26 Yanvar 2012 02:01
419
İQTİSADİYYAT
A- A+

İnvestisiya qoyuluşunda rekord nəticə

 

Keçən ilin ən böyük uğurlarından biri də budur

 

2011-ci ildə Azərbaycan iqtisadiyyatı növbəti inkişaf mərhələsinə çatdı. İl ərzində nəhəng sosial-iqtisadi layihələr həyata keçirildi, quruculuq-abadlıq işləri geniş vüsət aldı.  Ölkə ərazisində çoxsaylı sənaye, emal, kənd təsərrüfatı və digər təyinatlı istehsal obyektləri tikilib istifadəyə verildi. Nəticədə onlarca iş yerləri yaradıldı.

Dövlət Statistika Komitəsinin məlumatları da istehsal və sənaye müəssisələrinin tikintisi üçün investisiyaların ayrılması siyasətinin uğurla həyata keçirildiyini təsdiqləyir. Belə ki, keçən il bu məqsədlə dövlət büdcəsindən böyük miqdarda vəsait ayrılıb. Bununla yanaşı, xarici və yerli sahibkarlara ölkə iqtisadiyyatına sərmayə qoymaq üçün münbit şərait yaradılıb. İnvestorlar, o cümlədən xarici iş adamları arxayındırlar ki, Azərbaycanda onların hüquqları qanunla qorunur və qoyduqları vəsait batmayacaq. Bu əminliyin nəticəsidir ki, xarici investisiyaların ölkəmizə axını ildən-ilə sürətlə artır. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında belə demişdir: "Bununla bərabər, biz 2011-ci ildə investisiya qoyuluşu sayəsində rekord göstəriciyə nail ola bilmişik. İldən-ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi artmaqdadır, böyük templə artır. 2010-cu ildə 17,6 milyard dollar investisiya qoyulmuşdur. 2011-ci ildə isə  ilk dəfə olaraq investisiyalar 20 milyard dollara bərabərdir. Təkcə iki il ərzində ölkə iqtisadiyyatına 37 milyard dollar vəsait qoyulmuşdur. Əvvəlki dövrdəki investisiyaları da əlavə etsək görərik ki, Azərbaycanda nə qədər böyük işlər görülür. Həm yerli, həm də xarici investorlar ölkə iqtisadiyyatına maraq göstərirlər. Xarici investorlar ölkəmizin uğurlu inkişafına bizimlə bərabər, bizim kimi inanırlar. Eyni zamanda, əlbəttə ki, bu investisiyaların təşkilində dövlət siyasəti həlledici rol oynayır".

Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin artmasını təsdiq edən rəqəmlərə diqqət yetirək. Ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12776,4 milyon manat vəsait yönəldilib, onun da 7821 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilən vəsaitin həcmi 27,3, tikinti-quraşdırma işlərinə sərf edilən vəsait isə 17,5 faiz çox olub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 7482,3, qeyri-dövlət müəssisələri isə 5294,1 milyon manat xərcləyiblər. Məhsul istehsalı obyektlərinin inşasında 5502,8, xidmət sahələri üzrə obyektlərin tikintisində 7273,6 milyon manatlıq vəsaitdən istifadə edilib.

Göründüyü kimi, ölkə iqtisadiyyatında daxili investisiyalar üstünlük təşkil edir. Bu da dövlət tərəfindən həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin nəticəsidir. İndi neft gəlirlərindən qeyri-neft sektorunun inkişafı üçün külli miqdarda investisiya qoyulur. Elə 2011-ci ilin özündə əsas kapitala yönəldilən vəsaitin 80,3 faizi daxili, 19,7 faizi isə xarici mənbələrdən ayrılıb. Daxili mənbələrdən yönəldilən vəsaitlərin 67,3 faizi dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 32,7 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşür.

