10 Dekabr 2019 00:22
1545
SİYASƏT
A- A+

İslahatlar inkişafa yeni dinamizm gətirir


Ölkədə həyata keçirilən sistemli, hərtərəfli islahatlar getdikcə daha da dərinləşir. Deyə bilərik ki, ilin əvvəlindən geniş vüsət alan islahatlar bir çox sahələri əhatə etməklə ölkənin ümumi inkişafına yeni dinamizm gətirir.

Prezident İlham Əliyevin xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi sosial-iqtisadi islahatların uğurlarını bu gün hər bir vətəndaş öz həyatında hiss edir.


Bütün sahələri əhatə edən islahatlar


İslahatlar demək olar ki, bütün sahələrdə aparılır. İqtisadi sahədə, maliyyə sektorunda islahatlar, şəffaflıqla bağlı olan tədbirlər artıq öz müsbət nəticələrini verməkdədir. Eyni zamanda dövlət başçısı bu ilin aprel ayında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı fərman imzalayıb. Məhkəmə sistemində həyata keçirilən islahatlar iqtisadi islahatlara dəstək olacaqdır.

İlin əvvəlindən start götürən struktur, kadr islahatları isə ölkədə həm geniş müzakirə mövzusuna çevrilir, həm də ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir. Hər kəs hesab edir ki, icra strukturlarında aparılan struktur islahatları, yeni Nazirlər Kabinetinin, Prezident Administrasiyasının formalaşdırılması, peşəkar insanların, idarəçilik sahəsində təcrübəli şəxslərin müxtəlif vəzifələrə təyin olunması ölkənin ümumi inkişafına böyük töhfələr verəcək.

Dekabrın 4-də Hacıqabul rayonuna və Naftalan şəhərinə təyin etdiyi yeni icra hakimiyyəti başçılarını qəbul edən Prezident İlham Əliyev ölkədə aparılan köklü islahatlardan söz açaraq dedi ki, bütün sahələri əhatə edən islahatlar, iqtisadi, maliyyə sektorundakı yeniliklər, şəffaflıqla bağlı olan tədbirlər artıq öz uğurlu nəticələrini verməkdədir. Bu uğuru 11 aydakı statistik göstəricilər də təsdiqləyir. Belə ki, bu ilin 11 ayında təkcə vergi və gömrük orqanlarından büdcəyə plandan əlavə 934 milyon manat vəsait daxil olub.

Prezident bunun başlıca səbəbini kadr islahatlarında görür. Çünki əldə edilən nailiyyətlər həm vergi, həm gömrük orqanlarında köklü kadr dəyişikliklərindən, bu qurumlara yeni rəhbərlərin təyinatından sonra qazanılıb. Ona görə də struktur islahatları ilə bərabər, kadr islahatları da aparılır.


İslahatlar qanunvericilik sahəsinə yeni keyfiyyət dəyişiklikləri gətirəcək


Struktur islahatlarına gəldikdə isə dövlət başçısı dedi ki, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yeni strukturları təsdiq edilib və ali qanunvericilik orqanı, Milli Məclis də yenidən formalaşacaq. Çünki parlamentdə çoxluq təşkil eən Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı ali qanunverici orqana müraciət etmişdi. Müraciətdə qeyd edilirdi ki, ölkədə həyata keçirilən islahatlar bütün sahələri əhatə etməlidir. Bu səbəbdən də Prezidentin islahatları qanunverici hakimiyyət sferasından da kənar qalmamalıdır. Yəni Milli Məclisin də yenilənməsinə, müasirləşməsinə ehtiyac var.

Parlamentdə müzakirəyə çıxarılan sənəd deputatlar tərəfindən müsbət qiymətləndirilmiş və Milli Məclis qərar layihəsi qəbul edərək ölkə Prezidentinə ünvanlamışdı. Dövlət başçısı "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərmişdi. Dekabrın 4-də Prezidentin sorğusuna cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Əsas Qanuna uyğun olması barədə qərar qəbul etmişdi. Bir gün sonra dövlət başçısı Milli Məclisin buraxılması və fevral ayının 9-da növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Siyasi ekspertlər hesab edirlər ki, parlament islahatları qanunvericilik sahəsinə yeni keyfiyyət dəyişiklikləri gətirəcək, ölkəmizin inkişafı yolunda daha mükəmməl, səmərəli qanunlar qəbul olunacaq.

Əlavə edək ki, hüquq baxımdan 2016-cı ildə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumda çox vacib məsələ həllini tapıb. Əgər həmin vaxta qədər yalnız parlamentin Prezidenti vəzifədən kənarlaşdırmaq səlahiyyəti var idisə, referendumdan sonra Konstitusiyada Prezidentin də parlamenti buraxmaq səlahiyyəti təsbit olunub. Yəni, ədalətli balans yaranıb.

Beləliklə, ölkəmizdə tezliklə yeni parlament formalaşacaq. Bununla da Prezidentin islahatları bütün sahələri əhatə edəcək. Bu islahatlar əlbəttə ki, Azərbaycanın hərtərəfli inkişafına müsbət töhfəsini verəcək, siyasi proseslərə dinamizm gətirəcək.

Dekabrın 5-də Şamaxıda "ASAN Həyat” Kompleksinin açılışını edən dövlət başçısı kompleksin bir qrup gənc əməkdaşı ilə səmimi söhbətində bu məsələyə toxunaraq vurğuladı ki, ölkədə növbədənkənar parlament seçkiləri elan olunub. Çox güman ki, gənclər də bu seçkilərə fəal qoşulacaqlar. Çünki yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır.

Dünyada ən islahatçı Prezident kimi tanınan cənab İlham Əliyevin bu islahatlarının bir məqsədi var - Azərbaycanın uğurlu inkişafının təminatı, ölkədə mövcud olan sabitliyi qoruyub saxlamaq və gənc peşəkar kadrlara özlərini göstərmələri üçün imkan yaratmaq.

Kadr islahatlarının davam etdiriləcəyini vurğulayan cənab İlham Əliyev vəzifəyə təyin edilən yeni kadrlara həm tövsiyələrini verir, həm də onların fonunda digərlərinə xəbərdarlığını çatdırır: "Son vaxtlar aparılan islahatlar artıq öz nəticəsini verməkdədir. Cəmiyyətdə bu islahatlarla bağlı çox müsbət rəy formalaşıb və gözləntilər də vardır. Ona görə təyin edilmiş bütün yeni kadrlar qarşısında konkret vəzifələr qoyulur və bu kadrlar o vəzifələri icra etməlidirlər. Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar. Dövlət məmurları xalqa xidmət etməlidirlər. Onların başlıca missiyası bundan ibarətdir və siz də belə işləməlisiniz”.

Prezident göstərilən bu etimadı yeni təyin edilən kadrlar üçün böyük avans adlandıraraq indiki şəraitdə kadrlara qarşı tələbkarlığın artdığını söyləyir. Kadrlar qarşısında çox ciddi vəzifələr qoyulur. Əgər yeni kadrlar Prezidentin etimadını doğrultmasalar, onları çox ciddi cəza gözləyir.


İslahatların dərinləşməsi xalqın Prezidentə inamını daha da gücləndirir


Əlbəttə ki, ölkədə aparılan kadr və struktur islahatları, eyni zamanda Azərbaycanın beynəlxalq imicini yüksəldir və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Məhz bütün bunlara görədir ki, Prezident xalqına, xalq isə öz liderinə güvənir. 2019-cu ilin ötən dövrünə, ictimai-siyasi və sosial həyatda baş verən hadisələrə nəzər yetirsək görərik ki, vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin atdığı addımlar, sosial-iqtisadi və yeni kadr islahatları xalqın Prezidentinə olan etimadını daha da artırıb.

Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən aparılan monitorinqin nəticələri də deyilənləri təsdiqləyir. Qurumun keçirdiyi sorğunun nəticələri göstərir ki, cənab İlham Əliyevin beynəlxalq və daxili müstəvidə fəaliyyəti əhali tərəfindən milli maraqların qorunması, ümummilli rifahın təmin olunması baxımından olduqca təsirli və əhəmiyyətlidir. Ümumilikdə vətəndaşların 77,5 faizi ölkə Prezidentinə inam və etimadının daha da artdığını, 18,1 faiz respondent isə həmişəki sabit inam və etibarının qorunub saxlandığını bildiriblər. Davamlı kadr islahatları vətəndaşlar tərəfindən ümummilli rifahın təmin olunmasının alternativsiz yolu kimi qiymətləndirilir.

Tədqiqatlar göstərir ki, islahatların dərinləşməsi və geniş miqyas alması ilə Prezidentə olan ictimai rəğbətin və dəstəyin artması arasında dərin bağlılıq var. Göründüyü kimi, əhali "Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” prinsipinin reallıqda təzahürünü təsdiqləyir.

Bir sözlə, bu gün birmənalı şəkildə demək olar ki, Azərbaycan cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlarla bir çox dövlətləri qabaqlayıb. Qarşıya qoyulan məqsəd isə Azərbaycanı dünyanın ən müasir ölkələri sırasına çıxarmaqdır. Bu müasirlik isə həm idarəetmədə, həm vətəndaş-məmur münasibətində, həm iqtisadiyyatın yeni müasir qaydalarla idarə olunmasında və əhaliyə göstərilən sosial qayğıda özünü göstərir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video