04:40 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kapital qoyuluşunun əsas ünvanı - qeyri-neft sektoru

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:22 06.07.2021

 

Xarici investorlar pandemiya dövründə də Azərbaycan iqtisadiyyatına sərmayə yatırmaqdan ehtiyat etmirlər

 

Dünya iqtisadiyyatının inkişafını təmin edən bir neçə önəmli faktor var. Onlardan birincisi iqtisadiyyatın fasiləsiz investisiyalaşdırılmasıdır. Əbəs yerə demirlər ki, sərmayə qoyuluşu iqtisadi tərəqqidə xəstə orqanizm üçün təzə qanın lazım olduğu qədər vacibdir.

Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra bu istiqamətdə mühüm addımlar atdı. Ölkəmizdə xarici və daxili sərmayənin qorunması haqqında mükəmməl qanunvericilik bazası yaradıldı. Bununla yanaşı, xarici investisiyaların təşviqi üçün bir sıra güzəştlər tətbiq olundu. Həmin proses indi də davam edir.

Xarici sərmayənin ölkə iqtisadiyyatına cəlb edilməsi istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də dəyərincə qiymətləndirilir. Onlar bu barədə apardıqları hesabatlarında qazandığımız nəticələrin yüksək olduğunu qeyd edirlər. Bu yerdə bildirək ki, həmin hesabatlar həm də xarici kapitalın ölkəmizə olan güvəninin göstəricisidir.

Onu da qeyd edək ki, əvvəllər əcnəbi sərmayədarlar investisiya qoyuluşunda neft sənayesinə üstünlük verirdilərsə, aparılan iqtisadi siyasət, həyata keçirilən islahatlar xarici investorların qeyri-neft sektoruna da marağını artırdı. Bunun nəticəsidir ki, ölkəmizin qeyri-neft sektoruna xarici kapitalın qoyuluşu hətta pandemiya dövründə davam etmişdir.

Beynəlxalq təşkilatların apardıqları araşdırmalara görə, Azərbaycandakı mövcud investisiya mühiti MDB məkanında, həmçinin bir çox Şərqi Avropa ölkələrində olduğundan əlverişlidir. Avropanın, Amerikanın və Asiyanın iri bankları, həmçinin həmin regionlardan olan sahibkarların Azərbaycan iqtisadiyyatına milyardlarla dollar sərmayə yatırması məhz bunun sayəsindədir.

Dövlət Statistika Komitəsinin  cari ilin yanvar-may ayları üçün açıqladığı rəqəmlərə görə, xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1 milyard 946,2 milyon manat vəsait yönəldilib. Həmin vəsaitin 1 milyard 752,5 milyon manatı Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Virgin adaları, Norveç, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsusdur. 

Məlum olduğu kimi, iki ildən çoxdur tüğyan edən koronavirus pandemiyası  dünya iqtisadiyyatına böyük zərbə vurur. Adətən, bu cür çətin şəraitdə sərmayədarlar kapital qoyuluşuna risk etmirlər. Amma rəqəmlərdən də göründüyü kimi, sərmayədarlar pandemiya vaxtında da Azərbaycana kapital qoymağa ehtiyat etmirlər. Hazırda koronavirusa qarşı kütləvi şəkildə aparılan peyvəndləmə sayəsində proses müsbətə doğru gedir və  bütün dünya postpandemiya dövrünə hazırlaşır. Sözsüz ki, bundan sonra ölkəmizə xarici kapital qoyuluşu daha da artacaq. Çünki Azərbaycana sərmayə yatıran sahibkarlar peşman olmurlar, əksinə, qazanc əldə edirlər.

Dövlətimiz neft gəlirlərindən səmərəli şəkildə istifadə edərək özü də iqtisadiyyata kapital qoyuluşu həyata keçirir. Bu vəsait, ilk növbədə, infrastruktur və sosial layihələrin icrasına yönəldilir. Eyni zamanda sahibkarlığı və özəl sektoru inkişaf etdirmək üçün güzəştli kreditlər verilir. Dövlət Statistika Komitəsinin yanvar-may aylarında kapital qoyuluşu ilə bağlı açıqladığı rəqəmlər də sahibkarlığın inkişaf səviyyəsini bir daha təsdiq edir. Belə ki, cari ilin 5 ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 907 milyon manat vəsait yönəldilib. Ümumi sərmayənin 33,5 faizi dövlət, 66,5 faizi isə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən yatırılıb. Bu fakt dövlətin sahibkarılığın inkişafına verdiyi dəstəyin müsbət nəticəsini göstərir. Digər bir mühüm fakt isə odur ki, daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 60,3 faizini təşkil edir. Yəni ölkəmiz öz valyuta ehtiyatları və yerli sahibkarın imkanları hesabına xarici investisiyalar yatırılmadan belə, inkişaf etmək iqtidarındadır.

Yeri gəlmişkən qeyd edək ki, cari ilin 5 ayı ərzində neft-qaz sektoruna 2 milyard 287,9 milyon manatlıq vəsait yönəldilib. Qeyri neft-qaz sektorunun inkişafına isə 2 milyard 619,1 milyon manatlıq vəsait qoyulub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsindən sənaye, tikinti, nəqliyyat və anbar təsərrüfatı, peşə, elmi və texniki fəaliyyət, kənd təsərrüfatı və digər sahələrin inkişafında istifadə olunub. Bununla yanaşı, həmin dövrdə ölkəmizdə bir sıra sosial, infrastruktur, sənaye, emal və digər obyektlər tikilib. Belə ki, cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında “Azərxalça” ASC-nin filialı, Naxçıvan qarnizonu Mərkəzi Hospitalı, Süni Mayalanma Mərkəzi, Culfa-Ordubad magistral avtomobil yolu, Bakıda İqtisadiyyat Nazirliyinin yeni inzibati binası, 4 saylı DOST Mərkəzi, Respublika Baş Prokurorluğunun inzibati bina kompleksi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yeni inzibati binası, Sumqayıtda Vərəqə şüşə istehsalı zavodu, Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ı, Hacıqabul Sənaye Məhəlləsi, “Qarasu” elektrik yarımstansiyası, Qəbələdə Qəbələ Dəmir Yol Vağzalı və Ləki stansiyası - Qəbələ birxətli dəmir yolu, Şuşada 110/35/10 kilovoltluq elektrik yarımstansiyası və s. obyektlər tikilərək istifadəyə verilib.

 

Rüstəm KAMAL,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM