyası öyrənilir. 12 sortun isə nümayiş əkini həyata keçirilib.

Ölkəmizdə pambıq yığımına başlanılıb. Mütəxəssislərin ilkin rəylərinə görə, cari il daha çox məhsul istehsal etmək imkanı var. Məsələn, Zərdabda bu il 3070 hektarda pambıq yetişdirilib. Mövsüm ərzində 2620 hektarın məhsulu kombaynlarla, qalanı isə əllə yığılacaq. Hazırda yığıma 8 pambıqyığan maşın və 200 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Yerli mütəxəssislər bildirirlər ki, cari mövsümdə rayon pambıqçıları hər hektardan 28-30 sentner məhsul götürəcəklər.

Ağcabədi ölkəmizin iri pambıqçılıq rayonlarındandır. Rayonda yığıma 53 kombayn, 128 traktor, 276 qoşqu, 5 yükləyici və 39 çiləyici cəlb olunub. Cari mövsüm rayonda 38 min tondan çox məhsul istehsalı gözlənilir. Xatırladaq ki, ötən il 10 min 689,2 hektardan 37 min 887 ton məhsul toplanmış, orta məhsuldarlıq 35,44 sentner olmuşdur. Bu il həmin rəqəmin daha yüksək olacağı proqnozlaşdırılır.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video