17 Iyul 2021 23:26
1072
SİYASƏT
A- A+

Leyla Abdullayeva: Ermənistandan fərqli olaraq, Azərbaycanın bu günədək heç bir dövlətə qarşı ərazi iddiası olmayıb  

.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə brifinqdə səsləndirdiyi fikirlərlə bağlı KİV-in suallarını cavablandırıb.

AZƏRTAC xəbər verir ki, Leyla Abdullayeva Nikol Paşinyanın Azərbaycanın qonşu dövlətlərin ərazisinə iddiasının olması, sərhəd gərginliyi yaratması və delimitasiya prosesinə əngəl törətməsi kimi fikirlərinin növbəti, tamamilə yalan və iftira dolu bəyanat olduğunu bildirib.

Leyla Abdullayeva deyib: “Bu cəfəng iddiaları 30 ilə yaxın Azərbaycana qarşı təcavüz siyasəti həyata keçirən, ərazilərini işğal altında saxlayan, bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını pozan ölkənin lideri səsləndirir. “Böyük Ermənistan” xülyasından çıxış edərək Azərbaycana qarşı ərazi iddialarını bu gün də davam etdirən, bu iddiaların ölkə Konstitusiyasında əks olunduğu Ermənistanın baş naziri görünür ki, ölkəsinin aqressiv, destruktiv və barışmaz siyasətinə hər hansı “əsaslar” yaratmağa çalışır. N.Paşinyanın diqqətinə çatdırırıq ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın bu günədək heç bir dövlətə qarşı ərazi iddiası olmayıb. Azərbaycan dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmətlə yanaşır və eyni yanaşmanın Azərbaycana münasibətdə nümayiş etdirilməsini tələb edir.

Azərbaycan xalqının milli tarixi yaddaşında soydaşlarımızın tarixən köklü xalq olaraq yaşadığı müasir Ermənistan ərazisi Qərbi Azərbaycan adlanır və məlum olduğu kimi, XX əsr ərzində soydaşlarımız bu ərazidən, sonuncusu 1988-ci il olmaqla, üç dəfə deportasiya edilib. Zəngəzur bölgəsi, onun şərq və qərb hissələrinə bölünməsi də tarixi reallıqdır. Soydaşlarımızın həmin ərazilərə qayıtması onların malik olduğu ən təbii haqlarıdır. Bu, ərazi iddiası yox, qaçqınların öz evlərinə geri qayıtmasıdır, necə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat bunu özündə ehtiva edir.

O ki qaldı, Paşinyanın “sərhəd gərginliyi, delimitasiya prosesinə əngəl törətmək” iddialarına, bu, Ermənistan baş naziri vəzifəsini icra edən şəxsin riyakarlığından başqa bir şey deyil. Ərazi bütövlüyünü təmin edən Azərbaycan ərazilərinin işğalı amilinin aradan qaldırılması ilə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmağa, delimitasiya və demarkasiya prosesini başlamağa hazır olduğunu bəyan edib, bu istiqamətdə əməli addımlar atıb. Ermənistan isə bunun qarşılığında vəziyyəti gərginləşdirmək, revanşizm, sülhü şərtləndirmək mövqeyindən çıxış edir. İllərdir ki, sərgilənən bu destruktiv yanaşmanın Ermənistan üçün nə ilə nəticələnəcəyini təxmin etmək isə çətin deyil”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video