20 Iyul 2012 12:07
430
Fərmanlar
A- A+

«Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində, 9.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 9.4-cü, 9.5-ci, 10.2-ci maddələrində, 10.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 21.2-ci maddəsində ikinci halda və  21.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.2. həmin qanunun 15.1-ci, 16.1-ci (mədəni bitkilərin genetik ehtiyatları kolleksiyalarının sahibi olan fiziki və hüquqi şəxslərin dövlət uçotu sahəsində), 16.2-ci, 17.1-ci və 18.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə həyata keçirir;

1.3. həmin qanunun 18.1-ci və 18.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini fəaliyyətin müəyyən olunması hissəsində yerli icra hakimiyyəti orqanları, həmin fəaliyyətə məhdudiyyətlər qoyulması hissəsində yabanı bitkilərə münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, mədəni bitkilərə münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə həyata keçirirlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.3. "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq, mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması qaydasını və şərtlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.4. həmin qanunun 9.3-cü maddəsinə uyğun olaraq, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın Əsasnaməsini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.5. həmin qanunun 9.5-ci maddəsinə uyğun olaraq, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuralarının və prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının əsasnamələrini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.6. həmin qanunun 10.2-ci maddəsinə uyğun olaraq, mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələrini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.7. həmin qanunun 10.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Genbankının Əsasnaməsini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.8. həmin qanunun 21.2-ci maddəsinə uyğun olaraq, ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.9. həmin qanunun 21.4-cü maddəsinə uyğun olaraq, genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə Azərbaycan Respublikasına idxalı qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 iyul 2012-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video