03:55 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Koronavirusa yoluxanlar ona yenidən yaxalana bilər

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:20 17.09.2021

 

Odur ki, məsuliyyətli olmaq, vaksinasiyadan keçmək vacibdir

 

Bəşəriyyət üçün təhlükəli xəstəlik olan koronavirus infeksiyasının pandemiyaya çevrilməsi dövlətlərin sosial-mədəni, eləcə də iqtisadi həyatını iflic edir. Buna görə də iki ilə yaxın müddətdir bu bəladan xilas olmağın yolları araşdırılmaqdadır.

Bu gün infeksionist-həkimləri daha ciddi düşündürən məsələ ondan xilas olmağı insanlara başa salmaqdır. Əhalini isə son günlər narahat edən bir adamın ildə neçə dəfə koronavirusa yoluxa bilməsidir. Həkimlərin fikirlərindən məlum olur ki, bu il yoluxanlar arasında keçən il virusdan uzaq durmağı bacarmayanlar da var. Hətta bir il əvvəl yoluxub, 2 doza vaksin olunanlar da xəstələniblər. Rusiyalı infeksionist-həkim Boris Çuradze bundan sonra koronavirusa bir neçə dəfə yoluxmağın mümkünlüyünü açıqlayıb: “Təcrübəmizdə hətta yoluxub sağaldıqdan 3 ay sonra yenidən yoluxanlar olub. Çox nadir halda insan il ərzində 3-4-5 dəfə koronavirusa yoluxub və bu xəstəliyi keçirib. Lakin bu, az halda olur. Ən çox rast gəlinən isə ildə 2 dəfə yoluxma halları idi. Bu, virusun mutasiyaya uğraması və fərqli ştamların yaranması ilə izah olunur. Çox halda təkrar yoluxma yüngül keçir. Lakin əgər gələcəkdə daha güclü mutasiya olarsa, ikinci yoluxma ağır keçə bilər. Eyni ştamma yoluxduqda ikinci, üçüncü dəfə onu daha yüngül keçirirsən. Bəzən xəstə test verməsə, yoluxduğunu bilmir. Təcrübədə xəstəliyi birinci dəfə yüngül keçirərək ikinci dəfə xəstəxanaya düşənlər olub. Populyasion immunitet formalaşandan və vaksinasiya çoxalandan sonra xəstələnmə gedişatı yüngülləşəcək, yoluxma sayı azalacaq. Aybaay, ildən-ilə kütləvi populyasion immunitet artacaq. Artıq növbəti ildə koronavirusun cəmiyyət üçün faciəvi olmayacağını görəcəyik. Bu infeksiyadan ölüm azalacaq, yoluxmalar yüngül keçəcək. Pandemiya davam edərsə, orta statistik olaraq, bir insanın ildə 2 dəfə yoluxması mümkündür”.

“Koronavirusa yoluxduqdan bir müddət sonra antitellər məhv olur. Bu səbəbdən virusa yoluxmuş şəxs yenidən xəstəliyi keçirə bilər”.

 

6-7 ay immunitet güclü olur

 

Bu fikirlərin müəllifi həkim Qalib Əsədov onu da vurğulayıb ki, ilk dəfə yoluxan zaman insanlar xəstəliyi nə qədər ağır keçirsə, immunitet bir o qədər güclü olar: “Yüngül keçirən insanlar 2-3 aydan sonra yenidən yoluxarsa, bu halda xəstəliyi ağır keçirənlərdə təxminən 6-7 ay immunitet güclü olur. Həmçinin təkrar yoluxma zamanı xəstəliyin yüngül keçirildiyi bildirilsə də, bəzi şəxslərdə bu, özünü doğrultmur. Bu gün bütün dünyada təkrar yoluxma halına rast gəlinir. Təkrar yoluxmalar qısamüddətli immunitetin yarandığını göstərir”.

COVID-19-dan dünyasını dəyişənlərin sayının ötənilkindən çox olmasına baxmayaraq, hələ də bu dəhşətli ölüm kabusuna inanmayanlara da rast gəlinir. Məhz bu inamsızlığın nəticəsidir ki, vaksinasiya ilə bağlı aparılan təbliğat, tətbiq edilən cərimələr və inzibati cəzalar bəzən müsbət nəticəsini göstərmir.

“Təkcə bizdə deyil, bütün dünyada belədir ki, koronavirusa inanmayanların sayı inananlardan çoxdur. Hamı deyirdi ki, heç yaxın qohumda, qonşuda COVID-19-a yoluxan görmədik. Bəzi insanlar var ki, koronavirus xəstəliyindən müalicə alsalar belə bunu heç yaxınlarına da demirlər...” TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bu fikirləri koronavirusa inanmayanlarla bağlı söz açarkən bildirib. TƏBİB rəsmisi  qeyd edib ki, bu, ilk növbədə, mentalitetimizlə bağlıdır: “...Sanki koronavirusa yoluxmaq bir ayıbdır. Koronavirus yuxarı tənəffüs yolu infeksiyasıdır. Hansı ki sonradan pnevmoniyaya da səbəb olur. Hamının yoluxma ehtimalı var və heç kim bundan sığortalanmayıb. Yəqin ki, insanlar ətrafında olan şəxslərdən birinin koronavirusa yoluxmasından sonra buna daha çox inanacaqlar. Amma onda da gec olacaq. Bu, təkcə Azərbaycana xas olan xüsusiyyət deyil, dünyəvi problemdir. Biz koronavirusa yoluxan insanların hansı vəziyyətdə olduğunu görürük. Təbii ki, yüngül formada keçirənlər daha çoxdur. Ancaq orta-ağır və ağır formada keçirənlərin də sayı az deyil. Buna hazırda inanmaq lazımdır. Bu inam bizə xeyir gətirə bilər...”

 

“Delta”nın sonuna çıxmaq olar”

 

Əlbəttə, bu fikirdə olan insanlara artıq cəmiyyətdə az-az rast gəlinir. Lakin məsələ onların sayının azalmasında deyil. Hələ vaksinasiya prosesində iştirakdan dolayısı ilə uzaqlaşanlar barmaqla göstərilmir, baxmayaraq ki, yaxın-uzaq qohumları və doğmaları koronavirusdan xilas ola bilməyərək dünyasını vaxtsız dəyişənlər də var.

Daha bir mühüm məqam da virusoloqların yaxın zamanlarda 4-cü dalğanın olub-olmayacağı barədə söylədiyi fikirlərdir. Əsas risk təhsil müəssisələrinin açılması ilə bağlıdır. Ötən il birinci və ikinci dalğada 90 faiz ölkələrdə təhsil onlayn, yəni distant formada idi. Bu gün isə peyvənd olunmuş müəllimlərlə vaksin olunmayan şagird ordusu qarşılaşacaq.

Professor Sergey Netesov 4-cü dalğanın məhz bu səbəbdən ola biləcəyini bildirib: “Distansion təhsil özünü doğrultmadı, dünya risklərə rəğmən əyani təhsilə keçir. Bu, çox riskli vəziyyətdir, hətta bütün pedaqoqlar 2 doza vaksin olunsalar da. Uşaqları heç kim peyvəndləmir, “delta” ştammı hətta beşyaşlı uşaqlara da keçir. Uşaqlar koronavirusdan qorunmağı bilmirlər, maska taxmayacaqlar, sosial məsafə gözləməyəcəklər. İndidən hesablamaq belə çətindir ki, yoluxma hansı miqyasda olacaq. Əgər peyvəndləmə zəifdirsə, müəllim və şagirdlər maska taxmayacaqsa, dərslər başlayandan 2 həftə sonra növbəti dalğa qaçılmazdır. Yeganə yol 2 doza vaksin olunub, sinifdə maska taxmaqdır. Amma bu dəfə də uşaqlar arasında yoluxma hallarının artacağını görə bilərik. Ona görə də yeni tədris ili müəllimlərdən çox uşaqlar üçün təhlükəli ola bilər. Hazırda “delta” ilə mübarizə aparırıq. Yeni ştamlar meydana gəlməsə, daha bir dalğa ilə “delta”nın sonuna çıxmaq olar”.

 

Artıq xəstəxanalara azyaşlı uşaqlar da daxil olur

 

Həkimin sözlərinə görə, Rusiya əyalətlərində xəstəxanalara azyaşlı uşaqlar daxil olur və onların arasında vəziyyəti orta-ağır olanlar da var. Virusoloqlar təcili olaraq uşaqlar üçün korona vaksininə ehtiyac olduğunu bildirirlər. “El bir olsa, dağ oynadar yerindən”. Dediklərimizi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış-veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum...”

Tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov 4-cü dalğanın uzun müddət davam etməsinin səbəblərini də izah edib: “Mənim proqnozumla dördüncü dalğa bu günlərdə bitməli idi. “Delta”nın dalğası nisbətən uzun çəkir, çünki sürətlidir, yanından keçən adama da yoluxa bilir. Ailədəkilər də tez yoluxur. Amma nə qədər sürətli olsa da, hər dalğanın müəyyən müddəti var. O müddəti keçə bilməz. Tezliklə bitəcək. Qorunma tədbirlərini hamı bilir. Bir az ciddi yanaşsanız, tezliklə yoluxma sayında kəskin enmənin şahidi olacağıq”.

Tədris ilinin başlanması ərəfəsində məktəblərin fəaliyyətini bərpa etmələri və müəllimlərin hansı formada dərs deyəcəyi barədə  məqamlar müzakirə mövzusudur. Haqlı sualdır: peyvənd olunmayan müəllim üzbəüz dərs deyə bilərmi?

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM