10 Mart 2021 00:48
830
PARLAMENT
A- A+

İşğaldan azad olunmuş ərazilərdə yerli özünüidarə orqanları formalaşdırılacaq

 

Sahibə QAFAROVA: “Hərbi qulluqçular dövlətin daimi qayğısı ilə əhatə olunurlar”

 

Martın 9-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin sədri Sahibə Qafarova öncə Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII  qurultayı münasibətilə partiyanın üzvlərini təbrik etdi.

Spiker qeyd etdi ki, qurultayda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev geniş çıxış edib. Proqram xarakteri daşıyan həmin nitqdə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyanın yaranması tarixinə, ölkəmizin ictimai-siyasi inkişafında oynadığı son dərəcə mühüm rola nəzər salınıb, Azərbaycanın siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi, dünyanın hesablaşdığı nüfuzlu bir dövlətə çevrilməsi üçün görülmüş işlərdən, qarşıda dayanan vəzifələrdən bəhs edilib.

Sahibə Qafarova daha sonra dedi: “Bu gün biz qürurla söyləyirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ölkəmizin başlıca problemini həll etmiş, 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad etmiş, dövlətimizin ərazi  bütövlüyünü bərpa etmişdir. Bununla da ölkəmizdə və bölgədə tamamilə yeni geosiyasi vəziyyət yaranmışdır. Möhtərəm Prezidentin dediyi kimi, biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun”.

Qurultayda bir sıra mühüm qərarların qəbul edildiyini, struktur və kadr dəyişikliklərinin həyata keçirildiyini deyən spiker məmnunluqla bildirdi ki, YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Parlamentin rəhbəri bütün həmfikirləri adından Mehriban Əliyevanı təbrik edərək bu şərəfli və məsul vəzifədə ona uğurlar arzuladı. Həmçinin partiyanın rəhbər orqanlarına seçilmiş həmkarlarını da təbrik edib, onların öz fəaliyyətləri ilə bu yüksək etimadı doğruldacaqlarına inamını bildirdi. 

Sahibə Qafarova vurğuladı ki, Yeni Azərbaycan Partiyası xalqın istək və arzularını təcəssüm etdirən siyasi qüvvə kimi tarixi zərurətdən yaranıb; vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və suverenlik, azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində inkişaf edərək ölkəmizin siyasi həyatında indiki mövqeyinə yüksəlib. Milli Məclisin sədri əminliyini bildirdi ki, YAP üzvləri Azərbaycan Prezidenti və partiyanın sədri İlham Əliyevin həyata keçirdiyi möhtəşəm işləri və yeni quruculuq siyasətini dəstəkləmək üçün onun ətrafında daha sıx birləşərək ölkəmizin xoşbəxt gələcəyi naminə bundan sonra da var qüvvələrini sərf edəcəklər. 

Çıxışında ordu ilə bağlı da danışan Sahibə Qafarova dedi ki, ordu quruculuğu, silahlı qüvvələrin kompleks inkişafı və modernləşdirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Şanlı Ordumuzun nailiyyətləri Milli Məclisin iclaslarında da dəfələrlə vurğulanıb və yüksək qiymətləndirilib. O qeyd etdi ki,  hazırda dünyanın güclü Silahlı Qüvvələri sırasında layiqli yer tutan Azərbaycan Ordusu Vətən  müharibəsi zamanı ölkəmizin və dünyanın hərb tarixinə yeni şanlı səhifələr yazıb. Spiker onu da vurğuladı ki, erməni faşizmi üzərində qələbənin silahlı qüvvələrimizin texnoloji təminatı hesabına deyil, əsgər və zabitlərimizin mərdlik və şücaəti, fədakarlığı sayəsində əldə edildiyini unutmaq olmaz. Prezident İlham Əliyevin dediyi kimi, “Bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. ...bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Milli Məclisin Sədri bildirdi ki, hərbi qulluqçuların təminatının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə həyata keçirilən hərbi siyasətin ən mühüm istiqamətlərindən birini təşkil edir. Bu günlərdə post-müharibə dövrünün, xidmətin xüsusiyyətləri, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyi nəzərə alınaraq hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib. Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində, işğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub. Maaş əlavələri ilə bağlı bu qərar zaman tələb edən proses nəticəsində qəbul olunub. “Bütün bunlar onu göstərir ki, hərbi qulluqçular dövlətin daimi qayğısı ilə əhatə olunurlar və onların problemlərinin həlli hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin rəhbərliyinin diqqət mərkəzində olacaq” deyə Sahibə Qafarova bildirdi.

Daha sonra cari məsələlər müzakirə olundu. Komitə sədri Zahid Oruc, deputatlardan Kəmaləddin Qafarov, Azay Quliyev, Cavid Osmanov, Əli Məsimli, Soltan Məmmədov, Etibar Əliyev, Sahib Alıyev, Bəhruz Məhərrəmov, Fazil Mustafa bir sıra məsələlərlə bağlı fikirlərini bildirdilər.

