06 Avqust 2021 14:25
1906
PARLAMENT
A- A+

İran parlamentinin sədri: İranla Azərbaycan mühüm coğrafi, tarixi, mədəni və dini ortaq dəyərlərlə bir-birinə bağlı ölkələrdir

 

İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova avqustun 6-da İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin sədrini və Azərbaycan nümayəndə heyətini salamlayan İran parlamentinin sədri dost və qonşu ölkənin nümayəndə heyətini Tehranda görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, İranla Azərbaycan mühüm coğrafi, tarixi, mədəni və dini ortaq dəyərlərlə bir-birinə bağlı ölkələrdir. İranda Azərbaycanı çox sevirlər və orada gedən prosesləri yaxından izləyirlər.

Səmimi görüş üçün təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova İranla dost və mehriban qonşuluq münasibətlərimizdən məmnunluğunu ifadə edib. Vurğulayıb ki, iki ölkə arasındakı yüksəksəviyyəli münasibətlərin bərqərar olmasında dövlət başçılarımızın qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Bu səfərlər zamanı imzalanmış sənədlər qarşılıqlı əlaqələrimizin hüquqi bazasını təşkil edir. Sevindirici haldır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsi təmin olunub.

İki ölkənin parlamentləri arasındakı əlaqələrdən danışan Milli Məclisin sədri bildirib ki, qarşılıqlı əlaqələrin inkişafında parlamentlərimiz mühüm rol oynayır. Deputatlarımız tərəfindən müntəzəm olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən işçi qrupları parlamentlərimiz arasında körpü rolunu oynayırlar.

Söhbət zamanı Milli Məclisin sədri bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. İndi Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa dövrü başlayıb. Sahibə Qafarova deyib ki, Ermənistan işğal etdiyi ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıdıb, infrastrukturu tamamilə məhv edib. Düşmən hətta müqəddəs ziyarətgahlarımızı və məscidlərimizi də təhqir edib.

Münaqişə başa çatsa da, bir sıra problemlər hələ də qalmaqdadır. Belə ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı və Vətən müharibəsində azad etdiyimiz torpaqlarımızda minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir, bununla da müharibə cinayəti törətməkdə davam edir. Beləliklə, onlar məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına qayıtmalarına mane olmaq istəyir, sərhədlərin delimitasiyası məsələsində təxribatlara əl atırlar.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2022-ci il fevralın 26-da Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq. İnsanlıq əleyhinə törədilmiş belə cinayətlərə hüquqi-siyasi qiymətin beynəlxalq səviyyədə də verilməsi çox vacibdir. S.Qafarova xatırladıb ki, bu günədək bir çox dövlətlər və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb. Bunu nəzərə alaraq, İran parlamentinin Xocalı soyqırımı ilə bağlı sənəd qəbul etməsi bəşəriyyəti gələcəkdə buna bənzər hadisələrlə üzləşməkdən qoruya bilər.

Sonra görüşdə iştirak edən Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və xarici işlər nazirinin müavini Fariz Rzayev Azərbaycan-İran münasibətlərinə dair fikirlərini bildiriblər.

Görüşün sonunda hər iki ölkənin parlament sədrləri bir-birilərini qarşılıqlı rəsmi səfərlərə dəvət ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video