11 Avqust 2021 01:19
1836
SİYASƏT
A- A+

İnsan kapitalı ilə yüksələn Azərbaycan

 

Prezident İlham Əliyev peşəkar kadr potensialının yaradılmasına xüsusi önəm verir

 

Peşəkar insan ehtiyatı bütün dövlətlər üçün böyük sərvət hesab olunur. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Bu mənəvi sərvət, insanın ağlı, zəkası modern cəmiyyətlərin əsas güc qaynağıdır.

Həmişə deyiblər: istedad milli sərvətdir. Bu gün isə deyirlər ki, elmi biliklərə əsaslanan bacarıq və vərdişlərə malik kadr ehtiyatı cəmiyyətin ən böyük sərvətidir. Təbii ki, bu istedad öz-özünə bəhrə verə bilmir. Onun təhsil sistemində yetişdirilməsi, cilalanması, ona sosial qayğı göstərilməsi zəruridir. Modernləşdirmə konsepsiyasının təşəbbüskarı olan Prezident İlham Əliyev innovasion, idarəçilik səviyyəsi yüksək olan kadr potensialı yaradılması üçün xüsusi proqramların, layihələrin reallaşdırılması məqsədilə dövlət əhəmiyyətli sənədlər imzalayıb. Bunlar ölkəni modernləşdirməyə, insan kapitalını inkişaf etdirməyə, istedadlılara qayğı göstərməyə və onları himayə etməyə, potensialının üzə çıxarılmasına yönəlmiş rəhbər sənədlərdir.

Bu gün ictimai mühitdə elmin və ziyalılığın, qabaqcıl texnologiyaların böyük əhəmiyyəti təbliğ edilir, milli modernləşmə hamı tərəfindən dərk olunan hədəfə çevrilir. Eyni zamanda cəmiyyətimizdə innovasion və texnoloji yeniləşmə zərurətinin irəli sürülməsi, peşəkar kadr ehtiyatının formalaşması dövlət rəhbərimizin bu istiqamətdəki ardıcıl və qətiyyətli siyasi xəttidir.

 

“Yüksəliş”

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Yüksəliş” müsabiqəsi qaliblərinə təbrik müraciəti cəmiyyətdə böyük maraq doğurmuşdu. Müraciəti maraqlı edən onun məzmunu ilə yanaşı, həm də aid olduğu “Yüksəliş” müsabiqəsi layihəsinə olan ictimai diqqətdir.  

Bu müsabiqə Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis olunub. Məqsəd intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Müsabiqənin təşkilinə cəlb edilmiş resurslar, vəzifəli dövlət rəsmilərinin burada mentor qismində iştirakı, prosesin yüksək səviyyədə həyata keçirilməsi, qaliblərə münasibət layihənin dövlət rəhbərliyinin birbaşa nəzarətində olduğunu göstərir.

Kadr ehtiyatı sisteminin yaradılması dünyanın müxtəlif ölkələrində tətbiq olunan müsbət təcrübədir. Azərbaycan isə belə bir təcrübəni formalaşdırmaq üçün demək olar ki, ideal yol seçib. Bu sahədə mütərəqqi ənənələri və xarici təcrübədə özünü doğrultmuş ən yaxşı nümunələri götürərək milli sistemini yaradır. Şəffaflıq, ədalətlilik, obyektivlik, hər kəsə bərabər imkanlar mühitinin yaradılması burada əsas prinsiplərdir. “Yüksəliş” müsabiqəsi də eyni prinsiplərə xidmət edir.

 

Peşəkar insan ehtiyatı hər bir ölkənin sərvətidir

 

“Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə qarşıya qoyulmuş məqsədin davamlı islahatlarla getdikcə müsbətə doğru dəyişən, müasirləşən ölkəmiz üçün nə qədər vacibliyi Mehriban xanım Əliyevanın müsabiqə qaliblərinə müraciətində də öz əksini tapıb.