İclasda ilk olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi. 2020-ci il üzrə illik məruzəni parlamentə ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim etdi. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən söz açan məruzəçi bildirdi ki, ədliyyə və məhkəmə işçiləri, həmçinin bələdiyyə nümayəndələri həmin döyüşlərdə fədakarlıq göstəriblər. Müharibə dövründə Ədliyyə Nazirliyi ordumuza, yaralılara və şəhid ailələrinə maddi, mənəvi və tibbi dəstəyini əsirgəməyib. Eyni zamanda nazirlik xarici dövlətlərin ədliyyə nazirlərinə, dünya ölkələrinin  prokurorlarına və nüfuzlu beynəlxalq təşkilatlara Ermənistanın işğalçılığı və insanlıq əleyhinə cinayətləri barədə reallığı əks etdirən 400-dək müraciət ünvanlayıb. Ölkəmizin ədalətli mövqeyini təbliğ etmək məqsədilə Ədliyyə Nazirliyi tərəfindən yaradılan “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması  3 dildə (Azərbaycan, rus, ingilis) fəaliyyət göstərib. Ölkə həqiqətlərini dünyaya geniş yaymaqda və erməni təbliğatını ifşa etməkdə öz imkanlarını səfərbər etmələri üçün bələdiyyələrlə də lazımi iş aparılıb.

Deputatların nəzərinə çatdırıldı ki, pandemiya ilə bağlı karantin tədbirlərinə baxmayaraq, 2020-ci ildə də bələdiyyələrin fəaliyyətində səmərəliliyin artırılması, yol verilmiş pozuntuların aradan qaldırılması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilib.

Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə ötən il mövcud qanunvericiliyə bir sıra dəyişikliklər edildiyini də vurğuladı. Yerli özünüidarəetmə qurumlarının işinə kömək və metodoloji yardım məqsədilə təlimatlar hazırlandığını bildirdi.

Məlumat verildi ki, 2020-ci il ərzində Ədliyyə Nazirliyində 79 min 858, Naxçıvan MR-in Ədliyyə Nazirliyində isə 2 min 670 bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb və hüquqi ekspertizadan keçirilib. Həmin sənədlərin 95,7 faizi qanunvericiliyə uyğun hesab edilib. 2 min 939 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1416 akt ləğv edilib, 1316 akt isə dəyişdirilib. Bələdiyyələr tərəfindən təmin olunmayan 13 təklif üzrə məhkəmə iddiası qaldırılıb, onlardan 2-si təmin edilib.

2020-ci ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı 3 min 206 müraciətə baxılıb. 164 müraciət təmin və ya qismən təmin edilib ki, bu da 2019-cu illə müqayisədə 17 faiz çoxdur. İl ərzində bələdiyyələrin vəzifəli şəxslərindən 172 nəfər barəsində inzibati xəta protokolu tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət tədbirləri nəticəsində ötən il 8 min 217 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılıb, 2 min 261 ha torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır.

Yekunda ölkəmizdə bələdiyyələrin 1999-cu ildən fəaliyyət göstərdiyini qeyd edən Vilayət Zahirov işğal altında olmuş 950-dən çox yaşayış məntəqəsində bələdiyyə seçkilərinin keçirilmədiyini, işğal nəticəsində məcburi köçkünə çevrilmiş vətəndaşlarımızın öz konstitusion hüquqlarından - yerli özünüidarəetmə hüququndan məhrum olduğunu dedi. Bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri başa çatdıqdan, yaşayış üçün zəruri infrastruktur yaradıldıqdan sonra öz ata-baba yurdlarına qayıdacaq vətəndaşlarımızın konstitusion hüquqları bərpa olunacaq, o torpaqlarda bələdiyyə seçkiləri keçiriləcək və yerli özünüidarə orqanları formalaşacaq. Bu istiqamətdə Ədliyyə Nazirliyi də qarşısında dayanan vəzifələri yerinə yetirməkdə davam edir.

Məruzə ətrafında aparılan müzakirələrdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclis sədrinin müavini Adil Əliyev, komitə sədrləri Siyavuş Novruzov və Tahir Rzayev, deputatlar Qüdrət Həsənquliyev, Kamran Bayramov, Azər Badamov, Erkin Qədirli, Əli Məsimli, Razi Nurullayev illik məruzəni və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2020-ci ildə gördüyü işləri müsbət dəyərləndirdilər. Məruzənin yüksək səviyyədə hazırlandığı qeyd olundu. Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə irad və təkliflər də nəzərə çatdırıldı.

Müzakirələrdən sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi nəzərə alındı.

İclasda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda, Ailə Məcəlləsində və Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul olundu.

Sonra ikinci oxunuşda təqdim olunmuş 3 məsələyə baxıldı. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində,  həmçinin “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri qəbul edildi.

İclasda son olaraq “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Məlumat verildi ki, qanun layihəsi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu ildə qəbul olunmuş qanunun icrası ilə əlaqədardır. Həmin dövrdə Vergi Məcəlləsinə 162 maddədən ibarət fundamental dəyişikliklər edilib. Hazırda icra haqqında qanuna təklif edilən dəyişiklik məcəlləyə uyğunlaşdırma məqsədi daşıyır. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyuldu və  birinci oxunuşda qəbul edildi.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video