08 Oktyabr 2021 16:33
454
SİYASƏT
A- A+

İtaliyalı jurnalist: Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsi qaçılmaz idi

 

Azərbaycanın Qarabağ savaşındakı haqlı Qələbəsinin dünya ictimaiyyəti, əsasən də işğaldan azad olunmuş ərazilərə gedən xarici jurnalistlərin dilindən şərh edilməsi Vətən müharibəsinin ildönümünü qeyd etdiyimiz bu vaxtlarda tam yerinə düşər. Azad olunmuş torpaqlarımıza səfər edən çoxsaylı mətbuat nümayəndələrindən biri də italiyalı politoloq, geosiyasi analitik və jurnalist Emmanuel Pietrobon idi. Hibrid müharibələr və postsovet məkanı üzrə ixtisaslaşan E.Pietrobon Turin, Lissabon, Lodz və Sankt-Peterburqda təhsil alaraq, fərdlər üçün məsləhətçiliklə məşğul olur, xüsusən də “Il Giornale/InsideOver”, “Osservatorio Globalizzazione”, “Vision and Global Trends”, “Opinio Juris” kimi müxtəlif beyin mərkəzləri və ixtisaslaşmış jurnallar üçün məqalələr yazır. E.Pietrobon AZƏRTAC-ın xüsusi müxbiri ilə müsahibəsində ölkəmizə səfəri ilə bağlı təəssüratları bölüşüb və onun Vətən müharibəsinin ildönümü ilə bağlı suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

-İşğaldan azad edilmiş ərazilərimizə səfəriniz zamanı nələrə şahidlik etdiniz və hansı hisslər keçirdiniz?

-Azərbaycana daxil olarkən ilk təəssüratım yalnız azad edilmiş rayonlarda deyil, bütün ölkədə xalqın coşqu ilə Qələbə bayramını qeyd etməsi idi. Əslində, ən diqqətsiz gözlər belə demək olar hər yerdə - vitrinlərdən eyvanlara qədər dalğalanan və ya asılan bayraqları, “Qarabağ Azərbaycandır!” sözləri yazılmış və şəhidlərin şəkli olan lövhələri görməzdən gələ bilməzdi.

Azad edilmiş rayonlara səfərim zamanı insanların üzündə müharibəndən qalib çıxmış və Ermənistanı bu reallıqla barışmağa məcbur etmiş bir xalqın qürurunun şahidi oldum. Təkcə diplomatlar və jurnalistlərlə deyil, sadə insanlarla da söhbət etmək imkanım oldu və hər birinin fikri eyni idi. Azərbaycanın gələcəyində inkişaf və firavanlıq var. Səfər etdiyim Ağdam rayonunda erməni işğalından geriyə qalan yalnız xarabalıq və -dağıntılardır. Bu rayon planetimizin ən çox minalanmış və məhv edilmiş bölgəsi – “Qafqazın Xirosiması”dır.

Rayonda məni ən çox müşayiət edən isə kədər hissi idi. Çünki teatrlar, məscidlər, muzeylər kimi mədəniyyət nümunələrinin dağıdılmasına heç bir bəraət yoxdur - bu, əsassız bir cinayətdir. Mənə aydın oldu ki, Qarabağda söküntülər, partlayışlar və əhalinin köçürülməsi yolu ilə “mədəni soyqırımı” həyata keçirilib.

-Qarabağ müharibəsinin nəticələrini necə qiymətləndirirsiniz?

-Azərbaycan 44 günlük müharibədə qalib gələrək Cənubi Qafqazdakı güc balansını öz xeyrinə dəyişdi, Ermənistanın regional ambisiyaları sıfıra endi. İndi bir məsələ tam dəqiqdir: bərpa prosesi Ermənistan üçün çox çətin olacaq. Çünki müharibədə məğlubiyyət Ermənistana siyasi qeyri-sabitliyə, diplomatik böhrana və tənəzzülə səbəb oldu. Azərbaycan üçün isə bu, beynəlxalq investisiyaların cəlbi, tikinti meydançalarının qurulması və işlərin sürətlənməsi, məşğulluğun artırılması, ən əsası isə azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün İtaliya, Türkiyə və İsrail ilə strateji müttəfiqliyin gücləndirilməsi, bu ərazilərə Qətər, Portuqaliya, İspaniya, Baltikyanı ölkələr, Polşa və hətta Albaniya kimi yeni tərəfdaşların gəlməsi deməkdir. Başqa sözlə desək, Qarabağ savaşının başa çatması Cənubi Qafqazda yeni bir dövrün əsasını qoydu.

Hazırda bir sıra fürsətlər yaranıb. Şübhəsiz ki, həm də diqqətdən kənar qalmamalı risklər var: Oxçuçay problemi və çayın Ermənistan tərəfindən çirkləndirilməsi. Lakin uzunmüddətli perspektivdə iqtisadi artımda və enerji modelində nə qədər tez şaxələnmə baş verərsə, bu, bir o qədər yaxşı olar.

-Azərbaycanın haqlı Qələbəsində əsas rol oynayan amillər barədə nə deyə bilərsiniz?

-Azərbaycan Türkiyə və İsrail istehsallı müasir silahlarla müharibə aparırdı. Bu da Azərbaycanın Ermənistanı tam məğlubiyyətə uğratmasına imkan verdi. Nəticədə düşmən işğal etdiyi ərazilərdən çıxarıldı.

Azərbaycanın müharibə təcrübəsi dünyanın müxtəlif yerlərində diqqət mərkəzində oldu. Çünki bu Qələbə geosiyasi əhəmiyyətli hadisənin əsasını təşkil etdi. Deyə bilərəm ki, Cənubi Qafqazda güc balansının türk dünyasının xeyrinə dəyişməsinə yol açdı. Fikrimcə, digər məsələ mənəvi amildir ki, bu da, şübhəsiz, müharibə dövründə olduqca mühüm rol oynadı.

Azərbaycan hələ müharibə başlamazdan xeyli əvvəl qalib gəlmişdi. Qarabağ savaşı Ermənistanın 1990-cı illərin sonlarından başlayan tənəzzülünün pik nöqtəsi oldu. Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsi qaçılmaz idi.

Əslində, rəsmi Bakıda İrəvanda çatışmayan hər şey var idi - möhkəm və səmərəli faydalı ittifaqlar, güclü və artan iqtisadiyyat, sabit gəlir mənbəyi, müasir hərbi sənaye, həmçinin əlverişli demoqrafiya.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video