07 Fevral 2012 01:02
378
Mədəniyyət
A- A+

Kinolentlərin yaddaşı, yaxud köhnə tanışlar

 

Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən biri olmuş, əvvəllər milli opera tamaşalarında, sonralar musiqili komediya janrında, ən nəhayət, bədii filmlərdə çıxış edən Münəvvər Kələntərli haqqında düşünəndə onun müxtəlif libaslı, eləcə də maraqlı, məzəli, duzlu, lirik və ciddi obrazları gözlərimiz önündə canlanır. Bəlkə də öz həmkarları arasında yeganə sənətkar idi ki, o, bu qədər çoxcəhətli fəaliyyəti ilə diqqət çəkir. Təəssüf ki, opera və komediya teatrında çalışdığı vaxt iştirak etdiyi tamaşalar lentə alınmayıb. Onun bu sahədəki müqtədir fəaliyyəti barədə ancaq xatirələrdən, bir də teatrşünasların qələmə aldığı yazılardan xəbər tutmaq mümkündür. Yaxşı ki, çəkildiyi filmlər bu gün də maraqla seyr edilir və onun aktrisalıq qabiliyyəti haqqında dolğun təsəvvür yaranır. Bu yadigar lentlərin yaddaşı çox möhkəmdir. Orada müxtəlif obrazların paltarında, adlarında boylanan Münəvvər Kələntərlinin özünün də təbiətini, daxili aləmini, düşüncə və duyğularını anlamaq olur.

O, 1912-ci ilin fevralında Lənkəranda anadan olub. Qardaşı Haşım Kələntərli ötən əsrin əvvəllərində muğam və xalq mahnılarının ən gözəl ifaçılarından biri kimi məşhurlaşıb. İstər Haşımın, istərsə də Münəvvər xanımın Bakıya gəlməsində, musiqi aləmində parlamasında bu nəslə gəlin gəlmiş şamaxılı Yavər Zamanovanın (sonralar Kələntərli) böyük rolu var idi. Yanıqlı avazı, məlahətli səsi ilə qəlblərə hakim kəsilən, bu gün barəsində xiffət dolu xatirələr söylənən Yavər Kələntərli, sözün həqiqi mənasında, bu qardaş-bacıya böyük hamilik göstərib. 1929-cu ildə Münəvvər onun dəvəti ilə Bakıya gəlib. Konsert proqramlarında bacı-qardaş bir yerdə müxtəlif muğamları, xüsusilə də Lənkəranda dəbdə olan el nəğmələrini - "Aman, nənə", "Kişmiri şal", "Lolo" mahnılarını özlərinə məxsus avazla ifa edərdilər. Hətta ali məktəblərdə təşkil olunan konsertlərə bu cavan ifaçıları da dəvət edərdilər. Tarzən Qurban Pirimovun, kamançaçı Qılman Salahovun, qarmonçalan Teymur Dəmirovun müşayiətilə Kələntərlilər muğam oxuyardılar. Bəzən də Yavər Kələntərli özü Haşımla birlikdə duet ifa edərdi.

Münəvvər Kələntərlinin şirin səsindən xəbər tutan Müslüm Maqomayev onu 1933-cü ildə operaya dəvət edib. Opera səhnəsində Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında Münəvvər Kələntərli Leyli, Leylinin anası rolunu oynayıb. "Əsli və Kərəm"də Əsli, "O olmasın, bu olsun" operettasında Sənəm surətlərini yaradan Münəvvər Kələntərlinin bu sahədəki obrazlar qalereyası getdikcə zənginləşir. O dövrün görkəmli sənətkarları ilə tərəf-müqabili olmaq gənc qızı sevindirsə də, onun ürəyindən başqa bir teatrda çalışmaq keçirdi. Bakıya da elə bu niyyətlə gəlmişdi. Nəhayət, o, bu arzusuna da qovuşur. Sonralar sorağı Musiqili Komediya Teatrından gəlməyə başlayır. Beləliklə, o, bu teatrın səhnəsində Fikrət Əmirovun "Gözün aydın", Süleyman Ələsgərovun "Ulduz", Tofiq Quliyevin "Qızıl axtaranlar", Səid Rüstəmovun "Durna", Azər Rzayevin "Aya səyahət" və başqa tamaşalarda müvəffəqiyyətlə çıxış edib. Səhnə ömrünü yaşadığı Gövhər, Tamam, Xədicə, Nisə, Kəblə Fatma və başqa obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanır. Aktrisa tamaşaçını güldürməyi də, düşündürməyi də ustalıqla bacarırdı. Münəvvər xanımın öz təbiətində də ürəyə yatan bir ovqat var idi. Bir tərəfdən o, son dərəcə ciddi qadın idi. Aktrisa kimi də işinə məsuliyyətlə yanaşmağı sevirdi. Yəni o buna çalışmırdı, təbiətən belə idi. Bir tərəfdən də deyib-gülməyi, yerində şənlənməyi, duzlu-məzəli danışmağı xoşlayırdı. Bu səbəbdən də yaratdığı hər bir obraza özünün möhürünü vururdu. Tamaşanın və təqdim etdiyi surətin xarakterindən asılı olaraq onun üçün rola girmək elə də çətin deyildi. Bunun bir səbəbi aktrisanın istedadından gəlirdisə, digəri Münəvvərin yaratdığı obrazı daxilən mənimsəmək qüdrətindən asılı olurdu. İstər rejissorlar, istərsə də həmkarları onun roldan-rola necə dəyişdiyindən, başqalaşmaq qabiliyyətindən həmişə heyrətə gələrdilər. Lütfəli Abdullayevlə tərəf-müqabilliyi çox maraqlı alınardı. İstər səhnədə, istərsə də kinoda onların yaradıcılıq ünsiyyəti çox tutardı.

