14 Iyun 2021 18:47
603
CƏMİYYƏT
A- A+

Kəlbəcərə köçürülmüş heyvandarlıq təsərrüfatlarının fəaliyyəti və risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitorinq aparılacaq

Kəlbəcər rayonu vaxtilə ölkəmizdə heyvandarlığın inkişafında oynadığı mühüm rolunu yaxın gələcəkdə yenidən özünə qaytaracaq. Mütəxəssislərin hesablamalarına görə, rayon üzrə 2025-ci ilədək 58,7 milyon manatlıq heyvandarlıq məhsulu istehsalı gözlənilir. Bu da ölkə üzrə müvafiq istehsal miqyasında 1,4 faiz əlavə dəyər yaradacağı potensialından xəbər verir.

İşğaldan azad olunmuş Kəlbəcər rayonundakı yaylaqlara bu günlərdə qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsinə başlanılıb. Köç prosesi pilot layihə çərçivəsində həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov bununla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Eldar müəllim, işğaldan azad edilən Kəlbəcər rayonuna 27 ildən sonra ilk dəfə olaraq pilot layihə çərçivəsində qoyunçuluq və arıçılıq təsərrüfatları köçürülüb. Bu proses davam edəcəkmi? Ümumiyyətlə, layihə çərçivəsində Kəlbəcərə nə qədər iri və xırdabuynuzlu heyvanın, arı ailələrinin köçürülməsi nəzərdə tutulur?

- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupu ilə birgə Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində Kəlbəcər rayonundan olan fermerlərə məxsus xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının və arı ailələrinin Qoçdaş yaylağına köçürülməsi həyata keçirilib. Pilot layihəyə uyğun olaraq seçilmiş kəlbəcərli fermerlərə və “Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC-yə məxsus damazlıq qoyunçuluq təsərrüfatları üzrə 10 min baş xırdabuynuzlu heyvan, 500 arı ailəsinin Daxili İşlər Nazirliyinin Kəlbəcər komendantlığı ilə birlikdə dislokasiya üzrə yerləşdirilməsi təşkil edilib.

Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün bitki örtüyünün zənginliyi, eləcə də çiçək açan ağac bitkilərinin üstünlük təşkil etdiyini və geobotaniki potensialı nəzərə alınaraq bu layihə həyata keçirilib. Sovetlər dövründə heyvan sürülərinin əsas köç yeri olan Kəlbəcər yaylaqlarına respublikanın 40-a yaxın rayonunun heyvandarlıq təsərrüfatı köç edirdi.

Vətəndaşların müraciətləri nəzərə alınaraq əlavə olaraq 1000 arı ailəsinin də köçürülməsi perspektiv fəaliyyət planına salınıb. Bununla əlaqədar seçilmiş ərazi və sahələr üzrə bir daha monitorinq aparılacaq, risklər qiymətləndirildikdən sonra dislokasiya üçün koordinatlar müəyyən olunub xəritələnəcək.

-Kəlbəcərə köçürülən heyvandarlıq və arıçılıq təsərrüfatları hansı meyarlar əsasında seçilib? Onların təhlükəsizliyi necə təmin olunur?

-Fermerlərin, sürülərin və arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə öncədən fəaliyyət planı hazırlanıb. Plana uyğun olaraq təsərrüfatların yerləşdirilməsi üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanı ilə birlikdə yaylaqlarda risklər qiymətləndirilib, ərazilərə baxış keçirilib. Böyük tutuma malik Sarıyer, Söyüdlü, Yanşaq və Qoçdaş kimi yaylaqlara hərəkət marşrutu, dislokasiya, eyni zamanda, vəhşi heyvanlar tərəfindən ola biləcək risklər dəyərləndirilib. Nəticə etibarilə həm su, həm də bitki örtüyü təminatı olan, həmçinin təhlükəsizlik riskləri minimum olan Qoçdaş yaylağı dislokasiya üçün seçilib və xəritə hazırlanıb. Heyvanların sağlamlığının təmin edilməsi üçün Kəlbəcər Baytarlıq İdarəsinin, Kəlbəcər Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarının xidməti təmin olunub.

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət və Heyvandarlığın təşkili və monitorinqi şöbələri yaylaq mövsümü dövründə Kəlbəcər ərazisinə köçürülmüş qoyunçuluq və arıçılıq təsərrüfatlarının fəaliyyəti, vətəndaşların dislokasiya ərazilərində tətbiq olunan qaydalara riayət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitorinq aparacaq.

Kəlbəcərə köçürülən heyvandarlıq və arıçılıq təsərrüfatları əsasən aşağıdakı meyarlar üzrə seçilib:

- Damazlıq təsərrüfat kimi dövlət reyestrində və qeydiyyatda (EKTİS) olanlar;

- Qoyunçuluq və arıçılıq sahəsində uzun müddət məşğul olan təcrübəli fermerlər;

- Kənd Təsərrüfatı Nazirliyinə müraciət edənlər və qeyd olunan meyarlara uyğun gələnlər;

- ANAMA-nın təlimində iştirak edənlər;

- Ərazini tanıyan və təhlükəsizlik tələblərinə, qaydalarına riayət edənlər;

- Təsərrüfatların məhsuldarlıq göstəriciləri;

Ümumiyyətlə, Kəlbəcərə köç edəcək fermerlərə ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçiriləcək.

- Ümumiyyətlə, Kəlbəcərlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin daha hansı layihələri və planları var?

- Planlar çoxdur... İlkin olaraq onu deyə bilərəm ki, pilot layihənin yekunları təhlil olunduqdan sonra gələcəkdə yeni təhlükəsizlik zonaları müəyyən edilməklə əlavə qoyun sürülərinin, arı ailələrinin köçürülməsi nəzərdə tutula bilər.

- İşğaldan azad edilmiş digər rayonlarla bağlı planlarınız barədə nə deyə bilərsiniz?

- İşğaldan azad olunmuş rayonların təbii-iqlim şəraiti, relyefi nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən innovativ layihələrin hazırlanması istiqamətində işlər davam etdirilir. Belə ki, ətlik, südlük istiqamətli müasir intensiv heyvandarlıq təsərrüfatlarının yaradılması, eləcə də məhsuldar qoyun cinslərinin yetişdirilməsi mümkündür. Eyni zamanda, tədarük, emal müəssisələrinin yaradılması, kənd təsərrüfatı üzrə logistika mərkəzlərinin formalaşdırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üzrə müvafiq təsərrüfat-təşkilatı işlərin icra edilməsi prioritet sahələr kimi dəyərləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video