25 Iyun 2021 01:55
578
İQTİSADİYYAT
A- A+

İxracda qeyri-neft məhsullarının həcmi artır

 

Ölkəmizdə dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün genişmiqyaslı islahatlar həyata keçirilib. Bu proses indi də davam edir. Məqsəd dayanıqlı iqtisadi inkişafı neft amilindən asılılığı aradan qaldırmaqla təmin etməkdir.

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının və sənayeləşmənin genişləndirilməsi ilə ölkənin hərtərəfli inkişafına nail olmağı qarşıya vəzifə kimi qoyub. Bunun üçün dövlət tərəfindən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul edilmişdir. Həmin sənədlə sənayenin inkişaf perspektivləri müəyyən edilmiş, hazırlanan tədbirlər planına əsasən sənaye potensialının gücləndirilməsi, sahədə rəqabətqabiliyyətliliyin artırılması, həmçinin kadr potensialı təminatının yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Ötən dövr ərzində ölkəmizdə müxtəlif təyinatlı qeyri-neft sektoru məhsullarının istehsal sahələri yaradılmışdır. Bunun sayəsində həmin məhsullara olan tələbat yerli istehsal hesabına təmin edilmiş, üstəlik ixrac da artmışdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın cari ilin may ayındakı materiallarında qeyd olunub ki, 2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 6,4 milyard dollar, qeyri-neft sektoru üzrə isə 697 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,5 faiz artıb.

Bu ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci, qızıl ikinci, pomidor (tomat) isə üçüncü yerdə qərarlaşıb. Statistikaya görə, bundan sonrakı yerləri ilkin formalı polipropilen, qabığı təmizlənmiş meşə fındığı, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, xurma və elektrik enerjisi təşkil edir. İlin ilk 4 ayında Türkiyə, Rusiya, Gürcüstan ən çox qeyri-neft məhsulları ixrac etdiyimiz ölkələrdir.

Aprel ayında Azərbaycanın ümumi ixracı 3,2 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac 195,4 milyon dollar təşkil edib.

Apreldə qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya 58,7 milyon dollarla birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci, İsveçrə isə üçüncü ölkə olub. Yanvar-aprel ərzində meyvə-tərəvəz ixracı 131,5 milyon, pambıq lifi ixracı 97 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 53 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 31,4 milyon, pambıq ipliyi ixracı 15,2 milyon,  kimya sənayesi məhsullarının ixracı 13,1 milyon, şəkər ixracı 13,3 milyon,  bitki heyvan mənşəli piylər və yağlar  ixracı  11,2 milyon, spirtli və spirtsiz içkilərin ixracı 5,1 milyon, çay ixracı 3 milyon dollar təşkil edib.

Həmin dövrdə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC,

“P-Aqro” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Baku Steel Company”, “Sun Food” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Metal Trader LTD” MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “Critical Fruit” və “Aqrovest” MMC-dir.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Socar Polymer” MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Bu siyahıda sonrakı yerləri “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Caspian Geo” MMC, “Azəripək” MMC, Naxçıvan  MR Dövlət Energetika Xidməti tutur.

Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri sahəsi xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir. Cari ilin dörd ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 16,9 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib. Hesabat dövründə “Azərkosmos” ASC-nin xidmət ixracı həyata keçirdiyi ölkələrin siyahısında ilk beşlikdə isə ABŞ, Malayziya, Birləşmiş Krallıq,  Fransa və BƏƏ qərarlaşıb.

“İxrac İcmalı”nda 2021-ci ilin aprel ayında Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Belə ki, yanvar-aprel aylarında Azexport.az portalına 164,2  milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. Apreldə isə daxil olan ixrac sifarişlərinin dəyəri 33 milyon dollar təşkil edib. Bu ilin aprel ayında ən çox ixrac sifarişi pambıq, pomidor, kartof, soğan, toyuq əti, quru süd, biyan kökü, pambıq yağı, toyuq yumurtası, çay, mühərrik yağı, şərab, tikinti materialı, qənnadı məhsulu, bal, alma, tekstil, nar şirəsi, zəfəran, noxud, enerji içkisi və s. mallara aid olub. Məlumatda həmçinin qeyd edilir ki, 2017-ci ilin yanvar ayından bu il aprelin 30-dək (52 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 359  milyon dollar təşkil edib.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video