15:12 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İstedadlılar və haqqı olanlar qələbə qazansın
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
12:02 12.02.2012

 

Ötən əsrin ortalarından başlayaraq "Eurovision" müsabiqəsi dünya musiqisevərlərini bir araya gətirir. Bu təntənəli musiqi bayramının yaratdığı xoş ovqat müxtəlif ölkələrdə böyük əks-səda tapıb. Bu səbəbdən də müsabiqənin coğrafiyası genişlənib. 1956-cı ildən başlayaraq indiyədək hər il bu yarışma keçirilir. Azərbaycan dörd dəfə "Eurovision" yarışmasında iştirak edib. Həmişə də ilk onluqda olub. Ötənilki qələbənin isə sevincini hələ də yaşamaqdayıq. "Eurovision" yarışmaçıları Eldar Qasımov və Nigar Camalın qazandığı birincilik ölkəmizin ünvanına dünyanın hər yerindən təbriklər gətirdi. Doğrudan da musiqinin dili yoxdur. O, möhtəşəm olanda ünsiyyəti daha da möhkəmlənir.

Məhz bu qələbənin nəticəsidir ki, bu ilin may ayında dünya musiqiçiləri paytaxtımıza gələcəklər. "Eurovision-2012"-nin Bakıda keçirilməsi mədəniyyət tariximizin mühüm mərhələlərindən biridir. "Eurovision" yarışmasının Bakı büsatını yüksək səviyyədə keçirmək üçün ötən il dövlət başçısının sərəncamı əsasında təşkilat komitəsi yaradıldı. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNECKO və İSECKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci ledisi Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi bu təşkilat o beynəlmiləl tədbirin yüksək səviyyədə keçirilməsi üçün səmərəli işlər görür.

"Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar seçilən şəhərcikdə - Bayraq meydanının ətrafında hər cür şərait yaradılır. Almaniya şirkəti tərəfindən inşa edilən 23 min yerlik "Baku Cryastal Hall" tikilməkdədir. Həmin ərazidən keçən Bakı-Ələt avtomobil yolunun abadlaşması, burada yeni infrastrukturun yaradılması və digər mühüm işlər ardıcıllıqla yerinə yetirilir.

"Eurovision-2012" müsabiqəsinə hazırlıq işləri son günlər dünya mediasının, xüsusilə elektron KİV-lərin aparıcı mövzularından biridir. Paytaxtımızda gedən işlərlə əlaqədar müxtəlif rəylər var. Görülən möhtəşəm quruculuq işlərinin əhəmiyyətindən, ardıcıl davam etməsindən müsbət ruhlu yazılar da var, müsabiqənin baş tutmamasına qısqanclıqla yanaşıb onu qara fikirlərindən keçirənlər də. Serbiyanın, Moldovanın, Türkiyənin, Rusiyanın və bir sıra Avropa ölkələrinin "Eurovision-2012" ilə bağlı çap etdirdiyi, səsləndirdiyi fikirlərdə yarışma ərəfəsində Bakıda görülən işlərin möhtəşəmliyindən yazırlar. Hətta belə bir fikir də var ki, "Eurovision"nun 57 illik tarixində bəlkə də Bakı büsatı daha da möhtəşəm olacaq. Hazırlıq işləri təsdiqləyir ki, bu beynəlxalq yarışma bir sıra diqqətçəkən məqamları və zənginliyi ilə dünyanı mütləq heyrətə gətirəcək.

57-ci "Eurovision" mahnı müsabiqəsi bu dəfə "Öz məşəlini alovlandır" şüarı altında musiqisevərləri bir araya gətirəcək. Müsabiqə iki yarımfinal və bir final mərhələdən ibarətdir. Bütün mərhələlərdə təmsil olan iştirakçıların çıxışlarının ardıcıllığı püşkatma ilə müəyyən edilir. On səkkiz ölkə təmsilçisinin mübarizə aparacağı birinci yarımfinal - mayın 22-də baş tutacaq. Onlardan daha çox səs toplamış on ifaçı finala vəsiqə qazanacaq. Tamaşaçı və münsiflərin səsverməyə təsiri yarıbayarıdır. Telesəsvermə pəncərəsi bütün mahnılar ifa edildikdən sonra açılacaq və seyrçilər öz SMS-lərini göndərə biləcəklər. İkinci yarımfinal mayın 24-də reallaşacaq. Bu yarışmada da on doqquz ölkənin təmsilçisi mübarizə aparacaq. Yenə də on ifaçı finala vəsiqə qazanmalıdır. Tamaşaçı və münsiflərin nəticəyə təsiri yenə də əvvəlki prinsip üzrədir - əlli əlliyə. Final mərhələsinə isə mayın 26-da start veriləcək. Burada hər iki yarımfinalların qalibləri və çıxış hüququna malik olan ölkələr yarışacaqlar. Müsabiqənin şərtlərinə əsasən Fransa, Böyük Britaniya, İtaliya, Almaniya, İspaniya və müsabiqənin sonunda qalib olan ölkə - Azərbaycan birbaşa final mərhələsində yarışacaq. Səsvermədə bütün ölkələrdən olan münsif və tamaşaçılar iştirak edəcəklər.

2011-ci ilin noyabrın sonlarından başlayaraq "Eurovision-2012"yə qatılacaq yarışmaçılar seçiminə başlandı. Yarımfinal mərhələsində səkkiz ifaçı finala keçmək uğrunda öz istedadlarını nümayiş etdirdilər. Seyrçilərin SMS səs verməsi və münsiflər heyətinin rəyi əsasında bu gənclər finala qatılacaqlar: Orxan Kərimli, Səbinə Babayeva, Elton İbrahimov, Fəqan Səfərov və Arzu İsmayılov. İstər musiqiçilərin, istər münsiflərin, istərsə də onların ifaçılıq məharətini müntəzəm izləyən seyrçilərin fikirləri üst-üstə düşür. Bu uşaqların beşi də istedadlıdır. Onlar milli seçim turunun ən layiqli qalibləridir. Bəs "Eurovision-2012"də Azərbaycanı kim təmsil edəcək? Bu sualın cavabı fevralın 12-də Heydər Əliyev Sarayında keçiriləcək möhtəşəm milli final gecəsində məlum olacaq. Maraqlıdır ki, biz həmişə hansı ölkədəsə keçirilən yarışmaya qonaq kimi qatılmışıq. Beşinci dəfə üz tutacağımız bu yarışmada isə biz həm də ev sahibiyik. Ona görə də paytaxtımıza təşrif buyuranlar bizim həm istedadımızdan, həm də onlara göstərəcəyimiz diqqətdən, qayğıdan, qonaqpərvərlikdən razı qalmalıdırlar. Sözsüz ki, bu, belə olacaq. Çünki illərdir Bakı beynəlxalq tədbirlərə, konfranslara, simpoziumlara məharətlə ev sahibliyi edir. Həmişə də əcnəbilər Azərbaycan xalqının böyüklüyündən, humanistliyindən, qonaq qarşılamaq mədəniyyətindən ağızdolusu danışırlar. Bir dəfə gələn yenə də ölkəmizə qayıtmaq arzusunda olur. Bir məsələni də qeyd edək ki, "Eurovision"un harada keçirilməsindən asılı olmayaraq yarışmanın öz qanunları var. Hər kəs qalib olmaq istəyir. Hər bir ölkə öz qalibini alqışlamaq arzusundadır. Qoy istedadlılar və haqqı olanlar qələbə qazansın!

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM