10 Aprel 2021 00:18
1415
İQTİSADİYYAT
A- A+

İşğaldan azad olunan ərazilərimiz böyük investorların diqqət mərkəzindədir

 

Tarixi günlərini yaşayan Azərbaycan işğaldan azad olunan ərazilərində yenidənqurma işlərini davam etdirir. Bu torpaqlarda inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq. Füzuli rayonunda inşa edilən hava limanı ilə yanaşı, Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinin adı “Qələbə” yoludur. Nisbətən aran ərazidən keçən digər yol da hava limanından birbaşa gediş-gəlişi təmin edəcək. Bununla da digər ölkələrdə yaşayan azərbaycanlılar, turistlər Qarabağa gəlmək imkanına malik olacaqlar.

Bölgədə böyük iqtisadi layihələr icra olunacaq və bunun üçün böyük şəhərlərin baş planları tərtib edilməkdədir. İlk olaraq Ağdam şəhəri bərpa ediləcək. Müharibədən əvvəl bu şəhərdə təqribən 40 minə yaxın insan yaşayırdı. İndi əhalinin sayı artaraq 50 mindən çox olub. Odur ki, 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırılıb, infrastruktur yaradılmalıdır. Ondan sonra inzibati və yaşayış binaları, o cümlədən məktəblər, xəstəxanalar inşa edilməlidir. Bu, böyük bir zaman tələb edir. Azərbaycanın yarışacağı əsas tərəfmüqabili zamandır. Çünki vəsait var və bütün güclər də səfərbər edilib.

Azərbaycana maraq göstərən dost ölkələrə məxsus şirkətlər bərpa işlərinə cəlb olunacaq. Şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastrukturun, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib.

İşğaldan azad olunan ərazilərdə bərpa işləri yeni iqtisadi imkanlar yaradacaq. Görüləcək infrastruktur layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat mərkəzi açılacaq. Bu cür layihələr, ümumən, regionun geosiyasi statusunu dəyişdirəcək.

Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib. İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoymağı nəzərdə tuturlar. Onlar da başa düşürlər ki, artıq hərbi əməliyyatların yenidən başlanması riski yoxdur.

İrimiqyaslı layihələr böyük maliyyə vəsaiti tələb edir. Bütün kəndlərə asfalt salınacaq. 100 kilometrlərlə dəmir yolu çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr cari ilin sonuna qədər icra ediləcək. Həmçinin kənd təsərrüfatı və digər infrastruktur işləri də prioritetdir. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları tikiləcək.

Qarabağın güclü iqtisadi potensialı mövcuddur. Çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr icra olacaq. Füzulidə tikilən hava limanının uçuş-enmə zolaqları və hava limanının fəaliyyətini təmin edəcək naviqasiya sistemləri operativ istifadəyə veriləcək. Hava limanı beynəlxalq statuslu olacaq. Uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. Hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə olunacaq. Bərpa işləri sistemli və planlı şəkildə aparılacaq. Hava limanının tikilməsi təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da 2 hava limanının tikilməsi planlaşdırılır. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib.

Qarabağın böyük kənd təsərrüfatı potensialı var. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün münbit imkanlar var. Müvafiq işlərin görülməsinə artıq başlanıb. 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Qarabağ alternativ enerji mənbəyinə çevriləcək. Hələ müharibədən əvvəl Azərbaycan bərpaolunan enerjiyə investisiyalar cəlb etmək üçün işlər aparmışdır. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Qarabağ “yaşıl enerji” zonasıdır. Məhz azad edilmiş ərazilərdə geniş imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında külək stansiyaları tikiləcək. Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları yaradılacaq. Çünki bu yerlərdə günəş şüalarının il ərzində miqdarı çox böyükdür.

İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həllinə də operativ surətdə başlanıb. Şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsi prosesi artıq başlanıb. Pilot layihələrin icrasına da başlanıb. “Ağıllı kənd” layihəsi artıq icra olunur. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli yaşayış və iş imkanları yaradılacaq.

Reallaşacaq layihələr Azərbaycanı dünya miqyasında daha da qüdrətli dövlətə çevirəcəkdir.

 

Elnur RÜSTƏMOV,

Füzuli rayon prokuroru, kiçik ədliyyə müşaviri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video