11 Oktyabr 2021 22:33
1030
CƏMİYYƏT
A- A+

Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışı olub

 

IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət oktyabrın 11-də sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 9, 11, 13, 17 ünvanında yerləşir və 2300 sakinin yaşadığı məhəlləni əhatə edir.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib. Leyla Əliyeva həyətdə aparılan abadlıq işləri ilə tanış olub, sakinlərlə söhbət edib, onlarla şəkillər çəkdirib.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları qurulub, futbol, basketbol, şahmat meydançaları və uşaq meydançaları salınıb, velosiped yolu çəkilib. Həyətin ərazisində 13 söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, yeni su xətti çəkilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət edilməklə 600 ədəd ağac əkilib.

Məhəllə sakini Namiq Mirzəyev saxladığı göyərçinlər üçün geniş yuvanın tikilməsinə görə minnətdarlıq edərək deyib: “Göyərçinlər çoxdandır ki, bizim həyətdə məskən salıblar. Onların yeri dar idi və havalandırmaları yox idi. Minnətdarıq ki, onlar üçün gözəl şərait yaradıblar. Yerləri geniş, yuvaları rahatdır. Göyərçinlərin sayı 80-dir. Yerin genişliyindən istifadə edərək saylarını artırmağa çalışırıq. Balacalara onlar haqqında məlumat verir, sülh rəmzi olduğunu başa salırıq. Tədbirlərdə sülh rəmzi kimi onları göylərə buraxırıq”.

İyirmi ilə yaxındır həmin məhəllədə yaşayan müəllimə Naibə Cəfərova bildirib ki, çox bərbad vəziyyətdə olan həyətin belə abadlaşdırılması, idman meydançalarının, uşaqlar üçün əyləncə yerlərinin quraşdırılması böyüklərlə yanaşı, balacaları da sevindirir: “Aparılan abadlaşdırma işləri zamanı bütün yaş qrupları, hətta sağlamlıq imkanları məhdud olanlar da nəzərə alınıb. Axşamlar ürək rahatlığı ilə həyətə düşür, açıq havada gəzir, söhbətgahda oturub söhbət edə bilirik. Balacalar da onlar üçün quraşdırılan əyləncə yerlərində doyunca əylənirlər. Uşaqlar futbol, şahmat, basketbol oynayırlar. Həmçinin həyətdə ağaclar da əkilib. Bu da həm həyəti daha da gözəlləşdirib, həm də məhəllə sakinlərinin sağlamlığına xidmət edir. Yaradılan şəraitə görə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya təşəkkür edirəm”.

Təqaüdçü Xan Şəmsəddinovun sözlərinə görə, 20 ildir həmin məhəllədə yaşasa da, bu illər ərzində həyət heç vaxt belə abad olmayıb. O deyib: “Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində xeyli sayda həyətin təmir olunduğunu və sakinlərin istifadəsinə verildiyini eşitmişdik. Çox sevinirik ki, layihə çərçivəsində abadlaşdırılan həyətlərdən biri də bizim həyət oldu. Ötən il dövlətimizin başçısı Qarabağımızı azad edərək bizə çox böyük bir sevinc bəxş etmişdi. Bu il də həyətimizin abadlaşdırılmasının sevinci bizə qismət oldu. Prezident İlham Əliyev və onun ailə üzvlərinə xalqın sevincinə səbəb olan xeyirxah işlərinə, əhaliyə göstərdikləri diqqət və qayğıya görə minnətdaram”.

Qeyd edək ki, “Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Həmin layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmağa ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələr IDEA İctimai Birliyinə təqdim edilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video