20 Noyabr 2011 01:11
233
İQTİSADİYYAT
A- A+

İqtisadiyyatın neft-qaz amilindən asılılığı sürətlə azalır

 

Təcrübə göstərir ki, elmi-nəzəri əsaslara söykənməyən inkişafın uzunmüddətli və səmərəli olması qeyri-mümkündür. Bu mənada, son illər Azərbaycanın özünəməxsus inkişaf xüsusiyyətlərinin, milli inkişaf modelinin öyrənilməsi istiqamətində təşəbbüslərin artması da tamamilə təbii görünür: respublikamız iqtisadi sahədə keçid dövrünü başa vurmuş, milli iqtisadiyyatın inkişafı üçün yeni qanunlar qəbul olunmuş, özəlləşdirmə prosesi, vergi, torpaq islahatı ümumən başa çatmışdır.

Son illər infrastrukturun modernləşdirilməsi prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, güclü yanacaq-energetika kompleksi formalaşmışdır. Sahibkarlığın milli inkişafda xüsusi çəkisi artmış, sosial problemlərin əsas qismi həllini tapmış, respublikanın dünya iqtisadi-təsərrüfat sisteminə inteqrasiyası sürətlənmiş, Azərbaycan nəinki özü, region dövlətləri üçün də etibarlı enerji təhlükəsizliyi sistemi yaratmışdır. Xüsusən də ölkəmizin 2008-2010-cu illərdə qlobal böhrandan minimum itki ilə çıxaraq makroiqtisadi göstəricilərə nail olması beynəlxalq müstəvidə müzakirələrə rəvac vermişdir. Beynəlxalq maliyyə qurumlarında maraqla qarşılanaraq ciddi elmi müzakirələrə səbəb olan ölkəmizin iqtisadi inkişaf modeli özünəməxsus cəhətləri ilə əlverişli coğrafi və geoiqtisadi məkanda yerləşən respublikamızı yeni iqtisadi fenomenə çevirmiş, sabit inkişaf yoluna çıxarmışdır.

Ümumiyyətlə, 2003-cü ilin ikinci yarısından ölkəyə inamla rəhbərlik edən dövlət başçısı İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Zəngin təbii sərvətlərdən səmərəli istifadə edilməsinin, investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda, yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləmişdir. Dövlət başçısı səlahiyyətlərinin icrasına başladığı ilk gündən ölkə qarşısında duran problemləri və onların həlli yollarını düzgün müəyyənləşdirmiş, islahatlar kursunun çevikliyinə, işləkliyinə nail olmaq məqsədilə mühüm tədbirlər həyata keçirmişdir.

Azərbaycanın özünəməxsus inkişaf modelinin formalaşması ilə bağlı obyektiv qənaət isə son illər əldə olunmuş sosial-iqtisadi nailiyyətlərlə şərtlənir. Ümumi şəkildə ifadə etsək, son 8 ildə milli iqtisadiyyat 4, büdcə xərcləri 12, hərbi xərclər 20 dəfə artmışdır. Əgər 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi cəmi 1,3 milyard manat idisə, 2011-ci il üçün bu rəqəm 15 milyard manatı ötmüşdür. Bu dövrdə Azərbaycanda maaş və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluğun səviyyəsi 5 dəfədən çox azalaraq 49 faizdən 9 faizə enmişdir.

2011-ci ilin 9 ayının yekunları da respublikanın ötən illərdən başlanmış sürətli inkişafında hər hansı geriləmə və yubanmanın olmadığını göstərir. Hesabat dövrünün sosial-iqtisadi göstəriciləri Avratlantik məkana inteqrasiya kursunu əzmlə davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilərək Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil respublikamızın sosial-iqtisadi sahədəki uğurlarının ardıcıl xarakter daşıdığını göstərir. Bütün bunlar həm də ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi prioritetlərin dayanıqlı əsaslara söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını göstərir.

