08 Aprel 2021 00:32
878
Səhiyyə
A- A+

Koronavirusdan xilas olmaq üçün mübarizə davam edir

 

Statistik göstəricilər hələ də ürəkaçan deyil. Dünyada koronavirusa yoluxanların və həyatını itirənləri sayı getdikcə artır. Yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ, Braziliya, Hindistan, Fransa və Rusiyadır.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm halları Rusiyadan sonra ardıcıl olaraq İranda və Türkiyədə qeydə alınıb. Həmçinin digər qonşu  ölkələrdə - Gürcüstanda və Ermənistanda da koronavirusla bağlı statistik göstəricilər yüksəkdir.

Son günlər ölkəmizdə də bu təhlükəli infeksiyaya yoluxma və ölüm halları artıb. Azərbaycan hökuməti koronavirusa qarşı mübarizə tədbirlərini səylə davam etdirir. Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq aprelin 5-dən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi bununla əlaqədardır. Belə ki həmin tarixdən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumtəhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant formada təşkili həyata keçirilir.

Digər şəhər və rayonlara gəlincə, burada da tədris sanitariya-gigiyena tələblərinə əməl edilməklə qismən əyani formada davam etdirilir.

Distant tədris zamanı dərslər “Virtual məktəb”, eləcə də digər onlayn platformalar üzərindən keçirilir. Bundan başqa, şagirdlərə “Dərs vaxtı” teledərsləri izləmək tövsiyə edilir.

Ümumtəhsil müəssisələrində artıq müəllim və texniki heyətin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Təhsil Nazirliyindən tədris prosesinin səmərəli təşkili üçün müəllim, eləcə də texniki heyətin vaksinasiya prosesində iştirakının zəruri olduğu bildirilib.

Həmçinin Təhsil Nazirliyi ictimaiyyətə sanitariya-gigiyena qaydalarına əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə COVID-19 virusundan qorunmağı bir daha tövsiyə edib. Təhsil Nazirliyinin martın ortalarından başlayaraq koronavirusa yoluxma sayının artmasının 5 şəhər və rayonda distant təhsilə keçirilməsi ilə bağlı qərar verməsinə səbəb olduğunu diqqətə çatdıran Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva vurğulayıb: “Artıq distant təhsillə əlaqədar müəyyən ənənələr var. Əyani təhsilə keçid mərhələsinin nə zaman olması barədə dəqiq məlumat verməsək də, arzulayaq ki, bu tez bir zamanda həyata keçirilə bilsin”.

Mehriban Vəliyeva Bakı məktəbləri üzrə ümumilikdə 1086 şagird və 695 müəllimin koronavirusa yoluxduğunu açıqlayıb. Qeyd edib ki, onlardan 739 şagird və 466 müəllim son 14 gündə koronavirusa yoluxub: “Buna görə də düşünürəm ki, qəbul edilən qərar doğrudur”.

Qeyd edək ki, Azərbaycanda bütün sahələrdə vaksinasiya prosesi uğurla davam etdirilir. Dövlətimizin səyi və vətəndaşlarımızın fəallığı sayəsində peyvənd olunanların sayı artmaqdadır. Ölkədə koronavirusa yoluxma və ölüm sayının artdığı bu günlərdə vətəndaşlardan da daha diqqətli və məsuliyyətli olmaq tələb olunur. Ancaq tez-tez bunun əksini görürük. Təəssüfedici məqamlardan biri də polis əməkdaşları tərəfindən ölkə ərazisində, demək olar ki, hər gün aktiv koronavirus xəstəsinin ictimai yerlərdə aşkar edilərək saxlanılmasıdır. Polis əməkdaşları onlarla izahedici söhbətlər aparır, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarır və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılır. Bəziləri barəsində hətta Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılır. Amma vətəndaşlar arasında öz məsuliyyətini başa düşmək və yerinə yetirmək istəməyənlər yenə də olur.

Bütün dünyada isə bu günlərdə koronavirusdan xilas olmaq üçün  tədqiqatlar, araşdırmalar davam etdirilir. Belə bir vaxtda koronavirusun yeni növlərinin meydana çıxması təəssüf doğurur. Son məlumata görə, ABŞ-da koronavirusun Hindistan ştammına yoluxma qeydə alınıb. Bu barədə “San Francisco Chronicle” məlumat yayıb. Bildirlib ki, yoluxma Kaliforniyada aşkarlanıb. Mütəxəssislər ehtimal edirlər ki, daha yeddi nəfər də həmin ştamma yoluxub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, koronavirusa yalnız insanlardan deyil, ev pişiklərindən, itlərdən də yoluxmaq mümkündür. “RİA Novosti”nin məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bununla bağlı açıqlama verib. O deyib: “COVID-19 virusu əsasən insandan insana yoluxma yolu ilə yayılır, ancaq zoonoz virus olduğu üçün insan-heyvan kanalı ilə yoluxma sübutları var. Aralıq  bənd hələ müəyyən edilməyib”.

Məlumata görə, it və pişiklərdən əlavə, insanlar həmçinin su samurları, Ussuriya yenotu, şir və pələngləri də koronavirusa yoluxdura bilərlər.

Elm adamları isə virusun digər heyvan növlərinə də təsirini araşdırmağa davam edirlər. COVID-19 xəstəliyinin ev heyvanları (it və pişik) arasında yayılmasının araşdırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən elmi-tədqiqat işlərinə başlanılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən  layihənin COVID-19 törədicisinin heyvanlar arasında yayılması səbəblərinin aşkarlanması və törədicinin ətraf mühitdə dövr etməsinin qarşısının alınması məqsədilə həyata keçiriləcək profilaktik tədbirlər baxımından böyük elmi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tədqiqat işlərinin gedişatına əsasən, COVID-19 testi pozitiv və ya şübhəli olan, insanlarla sıx təmasda olan, temperatur və kəskin respirator əlamətlər (yüksək temperatur, burun axması, öskürək, asqırma, pnevmoniya və s.) aşkar edilən, eləcə də son bir ay ərzində bu kimi əlamətlərin müşahidə olunduğu ev heyvanlarından nümunələr götürülür.

Mərhələli şəkildə həyata keçiriləcək layihə hazırda Bakı şəhəri və Abşeron rayonu ərazisində yerləşən baytarlıq klinikalarında müayinə olunan, həmçinin heyvan sığınacaqlarında saxlanılan it və pişiklərdən müvafiq nümunələrin (qan və yaxma) götürülməsi ilə davam etdirilir.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video