16 Sentyabr 2021 00:56
1404
İQTİSADİYYAT
A- A+

İşğaldan azad edilən ərazilərin su təminatı bərpa olunur

 

Bunun üçün həm yerüstü, həm də yeraltı su mənbələrindən istifadə edilir

 

Arid zonada yerləşən Azərbaycanın su ehtiyatları olduqca məhduddur. Yerüstü su ehtiyatları 32,2 milyard kubmetr təşkil edir və quraqlıq illərində bu rəqəm 22,6 milyard kubmetrə qədər azalır. Yeraltı suların miqdarı isə 5,2 milyard kubmetrdir. Orta illik su çatışmazlığının 4,5-5 milyard kubmetr arasında dəyişdiyi Azərbaycanın yerüstü su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşır.

Son illər ölkə üzrə bütün su mənbələrindən orta hesabla 10-14 milyard kubmetr su götürülür ki, onun da 60-70 faizi kənd təsərrüfatının, 20-25 faizi sənayenin, qalan hissəsi təsərrüfat və içməli su tələbatının ödənilməsinə sərf edilir. Qlobal iqlim dəyişilmələri ilə əlaqədar dünyada, o cümlədən Azərbaycanda müşahidə olunan uzun sürən quraqlıqlar mövcud çətinlikləri bir qədər də artırır.

Su çatışmazlığı ilə yanaşı, çayların, xüsusilə transsərhəd çaylarının qonşu Ermənistan və Gürcüstanın ərazisində çirklənməsi də ölkədə sosial-ekoloji gərginliyi gücləndirən əsas amildir. Bir çox illərdir ki, həmin ölkələrin ərazisindən axan Kür, Araz, Oxçuçay və digər transsərhəd çayları yüksək dərəcədə çirklənmiş halda Azərbaycan ərazisinə daxil olur. Hətta Ermənistandan axan Oxçuçay kritik dərəcədə çirkləndiyinə görə ona “ölü çay” da deyilir.

Bütün bunlar nəzərə alınaraq ölkəmizdə mövcud su çatışmazlığını aradan qaldırmaq istiqamətində mühüm işlər görülür, o cümlədən suya olan tələbatın ödənilməsi məqsədilə dövlət tərəfindən bu sahəyə milyardlarla manat vəsait ayrılır. Bu hesaba birbaşa dövlət başçısının tapşırığına əsasən, Şəmkirçay, Tovuzçay və Taxtakörpü kimi nəhəng su anbarları yaradılıb, 20-dən çox kiçik və ortahəcmli su anbarları istifadəyə verilib.

Nəticədə yüz minlərlə hektar əkin sahəsinin suvarılması təmin olunub və hazırda həmin sahələrdən yüksək məhsul götürülür.

İndi isə həm də işğaldan azad edilmiş ərazilərin su təminatının bərpası istiqamətində tədbirlər həyata keçirilir. “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində “Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu” tərəfindən Füzuli rayonu Şükürbəyli kəndində içməli su təchizatının yaxşılaşdırılması üçün artezian quyusu qazılaraq transformator, “tap-stand”, 5 supaylama nöqtəsi və su çəni inşa edilib. Yeni istifadəyə verilən quyudan kəndin 1600 sakini yararlana biləcək. Bundan əlavə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi rayonun 35 min 400 hektar əkin sahəsinin suvarılması, eləcə də 75 min nəfər əhalinin içməli və təsərrüfat suyuna olan tələbatının ödənilməsi üçün işlərə başlayıb. Artıq 28 min 249 hektar sahə subartezian quyuları, 7151 hektar sahə isə öz axını və nasos stansiyaları ilə suvarılır. Məlumat üçün bildirək ki, idarənin balansında 986 subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalı, 192 hidrotexniki qurğu var. Bu imkanlar hesabına əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün istismarı dayanmış və suyu azalmış subartezian quyuları bərpa edilir, Prezidentin sərəncamlarına əsasən, yeni quyular qazılır. Təkcə 5 ildə rayonda 207 subartezian quyusu qazılıb istehlakçıların istifadəsinə verilib.

Rayondakı subartezian quyularının, nasosların və hidroqurğuların təmiri də diqqət mərkəzində saxlanılır, eyni zamanda, kanallar ilboyu lildən təmizlənir. Məsələn, cari ilin ötən dövrü suvarma kanallarında 256 min kubmetr lildən təmizləmə işləri görülüb, 42 hidrotexniki qurğu, 480 nasos, 3 nasos stansiyasında təmir işləri aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində əkinlərin suvarma suyu ilə təminatında heç bir çətinlik yaranmayıb.

Ağdamın işğaldan azad edilən ərazilərində də su təsərrüfatı obyektlərinin bərpasına başlanılıb. Yeri gəlmişkən qeyd edək ki, rayonun işğaldan azad edilmiş ərazilərində 327 subartezian quyusu, Xaçınçay və Ağdamkənd su anbarları, 396 kilometr magistral kanallar, 427 hidrotexniki qurğu, həmçinin arxlar, kiçik su tutarları var. Artıq Xaçınçay su anbarı üzrə smeta-layihə işləri yekunlaşır. Su anbarının qarşısındakı 14 kilometr suvarma kanalı da minalardan təmizlənib. Üstəlik, bir subartezian quyusu bərpa edilib ki, onun da vasitəsilə 35 hektar ərazi suvarma suyu ilə təmin olunacaq.

Qarabağ bölgəsində su təminatı sahəsində xüsusi rolu olan Suqovuşan bəndində də təmir işlərinə başlanılıb. Birinci mərhələdə Suqovuşan bəndinin mexaniki avadanlıqları, suburaxıcı qurğuları, seqment qapıları, eləcə də 5,2 kilometr uzunluğunda magistral kanal təmir olunacaq. İkinci mərhələdə uzunluğu 22 kilometr olan Tərtərçay Sol Sahil, üçüncü mərhələdə isə uzunluğu 70 kilometr olan Tərtərçay Sağ Sahil kanalları təmir və bərpa ediləcək. Təmir işlərinin birinci mərhələsi bu ilin sonunadək başa çatdırılacaq. İkinci mərhələnin bu il başlanması və gələn il yekunlaşdırılması nəzərdə tutulur. Üçüncü mərhələ üzrə də işlər aparılır. Təmir-bərpa işləri nəticəsində ümumilikdə 96 min 200 hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq.

Qeyd edək ki, 1976-cı ildə istismara verilmiş Suqovuşan su anbarı Tərtərçay və Turaqaçay çaylarından daxil olan sular hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam, Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin olunması nəzərdə tutulmuşdu. Lakin 28 il əvvəl baş vermiş Qarabağ müharibəsi nəticəsində Suqovuşan su anbarı işğal olunduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Bununla yanaşı, suyun buraxılmaması çayda kəskin ekoloji problemlərə səbəb olmuşdu. Suqovuşanın işğaldan azad edilməsi ərazidə ekoloji tarazlığın bərpası ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan ərazilərə suyun verilməsinə, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaratmışdır.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video