Ümumi şəkildə demək olar ki, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun yüksəldilməsi, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin, yoxsulluğun aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi məsələləri 2011-ci ilin ötən 9 ayında da cənab İlham Əliyevin iqtisadi siyasətinin başlıca qayəsini təşkil etmişdir. Dövlət başçısı ötən dövrdə hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləndirməklə onların icra prosesini şəxsi nəzarətdə saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönümündə səfərbər etmişdir.

Bəzi ölkələrdə qlobal maliyyə-iqtisadi böhranın mənfi təsirlərinin hələ də aradan qalxmadığı bir şəraitdə Azərbaycanın valyuta ehtiyatlarının 40 milyard dolları ötməsini, ümumilikdə son üç ildə 32 milyarddan, hesabat dövründə isə 11 milyarddan çox artmasını mühüm uğurlar sırasında xüsusi qeyd etmək lazımdır. Nazirlər Kabinetinin iclasında bu məqama xüsusi diqqət çəkən cənab İlham Əliyev demişdir ki, ölkənin strateji valyuta ehtiyatlarının sürətli artımı Azərbaycana qarşıda duran məqsədləri uğurla gerçəkləşdirmək imkanı yaradır: "Deyə bilərəm ki, bu ilin 9 ayında maliyyə vəziyyətimiz də bütövlükdə böyük dərəcədə yaxşılaşıbdır. Bu il ərzində baxmayaraq ki, böyük infrastruktur layihələrini icra edirik, bizim valyuta ehtiyatlarımız azalmır, əksinə, artır. Doqquz ayda ehtiyatlarımız təxminən 11 milyard dollar həcmində artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 40 milyard dolları ötübdür. Bu, çox böyük bir göstəricidir. İnkişaf etmiş ölkələrin göstəricilərinə nəzər salsaq görərik ki, Azərbaycan bu sahə üzrə heç kimdən geri qalmır, bir çox ölkələri qabaqlayır. Nəzərə alsaq ki, düzgün neft-qaz siyasətimiz, strategiyamız vardır və investisiya qoyuluşunu gözlənilən gəlirlərlə daim uzlaşdırırıq, şübhə yoxdur ki, növbəti illərdə də investisiya və sosial xərcləri azaltmadan valyuta ehtiyatlarımızı daha da artıracağıq".

Hesabat dövründə neft hasilatının azalması ilə bağlı ümumi daxili məhsul istehsalının artımı 0,5 faiz təşkil etsə də, qeyri-neft sektorunda qeydə alınmış 8,2 faizlik artımı mühüm makroiqtisadi göstərici kimi səciyyələndirmək olar. Eyni zamanda, iqtisadiyyatın qeyri-neft sektorunda 9,2 faiz, kənd təsərrüfatında 7,6 faiz artım müşahidə olunmuşdur. Bütün bunlar ölkədə iqtisadiyyatın neft və qaz gəlirlərindən asılılığının azaldılması istiqamətində həyata keçirilən siyasətin səmərəli nəticələr verdiyini, qeyri-neft sektorunun yüksək dinamizmlə inkişaf etdiyini göstərir. Bu baxımdan, dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-dövlət sektoru üzrə büdcə daxilolmalarının həcmi xüsusi qeyd olunmalıdır. Bu göstərici üzrə 2010-cu ilin müvafiq dövrünə nisbətən 27,7 faiz və ya 684 milyon manat çox artım müşahidə olunmuşdur. Şübhəsiz, bu nəticələr həm də bölgələrin sosial-iqtisadi tərəqqisində müstəsna rol oynayan regional inkişaf proqramları ilə şərtlənir. 2004-2008 və 2009-2013-cü illəri əhatə edən həmin dövlət proqramlarının icrası urbanizasiya prosesini - əhalinin paytaxt Bakıya və digər şəhərlərə sürətli axın səviyyəsini azaltmaqla yanaşı, regionlarda yeni müəssisələrin, iş yerlərinin açılmasına, kənd təsərrüfatının problemlərinin həllinə, mədəni-intellektual yüksəlişə imkan yaratmışdır.

Regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində yerlərdə infrastrukturun modernləşdirilməsi - qaz, su, elektrik enerjisi kimi kommunal məsələlərin həllini tapması, yolların abadlaşdırılması bölgələrdə sahibkarlığın inkişafına da əlverişli imkanlar açmışdır. Dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin ötən ayın 24-də keçirilən iclasında xüsusi vurğuladığı kimi, 2011-ci ilin 9 ayında qeyri-neft sektorunda əldə olunmuş nəticələr sahibkarlığın inkişafı ilə sıx şəkildə bağlıdır. Ümumiyyətlə, cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda özəl sektorun inkişafı daha da sürətlənmiş, respublikamızda sahibkarlığın inkişafına diqqət artırılmışdır. Kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Dövlət başçısı inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, ədliyyə sistemində səmərəli islahatların aparılması, biznes subyektlərinin qeydiyyatı sisteminin "vahid pəncərə" sistemi ilə həyata keçirilməsi, sahibkarlara verilən güzəştli kreditlərin həcminin 10 milyon manatadək artırılması, yerlərlə inzibati-iqtisadi məhkəmələrin yaradılması və digər tədbirlər bunun əyani təcəssümüdür. Sahibkarlığın inkişafı məqsədilə davamlı şəkildə gerçəkləşdirilən islahatlar respublikada biznes mühitini də liberallaşdırmaqla Azərbaycanın rəqabatədavamlı ölkə kimi tanınmasını təmin edir.

Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin ötən 9 ayının sosial-iqtisadi yekunları ilə bağlı demişdir: "...Beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi və sosial sahələrdə aparılan islahatları çox yüksək qiymətləndirir, Azərbaycanın kredit reytinqləri artır. Böhranlı illərdə inkişaf etmiş ölkələrin kredit reytinqləri azaldığı bir vaxtda Azərbaycanın kredit reytinqləri artmaqdadır. Dünyanın nüfuzlu təşkilatı - Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyi ilə bağlı növbəti hesablamalarda Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirərək 55-ci yerə layiq görmüşdür. Bütün MDB məkanında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Azərbaycan birinci yerdədir, liderdir. Bu liderliyi saxlayır və əminəm ki, saxlayacaqdır. Çünki uğurlarımızın təməlində düşünülmüş islahatlar, düzgün siyasət, müstəqil siyasət dayanır".

Bu il də sosial məsələlərin həlli hökumətin iqtisadi siyasətində prioritet məsələlərdən biri olaraq qalmışdır. Neft gəlirlərinin iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana axarını təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.

2011-ci ilin büdcəsinin sosialyönümlü olması da sosial məsələlərin daim diqqət mərkəzində olduğunu göstərir. Yanvar-sentyabr aylarında dövlət büdcəsinə daxil olan vəsaitin 33,9 faizi və ya 2 milyard 962 milyon manatı sosialtəyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2010-cu ilin eyni dövrü ilə müqayisədə 420 milyon manat və ya 16,5 faiz çox olmuşdur. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, ilk növbədə, pensiya təminatı sistemində islahatların həyata keçirilməsi və 2010-cu il yanvarın 1-dək təqaüdə  çıxmış şəxslərin pensiyalarına əmək stajlarına uyğun olaraq artımın tətbiqi üçün dövlət büdcəsindən 195 milyon manat vəsait ayrılmışdır.

Azərbaycan hökumətinin regionların inkişafına da xüsusi diqqətlə yanaşması, ilk növbədə, sahibkarlığın inkişaf etdirilməsi yolu ilə uzun illər özünü ciddi sosial problem kimi göstərmiş işsizliyin tədricən aradan qaldırılması, əhalinin faydalı məşğulluğunun təmin edilməsi məqsədindən irəli gəlmişdir. Başqa sözlə, hökuməti genişmiqyaslı sosialyönümlü tədbirlər sistemi həyata keçirməyə sövq edən başlıca amillərdən biri məhz işsizlik problemi, yaxud da əməyin ucuzlaşması olmuşdur. Əlbəttə, yeni iqtisadi münasibətlər sistemində özəlləşdirmə və sahibkarlığın inkişafı məsələləri ilə bağlı olaraq vətəndaşların işlə təminatı sırf dövlətin funksiyalarına aid edilmir. Xüsusi mülkiyyətçilik şəraitində dövlət əmək resurslarına qismən nəzarət etdiyindən, işsizliyin müəyyən səviyyədə mövcudluğu labüd prosesə çevrilir. Bu mənada, dövlət iş yerlərinin açılması prosesinə, sadəcə, şərait yaratmağa, əhalinin faydalı məşğulluğunun təmini məsələsini bu və digər hüquqi əsasda stimullaşdırmağa çalışır. Lakin inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, işsizlik probleminin tam ləğvi mümkün deyil. Dövlətin vəzifəsi işsizliyin mənfi nəticələrini azaltmaq, məşğulluğun artımına nail olmaq, ən əsası, işsizliyə görə müavinət verməkdir.

Etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində ölkədə işsizlik probleminin özünü qabarıq büruzə verməsi həm də yoxsulluğun yüksək səviyyəsi ilə müşayiət olunur, dövlət vətəndaşların sosial mənafeyini lazımi səviyyədə təmin edə bilmirdi. 2003-cü ildən regional inkişafla bərabər, yeni iş yerlərinin açılması prosesi də hökumətin xüsusi diqqət yetirdiyi məsələlərdən biri olmuşdur. Artıq bölgələrdə işsizliyin səviyyəsinin xeyli dərəcədə azalması, ilk növbədə, regional inkişaf və sahibkarlığın dəstəklənməsi istiqamətindəki tədbirlərin uğurlu nəticəsi kimi özünü göstərir: son 8 il ərzində Azərbaycanda 950 minə yaxın yeni iş yeri açılmışdır. Uğurlu investisiya siyasətinin 2011-ci ilin ilk 9 ayında da müvəffəqiyyətlə davam etdirilməsinin nəticəsi olaraq 74 min yeni iş yeri açılmışdır və onlardan 50 mini daimidir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu məqama xüsusi diqqət çəkərək demişdir: "İşsizliklə bağlı deyə bilərəm ki, bütövlükdə bu sahədə də Azərbaycanda çox böyük işlər görülmüşdür, hazırda işsizliyin səviyyəsi təqribən 5,5 faizdir. Əgər biz ətrafa, inkişaf etmiş ölkələrə baxsaq görərik ki, bu da çox gözəl göstəricidir. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 20 faiz, 15 faiz səviyyəsindədir, 10 faiz səviyyəsindədir, bizdə isə 5,5 faizdir. Çox güman ki, bu da real vəziyyəti əks etdirmir. Çünki yaxşı bilirik, əfsuslar olsun ki, hələ də bizdə bu sahədə müfəssəl və dəqiq mexanizm tam işə düşməyib. Bəzi hallarda qeydiyyata almamaq halları da olur. Bəzi hallarda rəsmi yox, zərfdə maaş alanlar da vardır. Biz dəfələrlə bu məsələni qaldırmışıq. Deyə bilərəm ki, son illər ərzində bu sahədə vəziyyəti normallaşdırmaq üçün yaxşı tədbirlər görülmüşdür və davam etdirilməlidir. Ancaq əgər biz bu amili də nəzərə alsaq görərik ki, Azərbaycanda işsizliyin sayı da 5,5 faizdən aşağıdır".

Müasir dövrdə hər bir ölkənin sabit iqtisadi inkişafında sənaye potensialının da rolu böyükdür. Müstəqil Azərbaycan da hazırda inkişafının elə yüksək mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər, ilk növbədə, bu sahəyə diqqətin artırılmasını aktual məsələ kimi gündəmə gətirir. Dövlət başçısı hesab edir ki, yalnız sənayenin inkişaf etdirilməsi yolu ilə neftin qiymətlərinin aşağı düşməsi səbəbindən Azərbaycanın üzləşə biləcəyi maddi itkiləri kompensasiya etmək mümkündür. Sənaye potensialının gücləndirilməsi dedikdə, söhbət əsla keçmiş ittifaq dövründə olduğu kimi, dövlət nəzarətindəki strateji müəssisələrin yaradılmasından getmir. Prezident İlham Əliyev dövlətin bu sahədəki siyasətini, sadəcə, sahibkarlığa kömək tədbirlərinin davamı hesab edir və perspektivli, iqtisadi nöqteyi-nəzərdən səmərəli sənaye kompleksinin formalaşmasına çalışır. Yəni, hökumət öz tərəfindən bu cür müəssisələrin normal fəaliyyətinə, habelə xarici sərmayədarlarla birgə qlobal layihələr həyata keçirməsinə etibarlı təminat mexanizmləri yarada bilər. 2006-cı ildə Azərbaycanda Dövlət İnvestisiya Şirkətinin yaradılması da məhz bu məqsədə xidmət edir.

Hökumət son illər sənayenin qeyri-neft sektorunun lokomotivinə çevrilməsi istiqamətində də ardıcıl və sistemli tədbirlər həyata keçirir. Azərbaycan iqtisadiyyatında son illərdəki inkişaf meyillərini müşahidə edərkən, sözsüz ki, sənayenin yüksək inkişaf dinamikasını aydın görmək mümkündür. Hazırda Azərbaycanda ümumi daxili məhsulun tərkibində əsas yer sənaye məhsullarının payına düşür. Bu gün Azərbaycan sənayenin sürətli inkişafına görə MDB dövlətləri içərisində nəhəng sənaye komplekslərinə malik Rusiya və Ukrayna ilə rəqabətə davam gətirir.

Sənaye sektorunda neft-kimya kompleksinin rolu yüksək olsa da, iqtisadiyyatın digər sahələrində sənaye məhsulunun artımı daha çox müşahidə olunur. Başqa sözlə, neft sektoru sənayenin inkişafına impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri, bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaratmışdır. Onu da bildirək ki, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya prosesində təkcə yerli sənaye resursları ilə deyil, həm də xarici dövlətlərdə reallaşdırdığı sərmayə proqramları nəticəsində sahib olduğu sənaye potensialı ilə nüfuzunu möhkəmləndirmək imkanı qazanmışdır. Türkiyənin, Gürcüstanın, Moldovanın ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, böyük investor kimi dünya bazarında rəqabət imkanlarını artıracaqdır. Türkiyənin ən nəhəng sənaye sütunu olan "Petkim"in və "Tekfen"in səhmlərinin böyük bir hissəsinin Azərbaycan hökuməti tərəfindən alınması respublikamızın dünya sənayesində ən tanınmış səhmdarlardan birinə çevrilməsinin bariz nümunəsidir.

Bir neçə il əvvəl xarici sərmayələrə ehtiyac duyan Azərbaycan hazırda özü nəhəng investisiya layihələrini maliyyələşdirən dövlət kimi tanınır. Bir müddət əvvəl Ankarada SOCAR-TURCAS birgə müəssisəsinə İzmir bölgəsində yeni neft emalı zavodunun tikilməsinə dair Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun lisenziyası verilmişdir. Layihə dəyəri 5 milyard dollar olan Ege Neft Emalı zavodu Türkiyə sənayesinin inkişafında mühüm rol oynayacaq. Müasir texnologiyalara uyğun yaradılacaq bu zavod ildə 10 milyon ton neft emal etmək gücünə malik olacaqdır. Yeni zavodun tikintisi dövründə burada 7-10 min, fəaliyyətə başladıqdan sonra isə min nəfər çalışacaqdır. Ümumilikdə, bu, Azərbaycanın enerji sahəsində ən böyük investisiya layihəsidir.

