19:55 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi və sosial layihələr birgə həyata keçirilir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:01 10.10.2021

 

Böyük qayıdışdan sonra əhalinin iş yeri və sosial infrastruktur sarıdan problemi olmayacaq

 

Prezident İlham Əliyevin Tərtər, Bərdə və Cəbrayıl rayonlarına səfəri indiki gərgin, diplomatik oyunların getdiyi bir dönəmə təsadüf etdiyi üçün daha böyük əhəmiyyət daşıyır.

Bildiyimiz kimi, müharibə qurtarandan sonra bir çox ölkələr yeni yaranan reallıqları qəbul etmək istəmir, Azərbaycanı təzədən gərginliklərə çəkmək istəyirlər. Azərbaycan isə bunun əvəzində yeni əməkdaşlıq dövrünün başlandığını bəyan edir. Elə Prezidentin adını çəkdiyimiz rayonlara səfərinin gündəliyi də bunu sübut edir.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən yeni tikilən avtomobil yolunun açılış mərasimində iştirak etmişdir. Vurğulayaq ki, bu yolun çəkilməsi, sadəcə, sosial-iqtisadi layihə deyil, o həm də yolumuzun hansı səmtə istiqamətləndiyini göstərir.

Məlumdur ki, hər bir ərazidə iqtisadi inkişafa nail olmaq üçün onun mükəmməl sosial infrastrukturu olmalıdır. İşğaldan azad olunan əraziləri bərpa etmək üçün, ilk növbədə, sosial infrastruktur layihələrinin icrası da bununla bağlıdır. Enerji ilə təminat isə digər sosial infrastruktur layihələrindən daha önəmlidir. Bu üzdən bölgədə, ilk növbədə, su elektrik stansiyalarının, yarımstansiyaların və enerjiötürücü xətlərin çəkilməsi icra olunur. Artıq regionda ermənilər tərəfindən dağıdılmış bir çox su elektrik stansiyası təmir edilərək istifadəyə verilmişdir.

Dövlət başçısının son səfəri zamanı Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının da yenidənqurmadan sonra açılışı olmuşdur. Prezidentə məlumat verilmişdir ki, ermənilər ərazini tərk edərkən hər iki stansiyanın yararlı ehtiyat hissələrini söküb daşımış, apara bilmədiklərini isə dağıtmışlar. Qısa zamanda düşmən tərəfindən dağıdılan idarəetmə məntəqəsinin binaları və avadanlıqları, o cümlədən stansiyanın elektrikverici xətti tamamilə yenidən qurulub. Təkcə “Suqovuşan-2” stansiyasında ildə

8,7 milyon kilovatsaat elektrik enerjisinin istehsal olunması nəzərdə tutulub. Hər iki layihənin istismara verilməsi bölgənin enerji təminatında önəmli rol oynayacaq.

Azərbaycanda aparılan siyasətin fövqündə ölkə vətəndaşının mənafeyi dayanır. Müharibə başa çatdıqdan dərhal sonra cəbhə bölgəsində ermənilərin dağıtdıqları bütün binaların təmir edilməsi və ya yenidən tikilməsi, o cümlədən dövlət başçısının Tərtər rayonuna səfəri zamanı “Smerç” raketi ilə evi dağıdılan Sahib İsmayılovun ailəsi üçün tikilən təzə evə baş çəkməsi də bunu təsdiqləyir.

Ümumiyyətlə, Vətən müharibəsi zamanı düşmənin ən çox hədəfə aldığı rayon Tərtər olmuşdur. Savaş günlərində rayonun 12 mülki şəxsi qətlə yetirilmiş, 63 nəfər yaralanmışdır. Tərtər şəhəri də daxil olmaqla rayonun 40 yaşayış məntəqəsinə 16 min 272 tank, top, qrad, minamyot mərmisi, həmçinin qadağan olunmuş 21 raket atılmışdır. Bu xain hücum nəticəsində rayonda 82 mənzilə, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, texniki peşə məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəymişdir. İndi sürətlə həmin obyekt, ev və mənzillər təmir edilir, bu, mümkün olmadıqda isə yeniləri tikilir. Həmçinin Sahib İsmayılov kimi yeni ocaqlarına köçənlər də çoxdur.

Hazırda dünya iqtisadiyyatında keyfiyyətli, maya dəyəri aşağı olan məhsul istehsalına nail olmaq üçün yüksək texnologiyalardan geniş istifadə edilir. Bu da yeni növ avadanlıqlardan istifadə etməyi bacaran kadrlara olan tələbatı artırır. Həmin səbəbdən yeni dövrün tələblərinə cavab verən ixtisaslı kadrlar hazırlamaq üçün ölkəmizdə müasir ixtisasların tədrisinə diqqət yetirilir, iri şəhərlərlə yanaşı, bölgələrdə də müasir ixtisaslar üzrə kadrların hazırlanması üçün peşə liseylərinin şəbəkəsi genişləndirilir. Dövlət başçısının Bərdəyə səfər edərkən açılışında iştirak etdiyi yeni peşə liseyi də onlardan biridir. Beş blokdan ibarət olan yeni lisey rayon və bölgə üçün müasir tələblərə cavab verən kadrların hazırlanmasında önəmli rol oynayacaq.

Prezident səfər çərçivəsində digər sosial obyektlərin, o cümlədən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində iştirak etmişdir. Bu faktlar onu göstərir ki, işğaldan azad olunan ərazilərdə iqtisadi və sosial layihələr paralel həyata keçirilir. Deməli, böyük qayıdışdan sonra əhalinin iş yeri və sosial infrastruktur sarıdan heç bir problemi olmayacaq.

 

Rüstəm KAMAL,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM