07:51 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İran xalqı Prezidentini seçdi

ANA SƏHİFƏ / DÜNYA
01:00 22.06.2021

 

Ölkənin yeni iqtidarı bir sıra ciddi problemləri həll etməli olacaq

 

Ötən şənbə günü İran İslam Respublikasında sayca 13-cü prezident seçkiləri keçirilmişdir. Seçkilərin nəticələri artıq məlumdur. Ölkənin seçilmiş Prezidenti İbrahim Rəisi təbrikləri qəbul edir.

Rəsmi məlumata görə, səs vermək hüququ olan iranlıların 48,8 faizi, yəni 28,9 milyon nəfər seçkilərdə iştirak etmiş, onların 17,9 milyonu prezidentliyə namizəd, Ali Məhkəmənin sədri İbrahim Rəisini dəstəkləmişdir. Digər üç namizəd - Sistemin Məqsədəuyğunluğunun Qiymətləndirilməsi Şurasının katibi Möhsün Rzai 3,4 milyon səs, Mərkəzi Bankın keçmiş başçısı Əbdünnasir Himməti 2,4 milyon səs, parlament sədrinin müavini Əmir Hüseyn Qazizadə Haşimi təxminən 1 milyon səs toplamışdır.

İbrahim Rəisinin dövlət başçısı vəzifəsinə seçiləcəyi gözlənilən idi. Səsvermədən qabaq keçirilmiş rəy sorğuları göstərirdi ki, prezident kürsüsünə seçkilərdə inamlı qələbə qazanaraq məhz Rəisi əyləşəcək.

Xalqın belə bir seçim edəcəyi bir sıra səbəblərlə izah edilirdi. İlk növbədə, seçilmiş dövlət başçısı kənardan gəlmiş siyasətçi deyildi. O, uzun illər yüksək dövlət vəzifələri tutmuşdur. 2019-cu ildən bəri Ali Məhkəməyə rəhbərlik edən Rəisi bundan əvvəl baş prokurorun səlahiyyətlərini icra edirdi. O, dörd il əvvəl - 2017-ci ildə keçirilmiş seçkilərdə prezidentliyə namizəd kimi iştirak etmiş, amma mötədil islahatçı Həsən Ruhaniyə məğlub olmuşdur. O vaxt Ruhani 14 milyondan çox, Rəisi isə 10 milyondan çox səs toplamışdılar. Bu o mənaya gəlir ki, Rəisi dövlət rəhbərliyinə doğru məqsədyönlü şəkildə irəliləyirdi.

Digər tərəfdən, ekspertlər hesab edirlər ki, Rəisinin qarşısına islahatçılardan, yaxud liberallardan hər hansı güclü namizəd çıxmamışdı: əvvəlki prezident seçkilərində hakimiyyətə gəlmiş islahatçılar vətəndaşların ümidlərini doğrultmamışdılar, onların vəd etdikləri dəyişikliklər reallaşmamışdı. Odur ki, klassik mühafizəkar kimi səciyyələndirilən Rəisi elə bir müqavimətlə rastlaşmadan qələbəsini təmin etmişdir.

Başqa bir məqam da diqqəti cəlb edir ki, ABŞ-ın eks-prezidenti Donald Trampın İrana qarşı yürütdüyü siyasət ikitərəfli münasibətləri dalana salmış, nəticə etibarilə İran cəmiyyətində sərt xətt tərəfdarlarının imkanlarını genişləndirmişdir. Başqa sözlə, Vaşinqtonun İranın nüvə proqramına dair beynəlxalq sazişdən birtərəfli qaydada çıxıb Tehrana qarşı sanksiyaları bərpa etməsi iranlı mühafizəkarların işinə yaramış, onların namizədinin prezident seçkilərində qələbə qazanmasına imkan vermişdir.

Təbii ki, İranın yenicə seçilmiş Prezidentinin yeridəcəyi siyasət həm ölkə daxilində, həm də xaricdə ciddi maraq doğurur. Söhbət hər şeydən əvvəl ABŞ başda olmaqla Qərb dövlətləri ilə münasibətlərin gərginləşməsi, İrana qarşı tətbiq olunmuş beynəlxalq sanksiyaların qüvvədə qalması nəticəsində milli iqtisadiyyatın arzuolunmayan vəziyyətə düşməsindən qaynaqlanan problemlərdən gedir. Qərblə münasibətlərin normal məcraya qayıtması İranın seçilmiş Prezidentinin əl-qolunu açar, ölkənin qarşılaşdığı çoxsaylı çətinliklərin aradan qaldırılmasında az qala həlledici rol oynayar.

Məlum olduğu kimi, ABŞ-da Prezident Co Bayden hakimiyyətə gələndən sonra Qərb-İran münasibətlərini qaydaya salmaq üçün imkanlar yaranmışdır: həm Vaşinqton, həm də Tehran ikitərəfli əlaqələrdə gərginliyi aradan qaldırmaqda maraqlı görünür. Ağ evdən İrana yönəlik müsbət siqnallar gəlməkdə davam edir. Hazırda iki tərəf arasında Avstriyanın paytaxtı Vyanada birbaşa olmasa da, dolayı yolla dialoq davam edir. İran beynəlxalq sanksiyaların ləğv olunması müqabilində milli nüvə proqramına dair beynəlxalq sazişə qayıtmağa və həmin sənədə uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazırdır. Hələlik Vaşinqton Tehranın mövqeyini qəbul etməkdən uzaqdır.

Bununla belə, siyasi müşahidəçilər ABŞ-İran münasibətlərinin yaxın gələcəkdə inkişafından elə də bədbin deyillər. Ehtimal edilir ki, iki tərəf hansısa formada ortaq məxrəcə gələcək, mövcud gərginliyi azaltmağın yolunu açacaq. Yəqin ki, Vaşinqton nəzərə alır ki, eks-prezident Trampın İran siyasəti bu ölkəyə böyük ziyan vursa da, gözlənildiyi kimi, onun çökməsi ilə nəticələnmir. Belə ki, bütün beynəlxalq sanksiyalar davam etsə də, bu il İran iqtisadiyyatı son üç ildəkindən daha yaxşı görünəcək. ABŞ sanksiyalarının şok effekti arxada qalmışdır, pandemiya ilə əlaqədar məhdudiyyətlər azalır, idxal kəsiri qismən və ya tamamilə əvəzlənir, sanksiyalardan yan keçməyin yolları tədricən müəyyən edilir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, bu il İranın ÜDM-i 2 faiz artacaq. Odur ki, Prezident Baydenin sələfindən fərqli mövqe tutacağını gözləməyə dəyər.

İranda prezident vəzifəsinə mühafizəkar siyasətçinin seçilməsi tez-tez nəzərə çarpdırılaraq iddia olunur ki, guya, Rəisi səlahiyyətlərini icra etməyə başlayan kimi siyasi rəqibləri - islahatçılar və liberalları sıxışdıracaq, onları siyasət meydanından çıxarmağa çalışacaq. Əslində, belə gözləntilər üçün elə bir əsas yoxdur. Son onilliklər ərzində İran iqtidarında islahatçılarla mühafizəkarlar  bir-birilərini əvəzləmişlər, amma onların hamısının rəhbər tutduğu başlıca prinsip praqmatizm olmuşdur, çünki xalqa ideologiyadan çox firavan həyat lazımdır. İbrahim Rəisinin də praqmatik siyasət yürüdəcəyinə şübhə etməmək olar.

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM