01 Aprel 2021 00:31
864
Mədəniyyət
A- A+

Kimə, nəyə, niyə gülürük?

 

Tamaşaçıya düşünərək gülməyi, gülərək düşünməyi öyrədən gülüş bəxş edək

 

Viktor Hüqo deyirdi ki, “Gülüş - Günəşdir. O insanın üzündən qışı qovur”. Gözəl ifadə edib, amma gülüş də var, gülüş də...

Cahan ki solmayan bir bağça-bağdır,

Burda rəvamıdır gülmədən ölmək!

Yazıq o şəxsə ki, qaraqabaqdır,

Nə qədər yaraşır insana gülmək!

Düzdür, çox yaraşır, o gülüş səmimi, ürəkdən gələn olarsa...

 

Əslində, 1 Aprel...

 

Bu gün gülüş günüdür. Təki günlərimiz gülüşlə, sevinclə, təbəssümlə dolsun. Bir məsələ var ki, nəyə güldüyümüzün fərqinə varaq, gülüşümüz kortəbii olmasın. Kimə, nəyə, niyə güldüyümüzü bilək...

Romada təxminən 2000 il əvvəl bugünkü gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Eşik qulluqçularından biri imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyib. Qulluqçunun cəsarətini görən Konstantin ona söylədiklərini həyata keçirmək imkanı yaradıb və xüsusi qərar çıxarıb ki, hər ilin bir günü Roma zarafatcıl bir nəfərin idarəçiliyinə verilsin.

XV əsrin sonlarında səlib yürüşlərinin məntiqi davamı olan savaş Əndəlüs müsəlmanlarının son qalasına gəlib çıxır və qala mühasirəyə alınır. Qışın soyuq keçməsinə baxmayaraq, müsəlmanlar qalanı qorumaq üçün çox vuruşurlar. Aylarla davam edən mühasirədən bezən Qərb ordusunun komandiri hiyləyə əl atır. 31 mart gecəsi qalanın qarşısında bir əlində “Quran”, digər əlində “İncil” tutub deyir: “Bu iki kitaba and içirəm ki, bu axşam təslim olsanız, sizə heç nə etməyəcəyəm”. Müsəlmanlar qalanı təslim edirlər. Səhər açılanda, yəni 1 apreldə komandir müsəlmanların qətlinə fərman verir. Əhali ona verdiyi sözü xatırladanda isə “Mən o sözü dünən axşam üçün vermişdim, bu gün üçün yox” - deyir. Həmin gündən bəri 1 aprel xristian ölkələrində “Hiylə, aldatma günü” kimi xatırlanır.

Bəs 1 Apreldən başqa daha nə vaxt və nəyə gülürük?

 

“Lənkəran xanının vəziri”ndən başlayan tarix

 

Azərbaycanda gülüşün, komediyanın tarixini teatrın tarixi ilə götürmək olar. Bu o demək deyil ki, ona qədər Azərbaycanda gülüş mövcud deyilmiş. Gülüş olub, hətta meydan tamaşaları, kəndirbazlar, daha nələr olub ki, insanlar yığışıb onlara baxıb gülüb şənləniblər.

 Azərbaycanda rəsmən komediyanın tarixi isə Mirzə Fətəli Axundovun 1850-ci ildə qələmə aldığı “Lənkəran xanının vəziri” komediyasının tamaşaya qoyulması ilə başlayıb. Tamaşa 1873-cü il martın 22-də Həsən bəy Zərdabi ilə Nəcəf bəy Vəzirovun cidd-cəhdləri nəticəsində həvəskar teatr truppasının ifasında hazırlanıb. Yəni gülüşə, komediyaya, şənlənməyə o qədər meyilliyik ki, teatrımızın da tarixi komediya ilə başlayıb. Əsərin məzmunu da özümüzdən bəhs edir. Məntiqlə bu əsərdə də özümüz özümüzə gülürük. Yenə gəlib çıxır gülüş məsələsinə. Gülüşün də mənalısı, zəngini gözəldir, istər həyatda, istər səhnədə, istərsə də dodaqda...

 

Təlxək gülüşü

 

Hələ buna qədər şahların, xanların dövründə saraylarda təlxəklər olub. Onların missiyası hökmdarları əyləndirib güldürmək idi. Görünür, bu yolla hökmdarlar stres atırmışlar. Ağıllı təlxəklər gülüşarası mesajlar verib, bəzən hökmdarın yanlışlarını da onun öz qulaqlarına çatdırırmışlar. Yəni gülüş yalnız boşuna gülmək üçün bir nəsnə deyil. Gülüş bəzən göz yaşlarından daha acı, daha yandırıcı ola bilir.

Ağıllı təlxək sözünü işlətdik. Təlxək də olanda gərəkdir ağıllısından olasan, əks halda gülüş hədəfi özün olursan ki, indi buna çox rast gəlirik. Güldürmək fikri ilə qarşımıza çıxanlar güldürməyə müyəssər olurlar, sadəcə, əksər halda özləri gülüşün hədəfi olurlar. Yəni gülüş hədəfi etmək istədikləri yox, özləri olurlar.

Zamanı, tarixi vərəqləyib görürsən ki, gülüş, komediya böyük mətləbləri, problemləri özündə etiva etməklə onların, əslində, həllinə çalışmaq missiyasını daşıyıb.

 

“Mozalan” gülüş məktəbi

 

“Mozalan” satirik kinojurnalı yadınızdadır yəqin... Böyük bir zaman kəsiyində bu satirik jurnal güzgü kimi bizi bizə göstərməklə əyrilərimizi düzəltməyə yardımçı oldu. Əyriliklə mənsəb qazananlar “Mozalan”ın jurnallarında özlərini görüb mizan vermək imkanı qazanırdılar.

İndi kim bu imkandan yararlana bilirdi, kim onun göstərdiklərini görə bilirdi, ya özünü korluğa vururdu - bu artıq başqa söhbətin mövzusudur. Çoxları da “Mozalan” sözünü eşidəndə siçan deşiyini satın alırdı ki, amandır, onun hədəfinə tuş gəlməsin. Yəni gülüş, komediya yalnız əyləncə deyil, həm də sosial nəzarətdir, ictimai qınaqdır ki, bu zamanda da böyük ehtiyac duyulur.

 

“Azərbaycanfilm”də gülüş

 

Həmin “Mozalan” “Azərbaycanfilm” kinostudiyasında - “Arşın mal alan”, “O olmasın bu olsun”dan tutmuş “Əhməd haradadır?”, “Görüş”, “Ulduz”, “Pirverdinin xoruzu”, “Bəyin oğurlanması”, “Bəxt üzüyü”, “Lətifə”, “Qayınana”, “Yol əhvalatı”, “Kişi sözü”, “Alma almaya bənzər”, “Şirbalanın məhəbbəti” filmlərinin ərsəyə gəldiyi məkanda çəkilib. Mənalı, düşündürücü gülüş, komediyadır bu filmlərin hər biri...

Bəlkə də öz dövründə bu adıçəkilən filmlər də qəbul edilməyib, tənqid olunub. Məsələn, Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında ekranlaşdırdığı “Əhməd haradadır?” filmini tənqidçi Cəfər Cəfərov sadəlövh və bəsit adlandırıb. Ancaq həmin film bu gün Azərbaycan komediyasının klassikasıdır. Bu filmlərin hər birində hədəf yenə özümüz, öz içimizdə olan ayrı-ayrı ünsürlərdir ki, heç bir tamaşaçı onların yerində olmaq istəməz. Yalnız kinoda, səhnədə görüb gülmək istəyər, baxar, görər və özünə çəki-düzən verər. Bəli, gülüş, komediya buna xidmət edəndir, özünü sənə göstərib özünü redaktə etməyinə zəmin yaradandır.

Gülüş var, Lütfəli Abdullayev, Səyavuş Aslan, Bəşir Səfəroğlu yaradır...

Gülüş də var Arif Quliyevin, Fərda Xudaverdiyevin, Elməddin Cəfərovun yaratdıqları...

Lütfəli Abdullayev gülüşündən qopub Elməddin Cəfərov komediyasına gəlmək nə qədər çətin olsa da, qayıdırıq bu günümüzə... Yeri gəlmişkən, Lütfəli Abdullayev dünyasını dəyişdiyi dövrdə (1973-cü ildə) Azərbaycanda da insanlar dəfn olunmağa tabutda üzü açıq aparılırdı. Aktyorla vida mərasiminə yığışanlar göz yaşları içində gülməkdən özlərini saxlaya bilmirmişlər, onun üzünü görən özündən asılı olmayaraq gülümsəyirmiş. Peşəkar komediya aktyorunun taleyidir bu... Öləndə də ağladaraq güldürmək.... Yoxsa, sağlam, mənalı gülüş də onlarla dəfn olunub?..

 

Gülünc vəziyyətdə qalanlar

 

Bu gün nəyə, kimə, niyə gülürük? Güləndən sonra güldüyümüzü özümüzdə islah edə bilirikmi? Yoxsa, o gülənin özünü gülüş hədəfi etməyə ehtiyac duyuruq? Deyəsən axı, sonuncu daha məntiqli fikirdir.

Son illərin komediyalarının adlarına baxaq - “Xoxan”, “Məhəllə”, “Qızqaçırtma”, “Bacanaqlar”, “Bozbaş”, “Buğlama” və sair. Yaxud telekanallarda gördüyümüz komediya janrında verilişlər, səhnəciklər - “Komedixana”, “Qadın və kişi” ... Niyə daha çox televiziyada nümayiş edilənlərdən söhbət salırıq, çünki kinoteatra gedib baxacağın filmi özün seçə bilərsən. Televiziya isə evimizin içindədir və çox vaxt başqa seçimimiz olmur. Adını sadaladığımız bu serial, veriliş, filmlərdə gülüş yaratmaq istəyənlər özləri gülüş hədəfi olurlar. Tamaşaçı situasiyaya yox, ona düşən aktyorun acınacaqlı halına gülür. Belə halda ağıllı adamı ağlamaq tutur, insanımızın, sənətimizin, aktyorumuzun qaranlıq görünən gələcəyindən nigaran qalırıq.

Bu günün tamaşaçısı dünənki, srağagünkü, heç on gün əvvəlki də deyil. Elm, texnika, şüur dəyişir, inkişaf edir. Dünən güldüyün əhvalat bu gün gülməyə yaramır, güldürmür. Bir saat əvvəl gülüb özündən getdiyin situasiya adama bəsit və sadə görünə bilər.

Tamaşaçıya düşünərək gülməyi, gülərək düşünməyi və dərk etməyi öyrədən gülüş bəxş edək...

Savadlı, mənalı, peşəkar komediyaya üstünlük verək, diringiyə yox...

Bu gün sabahın özülüdür. Hər günümüzün özülünü elə möhkəm dayaqlarla bərkidək ki, sabahkı günlər bu günün üstündə bərqərar ola bilsin, əks halda sabahımız dayaqsız olub laxlayacaq.

Bu gün gülüş günüdür, olsun, gülüşdür də, kimə ziyanı var. Təki günlərimizin hamısı gülüşlə dolsun, gülüşlə ha, aldatma ilə yox! Təki bir-birimizi aldatmayaq. Ziyanı gələcək nəsillər, nəticədə isə vətən ödəməsin...

 

Ramilə QURBANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video