Keçən ayın 25-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə yeni neftayırma zavodunun açılış mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev demişdir: "2008-ci ildə SOCAR TURCAS ilə bərabər "Petkim"in alınması üçün müraciət etmişdir. Mən çox şadam və bir daha əziz qardaşıma minnətdaram ki, müraciətimizə çox müsbət reaksiya verildi, müsbət baxıldı və SOCAR-ın burada gələcək investisiyasının qoyuluşu üçün imkanlar yarandı. Bu gün - 2011-ci ildə biz yeni layihənin başlanğıcındayıq. Yəni, bu qısa tarixçə özlüyündə bir göstəricidir. Güclü siyasi iradə, ölkələrin arasında səmimi münasibətlər olduğu halda biz bütün məsələləri həll edə bilərik. Biz, doğrudan da, dünya çapında çox böyük və önəmli layihələri icra edirik. Bu layihələrin icrası, ilk növbədə, dostluğumuza, qardaşlığımıza söykənir. Bizim bütün uğurlarımızın təməlində dostluğumuz və qardaşlığımızdır".

Son 10 ayda kənd təsərrüfatında 7,6 faizlik artımın müşahidə olunması da bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir. Ümumiyyətlə, qeyri-neft sektoruna verilən yüksək diqqətin nəticəsidir ki, iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, respublikanın ərzaq təhlükəsizliyinin təmini prosesində mühüm nailiyyətlər əldə olunmuşdur. Bu da təsadüfi deyildir. Respublikamızda bazar təsərrüfatçılıq sisteminə transformasiya prosesi aqrar sahədən başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərindən özünü kəskin şəkildə büruzə verən tənəzzül meyilləri dayandırılmış, iqtisadi artıma və inkişafa nail olunmuşdur.

Aqrar bölmənin inkişaf prioritetləri hələ Prezidentin 2003-cü il 24 noyabr tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanda və 2004-cü il 11 fevral tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nda əksini tapmışdır. Regionların inkişafı ilə bağlı birinci Dövlət Proqramı çərçivəsində aqrar sahəyə diqqət artırılmış, regionlarda müasir fermer təsərrüfatları formalaşdırılmış, respublikanın kənd təsərrüfatı məhsulları ilə təminatında ciddi dönüş yaranmış, idxaldan asılılıq azalmışdır. Son illərdə əhalinin ərzaq məhsulları ilə təminatında yerli istehsalın rolu xeyli yüksəlmişdir. İndi kartof, bostan, meyvə, tərəvəz məhsullarına görə adambaşına istehlak norması əsasən daxili istehsal hesabına ödənilir. 2000-ci ilə nisbətən 2010-cu ildə taxıl istehsalı 1,3, kartof 2, tərəvəz 1,5, bostan məhsulları 1,7, meyvə 1,5, üzüm 1,7, şəkər çuğunduru 5,4, ət 2,3, süd 1,5, qaramalın sayı 1,3, davarların sayı isə 1,4 dəfə artmışdır.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət yardımının gücləndirilməsi məqsədilə dövlət başçısı İlham Əliyev 2007-ci il yanvarın 23-də "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncam imzalamışdır. Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli qərarı ilə təsdiq edilmiş "Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları"na görə, buğda istehsalçılarına əkilən hər hektar sahəyə görə 80 manat yardım verilir.

Mütəxəssislərin fikrincə, aqrar sahənin davamlı inkişafında mövcud problemlər, ilk növbədə, maddi-texniki resurslara tələbatın kifayət qədər ödənilməməsi, regionlarda aqroservislər üçün müasir tipli inzibati binaların, o cümlədən texnika və avadanlıqların saxlanması üçün müvafiq məntəqələrin, anbarların mövcud olmamasıdır. Bu baxımdan Prezident İlham Əliyevin 2008-ci il 21 avqust tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" sərəncamı aqrar sahədə mövcud  problemlərin aradan qaldırılmasına, bu sahənin dinamik inkişafına ciddi təkan vermişdir. Sərəncamda kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, istehsalçıların yüksək reproduksiyalı buğda toxumuna, cins damazlıq mal-qaraya olan ehtiyacını ödəmək, habelə mineral gübrələrin və texnikanın saxlanması üçün xüsusi anbarların tikilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Aqrolizinq" ASC-yə 25 milyon manat vəsait ayrılmışdır.

Prezident İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Dövlət Proqramında 2008-2015-ci illərdə Azərbaycan əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Tədbirlər Planı əksini tapmışdır. Dövlət Proqramına görə, 2015-ci ilədək dənli bitkilərin əkin sahələrini 900 min hektara, məhsuldarlığı 32 sentnerə, ümumi istehsalı 2,8 milyon tona, ət məhsulu istehsalını 340 min tona, süd və süd məhsullarının istehsalını 2,4 milyon tona, sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona, yumurta istehsalını 1,12 milyon ədədə, tərəvəz və bostan bitkilərinin istehsalını 1,72 milyon tona, meyvə istehsalını 800 min tona, yağlı bitkilərin əkin sahəsini 135 min hektara, şəkər çuğundurunun əkin sahəsini 20 min hektara, çay yarpağı istehsalını 3 min tona, yem bitkilərinin əkin sahələrini 500 min hektara çatdırmaq nəzərdə tutulmuşdur.

Son illər institusional baxımdan aqrar islahatların uğurla başa çatması, kənd təsərrüfatı istehsalçıları üçün yeni imkanların yaranması qarşıdakı illərdə sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesi ilə səciyyəvi olacaqdır. 2009-cu il aprelin 14-də imzalanmış "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Proqrama görə, kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə olaraq qalır.

Aqrar bölmənin inkişaf istiqamətləri sırasında aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması, aqrar bölməyə maliyyə dəstəyinin artırılması, aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi, aqrar sektora xidmət edəcək və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi, kənd təsərrüfatında suvarma və meliorasiya təminatının yaxşılaşdırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi kimi tədbirlər mühüm yer tutur.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin keçən ay keçirilən iclasında aqrar sektora qayğı siyasətinin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır: "Biz mövcud bazarlara məhsullarımızı daha da böyük həcmdə ixrac etməliyik. Bayaq qeyd etdiyim kimi, yeni torpaqların dövriyyəyə verilməsi nəticəsində kənd təsərrüfatı istehsalımız böyük dərəcədə artmalıdır. Meliorativ tədbirləri əlavə etsək görəcəyik ki, suvarılan torpaqların sahəsi və təbii olaraq istehsal da artacaqdır. Ona görə yeni emal müəssisələrinin yaradılması üçün əlavə kreditlər verilməlidir. Bu mövsümdə bəzi hallarda kənd yerlərində fermerlər tərəfindən yığılmış məhsul bir müddət əllərdə qalmışdı, çünki emal müəssisələrimizin gücü çatmırdı. Ona görə çatmırdı ki, çünki gözləmirdilər ki, istehsal bu qədər artacaqdır. İstehsal da artır, bu da çox yaxşıdır. Ona görə biz növbəti illərdə yeni emal müəssisələrinin yaradılması üçün kreditlər ayırmalıyıq ki, istehsal olunan bütün kənd təsərrüfatı məhsulları bizim emal müəssisələrində emal olunsun və hazır məhsul kimi ixrac edilsin".

Ümumiyyətlə, Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında deyilənlər bir də sübut edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti məhz xalqa layiqli xidmət məramına əsaslanır. 2012-ci ilin büdcə layihəsi isə deməyə əsas verir ki, qarşıdakı ildə Azərbaycan vətəndaşlarının maddi rifah halı daha da yaxşılaşacaq, sosial-iqtisadi inkişaf və sabitlik kursunun respublikamıza gətirdiyi dividendləri hər bir azərbaycanlı gündəlik həyatında daha qabarıq hiss edəcəkdir. 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video