Münəvvər Kələntərlini bugünkü nəslin yaddaşında yaşadan, heç şübhəsiz ki, onun bədii filmlərdə yaratdığı rollardır. İkinci dünya müharibəsinin getdiyi illərdə Bakıda Üzeyir Hacıbəylinin məşhur "Arşın mal alan" operettasının mətni əsasında film çəkilirdi. Xala obrazını da yaratmaq Münəvvər xanıma tapşırılmışdı. Demək olar ki, o dövrdə bu filmə çəkilən bütün aktyorları Üzeyir bəy özü məyyənləşdirmişdi. O dövrün tələbinə görə, film ekranlara buraxılmazdan əvvəl Moskvada ictimai baxışdan keçməli idi. Film uğur qazandı. O zaman yaratdığı Xala obrazına görə, Münəvvər Kələntərli SSRİ Dövlət mükafatına layiq görüldü. Sonralar "Görüş", "Qızmar günəş altında" "O olmasın, bu olsun", "Bəxtiyar" filmlərində də unudulmaz obrazlar yaradan Münəvvər Kələntərli istər tamaşaçıların, istərsə də rejissorların sevimlisinə çevrilmişdi. Bunun da bir səbəbi var idi. Münəvvər Kələntərli ilə işləmək çox rahat idi. Rejissor Adil İsgəndərov söhbətlərin birində belə deyib: "Mina, bu camaat (çəkildiyi filmlərin rejissorlarını, rejissor assistentlərini, operatorları, tərəf-müqabilləri nəzərdə tuturdu - F.X.) ən çox səninlə işləyəndə istirahət edir".

Teatrşünaslar söyləyirlər ki, Münəvvər Kələntərlinin obrazı yaratmaqda qəribə yanaşma metodları olardı. Mütləq təqdim etdiyi surətin xarakterində öz təbiətinə uyğunluq taparaq onu təbii yaratmağa səy göstərərdi. Rolun həyatına, daxili aləminə elə bənd olarmış ki, özünü çəkiliş meydanında deyil, həyatda hiss edərmiş. Hətta danışırlar ki, "O olmasın, bu olsun" filminin çəkilişi zamanı Sənəm - Münəvvər Kələntərli qapının arxasında dayanaraq açar yerindən içəri baxmağa çalışır. Qəflətən qapı açılır. Aktrisa yıxılır. Sən demə, həmin vaxt Münəvvər Kələntərlinin həqiqətən də çeçələ barmağı sınır və onun qışqırtısı da son dərəcə təbii və təsirli alınır.

O, 25 yaşında ailə qurmuşdu. Bir qız anası idi. Təəssüf ki, bu izdivacın ömrü çox uzun olmayıb. Həyat yoldaşı Bakıda deyil, məhz Qusarda yaşamağa üstünlük verib, Münəvvər Kələntərli isə "Mən sənətimi atıb heç hara gedə bilmərəm" - bağlılığından qopa bilməyib. Bu səbəbdən də qızı Validə ilə paytaxtda qalmalı olub. Sənətdə bəxti gətirən, böyük ehtiram və məhəbbətlə qarşılanan, sevilən Münəvvərin taleyi o qədər də üzünə gülməyib. Nə qədər şən, nikbin, xoşbəxt görünsə də, şirin, duzlu, səxavətli olsa da, xəstəliklər ondan uzaq düşməyib. Müxtəlif cərrahi əməliyyatlara məruz qalıb. Belə əməliyyatların birində həkimin səhvi ucbatından dünyasını dəyişib. 50 yaşını təzə tamamlamış Münəvvər Kələntərli istər kinoda, istərsə də səhnədə hələ çox rollar təqdim etməli idi. Başqa respublikalardan da təkliflər almışdı. Səfər üstə idi. Amma  öz həyatı yarımçıq qırıldı. On il idi ki, "Vətən" kinoteatrında direktor müavini kimi çalışırdı. Müxtəlif təltiflərə, fəxri adlara layiq görülmüşdü. Onu təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-nin bütün müttəfiq respublikalarında tanıyır və sevirdilər. Təəssüf ki, vaxtilə min bir həvəs və məhəbbətlə qədəm atdığı və alqışlarla qarşılandığı Musiqili Komediya Teatrına son dəfə vida görüşünə gətirildi. Bir vaxt onu alqışlayan əllər indi bu sevincdən uzaq düşərək yanaqlardan yuvarlanan göz yaşlarını silirdi...

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video