Əsas kapitala yönəldilən sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri ümumi vəsaitin 47,7, bank kreditləri 7, büdcə vəsaitləri 39,5, büdcədənkənar fondların vəsaiti 3,1, əhalinin şəxsi vəsaitləri 2,6 və s. vəsaitlər 0,1 faiz təşkil edib. Ötən il əsas kapitala yönəldilən bütün vəsaitin 38 faizi sənaye sahələrinin inkişafına, 21,1 faizi nəqliyyat və anbar təsərrüfatına, 9,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlara sərf olunub. Bu da onu göstərir ki, dövlət ölkənin sənayeləşməsinə xüsusi önəm verir. 

Əvvəllər neft sənayesini inkişaf etdirmək üçün əsas investisiyalar bu sahəyə yönəldilirdi. Artıq Azərbaycanda neft sənayesi sürətlə inkişaf edərək ölkəyə böyük miqdarda valyuta gətirir. Odur ki, indi dövlət investisiyaların böyük həcmini qeyri-neft bölməsinə yönəltməyə maraqlıdır. Keçən il də investisiyaların 76,8 faizi qeyri-neft bölməsinə qoyulub.

Ötən il xarici mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi 2010-cu illə müqayisədə 3,2 faiz çox olub. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən xarici vəsaitin 84,2 faizi Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreya investorlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin həcmi 2010-cu ilin səviyyəsini 26,9 faiz üstələyib. Görülən ümumi tikinti işlərinin 76,5 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 16,2 faizi isə əsaslı təmir işləri olub. Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilən ümumi işlərin 25,2 faizini, qeyri-dövlət tikinti müəssisələri isə 74,8 faizini həyata keçirib. Rəqəmlərdən aydın görünür ki, ölkədə aparılan uğurlu islahatlar nəticəsində tikinti sektorunda özəl bölmənin çəkisi dövlət tikinti müəssisələrini üstələyib.

Yola saldığımız il ərzində tikinti sektorunda çalışan inşaatçıların əməkhaqları da yüksəlib. Keçən ilin yanvar-noyabr aylarında inşaat bölməsində çalışan 76,7 min nəfərin orta aylıq əməkhaqqı 518,5 manat təşkil edərək əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz çoxalıb. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı 547,9 manat olub, mülki təyinatlı inşaat işlərində çalışan işçilərin maaşları 8,5, ixtisaslaşdırılmış tikinti işlərində isə 11,4 faiz artıb. 

Onlarca sənaye, istehsal, emal və sosial obyektlər məhz keçən ilin yadigarlarıdır. "Hilton Bakı", "Kempinski Badamdar", "Jumeirah Bilgah Beach Hotel" mehmanxanaları, Abşeronda mebel fabriki, Ağsuda şirə və şərab emalı zavodu, Samuxda meyvə qurudulması və emalı müəssisəsi, Ağcabədidə "Atena" süd istehsalı və emalı kombinatı, Qəbələ rayonunda beynəlxalq aeroport, Xızıda Müalicə-Diaqnostika Mərkəzi, Naftalanda "Qaşaltı" sanatoriya kompleksi, Tovuzda Olimpiya İdman Kompleksi və s. keçən ildə tikilib.

Cari ildə də ölkədə nəhəng tikinti-quruculuq işlərinin görülməsi nəzərdə tutulub. Bu məqsədlə dövlət iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda investisiya qoymağa qərar verib. Nəzərdə tutulan işləri həyata keçirmək üçün cari ilin dövlət büdcəsindən vəsait ayrılacaqdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Çünki dövlət investisiyaları kifayət qədər böyükdür, bu il də belə olacaqdır. Eyni zamanda, dövlət tərəfindən investorları stimullaşdırmaq üçün atılmış addımlar da bəhrəsini verir. İyirmi milyard investisiyanın 13 milyardı daxili investisiyalardır, 7 milyard isə xarici investorların vəsaitidir. Cəsarətlə deyə bilərik ki, bu tarazlıq, yəni, bu çəkilər nisbəti müsbətdir. Xarici investorlar Azərbaycana investisiyaların qoyuluşunu davam etdirirlər. Daxili investorlar, yerli iş adamları və Azərbaycan dövləti isə ölkəmizin hərtərəfli, şaxələndirilmiş inkişafı üçün nə lazımdırsa onu edirlər".

 

Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video