29 Iyul 2021 14:35
1456
İQTİSADİYYAT
A- A+

İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb YENİLƏNİB

 

 

İyulun 29-da İsrailin Təl-Əviv şəhərində Azərbaycan Respublikasının Ticarət və Turizm nümayəndəlikləri açılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsrailin turizm naziri Yoel Razvozov, Azərbaycan nümayəndə heyəti, İsrail rəsmiləri, ziyalılar və biznes dairələrin nümayəndələri, İsrail-Azərbaycan Ticarət-Sənaye Palatasının üzvləri iştirak ediblər. İştirakçılar Azərbaycan Ticarət Nümayəndəliyinin ofisi ilə tanış olublar.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulan ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Nazir Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağına əminliyini ifadə edib.

M.Cabbarov 44 günlük Vətən müharibəsi ərzində Azərbaycana göstərdiyi dəstəyə görə İsrail tərəfinə təşəkkürünü bildirib, İsrail şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpasına göstərdikləri marağı yüksək qiymətləndirib.

İqtisadiyyat naziri enerji, səhiyyə, rəqəmsallaşma, investisiyalar, innovasiya, İKT, kənd təsərrüfatı, su resurslarının idarə edilməsi, turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb və İsrail iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən faydalanmağa dəvət edib.

Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Ticarət və Turizm nümayəndəliklərinin iki ölkə arasında tərəfdaşlığın, o cümlədən turizm sahəsində əlaqələrin genişlənməsinə önəmli töhfə verəcəyini qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycanda tarixi yəhudi irsinin qorunması və Dövlət Turizm Agentliyi tərəfindən bu irsin turizm potensialının inkişafı üçün bir sıra işlər görülür. Belə ki, agentlik tərəfindən "Azərbaycanda yəhudi irsi" turizm marşrutu hazırlanıb, həmçinin İsrailin Azərbaycandakı səfirliyi ilə birlikdə ölkəmizin şimal hissəsində yerləşən Qırmızı qəsəbədə dağ yəhudilərinin sıx yaşadığı ərazidə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi istiqamətində addımlar atılır.

Hökumətlərarası Komissiyanın həmsədri, İsrailin turizm naziri Yoel Razvozov İsrail-Azərbaycan münasibətlərinin strateji xarakter daşıdığını, qarşılıqlı etimad və hörmətə əsaslandığını qeyd edib. Otuz il ərzində ölkələrimiz əməkdaşlıq sahəsində böyük nailiyyətlər əldə edib, bununla belə İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılması əməkdaşlığımızda tarixi hadisədir. İkitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində bu mühüm qərarı qəbul etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirən Yoel Razvozov iqtisadi əməkdaşlığın yeni hədəflərinin qarşıya qoyulduğunu və nümayəndəliklərin bu məqsədə xidmət etdiyini vurğulayıb. İsrailin turizm naziri qeyd edib ki, nümayəndəliklər yüksək texnologiya, energetika, su təchizatı, kənd təsərrüfatı, tibb, təhsil və qarşılıqlı investisiyalar kimi müxtəlif sahələrdə birgə biznes qurmaq istəyən İsrail iş adamları üçün yeni ünvan, əlverişli platforma olacaq.

Tədbir zamanı Azərbaycanın iqtisadi və turizm potensialı haqqında təqdimat keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video