11 Noyabr 2011 01:11
398
İQTİSADİYYAT
A- A+

Məhsul istehsalı artımı daha çox sənayenin qeyri-neft sektorunda müşahidə olunur

 

Ölkəmizdə sənaye sektoru dinamik şəkildə inkişaf edir. Dövlət iqtisadiyyatın karbohidrogen ehtiyatlarından asılılığını azaltmaq məqsədilə qeyri neft-qaz sənaye sektorunun inkişafına xüsusi önəm verir. Bu məqsədlə ölkədə fəaliyyət göstərən sənaye müəssisələrinə güzəştli kreditlər verilir və onların inkişafı üçün lazım olan bütün zəruri tədbirlər görülür. Dövlətin qayğısı nəticəsində ölkədə yeni emal müəssisələri, böyük texnoparklar yaradılır. Eyni zamanda, orta və kiçik müəssisələr fəaliyyətlərini genişləndirir, sahibkarlığa geniş meydan verilir.

Nəticədə, Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə cari ilin yanvar-sentyabr aylarında sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 23,2 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Neft sektorunda azalma müşahidə olunsa da, qeyri-neft sənaye bölməsinin əksər sahələrində istehsalın həcmi artmaqda davam etmişdir və ümumi artım 9,2 faiz olmuşdur. Sənaye məhsulunun 76 faizi mədənçıxarma, 18,5 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində istehsal olunmuşdur.

Aparılan islahatlar nəticəsində özəl sektor gündən-günə inkişaf edərək sənayenin istehsal sahəsində üstün mövqe qazanmışdır. 9 ayın nəticələrinə görə, özəl bölmədə istehsal edilən sənaye məhsulu ümumi istehsalın 80,2 faizini təşkil etmişdir. Ümumi istehsalın 92,1 faizi sənaye məhsulları (əmtəələri), 7,9 faizi isə sənaye xarakterli xidmətlər hesabına formalaşmışdır.

Məlum olduğu kimi, son aylar mədənçıxarma bölməsində istehsalın həcmi azalır. Məsələn, cari ilin 9 ayında bu bölmə üzrə istehsalın həcmi 17,6 milyard manat olmaqla ötən ilin müvafiq dövrünün səviyyəsindən 5,8 faiz az olmuşdur. Sözügedən dövrdə sənayenin əsas məhsulu hesab olunan xam neft hasilatı 35,5 milyon ton, təbii qaz hasilatı isə 19,4 milyard kubmetr təşkil etmişdir. Neft hasilatı 7,5, qaz hasilatı 2,8 faiz azalmışdır. Onu da qeyd edək ki, mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən 9 ay ərzində 2,2 milyon ton çınqıl, qırma daş, xırda çay daşı, 708,5 min ton tikinti qumu, 258,3 min ton inşaat üçün əhəng daşı

və s. istehsal edilmişdir.

Mədənçıxarma bölməsində azalma müşahidə edilsə də, emal bölməsində, əksinə, yüksək artım qeydə alınır. Belə ki, emal bölməsinin müəssisələri və fərdi sahibkarlar (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən yanvar-fevral ayları ərzində 4,3 milyard manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu sahədə istehsalın həcmi 8 faiz artmışdır və artım daha çox qida məhsulları istehsalında qeydə alınmışdır. Eyni zamanda, neft məhsulları istehsalında da artım müşahidə olunmuşdur. Bu dövrdə 946,9 min ton avtomobil benzini, 470,5 min ton ağ neft, 1,9 min ton dizel yanacağı istehsal olunmuş, sürtkü yağlarının istehsalında 16,7, neft bitimunda 8,7, ilkin emal benzinində 15,9 faiz artım qeydə alınmışdır ki, bu da ümumilikdə 3,7 faiz artım deməkdir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafına həsr olunmuş iclasında demişdir: "Ölkəmizin sənaye inkişafı ilə bağlı proqramlar icra edilir. Qeyri-neft sənayesi Azərbaycanda 9,2 faiz artmışdır. Çox gözəl göstəricidir. Ümid edirəm ki, gələn il də artacaqdır. Bu yaxınlarda ölkənin sənaye potensialını gücləndirən yeni alüminium zavodu fəaliyyətə başlayacaqdır. Biz alüminium sənayesinin inkişafı ilə bağlı əvvəlki dövrdə çox konrket və ciddi addımlar atmışıq. Kreditlər vermişik, ondan sonra Gəncədə böyük yarımstansiya tikilmişdir ki, bu yeni sənaye kompleksinin işini təmin etsin".

Yeri gəlmişkən qeyd edək ki, bu ilin 9 ayının nəticələrinə görə, ölkənin kimya, əczaçılıq, rezin və plastmas məlumatları istehsalı müəssisələri tərəfindən 883 milyon manatlıq məhsul istehsal olunmuşdur. Əvvəlki ilin 9 ayı ilə müqayisədə bu sahədə məhsul istehsalı azalsa da, əsas kimya məhsullarından olan polietilenin istehsalında 7,7, kaustik sodanın istehsalında 3,6 dəfə, propilenin istehsalında isə 20,2 faiz artım müşahidə edilmişdir. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların istehsalı 35,4, polimer örtüklərin istehsalı isə 47,8 faiz artmışdır.

Hesabat dövründə tikinti materialları sənayesində müəssisələr tərəfindən ümumilikdə 180,6 milyon manatlıq məhsul istehsal edilmişdir. Belə ki, yanvar-sentyabr aylarında 1036,4 min ton sement, 80,2 min ton tikinti gipsi, 830,6 min ton hörmə üçün hazır beton qarışığı, 25,7 min kubmetr betondan yığma-tikinti konstruksiyaları, 276,7 min ton asfalt və 169,4 min kubmetr tikinti kərpici istehsal olunmuşdur. Eyni zamanda, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 200,3 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, istehsalın həcmi metallurgiya sənayesində 1,8 dəfə artmışdır. Yanvar-sentyabr ayları ərzində keçən ilin eyni dövrünə nisbətən 1,8 dəfə çox poladtökmə məhsulları, 34,1 faiz çox armatur, 2,4 dəfə çox polad borular buraxılmışdır.

Hazırda sənaye sahəsində çalışan müzdlu işçilərin sayı 163,6 min nəfərdir. Onların 35,1 min nəfəri mədənçıxarma, 77 mini emal, 29,4 mini elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 22,1 min nəfəri su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində işləyir. Həmin sahələrdə işləyənlərin orta aylıq əməkhaqqı 520 manatdır ki, bu da 17,6 faiz artım deməkdir. Əməkhaqqının daha çox artımı əczaçılıq, metallurgiya sənayesi, mebel, kağız və karton istehsalı, hazır metal məmulatlarının istehsalı, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı, poliqrafiya fəaliyyəti, toxuculuq sənayesi və s. sahələrdə müşahidə olunmuşdur. Qeyri-dövlət sənaye müəssisələrində işçilərin əməkhaqqı daha yüksək olmaqla 630,8 manat təşkil etmişdir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafına həsr olunmuş iclasına yekun vurarkən demişdir: "İxracyönümlü sənaye potensialımız artacaqdır. Beləliklə, növbəti illərdə, təqribən 10-15 ildən sonra biz elə etməliyik ki, qeyri-neft iqtisadiyyatımız, əlbəttə ki, qoyulan hədəflərə uyğun olsun. Hədəfimiz də ondan ibarətdir ki, Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul inkişaf etmiş ölkələrin səviyyəsində olmalıdır. Bu məsələ ilə bağlı ölkə daxilində görülən işlər öz nəticəsini verməkdədir".

 

R.KAMAL,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video