Ölkəmizin Birinci vitse-prezidenti qeyd edir ki, müasir dövrdə hər bir fəaliyyət sahəsində yeni ideya və baxışlar tələb edilməklə yanaşı, elmi biliklərə əsaslanan bacarıq və vərdişlərə malik kadr ehtiyatlarının mövcudluğu vacib şərtlərdən biridir. “İnsan kapitalının inkişaf etdirilməsi bizim üçün həmişə ciddi qəbul edilən prioritet məsələ olmuş və olmaqda davam edir. Ölkəmizdə yüksək intellektə malik insan kapitalının formalaşması və inkişafına, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsinə, müxtəlif sahələrdə qazanılmış qabaqcıl dünya təcrübəsini tətbiq edərək onun potensialının üzə çıxarılmasına hər zaman xüsusi diqqət yetirilib”, - deyə Mehriban xanım Əliyeva qeyd edir.

Son illər bir çox uğurlara imza atmış, böyük qələbələr qazanmış Azərbaycanın bir mühüm nailiyyəti də “qara qızılı”, yəni ölkəmizin əsas təbii sərvətlərindən olan nefti insan kapitalına çevirməyi bacarmasıdır. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən, xeyli göstəricilərə görə Azərbaycan dünya miqyasında ön sıralardadır. Bu fakt da Mehriban xanım Əliyevanın müraciətində xüsusi ifadə olunur: “Ölkəmiz regionda həyata keçirilən bir sıra mühüm layihələrin təşəbbüskarı və iştirakçısıdır. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfər müasir tariximizin ən parlaq səhifələrini təşkil edir. Sözsüz ki, bütün bu uğur və qələbələrə biz xalqımızın zəngin insan potensialına arxalanaraq nail ola bilmişik”.

Burada əsas bir fikri də qeyd etmək yerinə düşər ki, hər bir maarif sisteminin bünövrəsi xalqın ziyalı potensialı, onun ənənələrə və dəyərlərə bağlılığıdır. Son yüz ildə xalqın gələcəyini düşünən, onun müasir təhsilini, elmini yaradan, vətənpərvər nəsillər yetişdirən Azərbaycan ziyalıları çox olub. Bu gün onların böyük bir dəstəsi də təhsil və elm sahəsində çalışır. Prezidentimiz daim bu ziyalı və alimlərə böyük qayğı göstərir. Dövlət başçısının ziyalı və alim əməyinə verdiyi qiymət birbaşa Azərbaycanın modernləşməsinə qoyulan kapitaldır.

Funksional imkanları ictimai həyatın ən müxtəlif sahələrinin tərəqqisinə yönəldən bu siyasət Azərbaycanın gələcəyinin mühüm rəhni kimi çıxış edir. Prezident İlham Əliyevin milli dövlətçilik fəlsəfəsinə görə, müstəqil Azərbaycan dövləti qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi öz inkişafını, mövcud resurslarını insan faktorunun prioritetə çevrilməsi yönündə qurur.

Azərbaycan Prezidenti İlham Əliyevin neftdən əldə olunan vəsaitlərin böyük qisminin insan kapitalına yönəldilməsini təmin etmək istiqamətində yeritdiyi məqsədyönlü strategiya inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü tam doğrultmuşdur. Bu gün yüksəkixtisaslı kadr potensialı hər bir dövlətin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas təminatı qismində çıxış edir. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə, hətta zəngin təbii sərvətləri belə üstələyir. Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə zəngin biliklərə, bacarıqlara, səriştə və vərdişlərə, informasiya texnologiyalarına, innovasiya iqtisadiyyatına arxalanmaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev məhz bu reallıqdan çıxış edir və böyük yüksəlişin təmin olunmasına çalışır.

 

Zamanın çağırışlarına cavab

 

Azərbaycan dövlətinin son onilliklərdə qazandığı uğurların bir çoxu zamanın çağırışlarına həssaslıqdan irəli gəlir. Dövlət başçısı dünyada baş verən dəyişiklikləri, elmi-texnoloji yenilikləri, başlıca inkişaf trendlərini diqqətlə izləyir. Bütün bunlara istinadən gələcəyi dəqiq proqnozlaşdırmağı bacarır. Cəmiyyəti baş verən dəyişikliklərə hazırlayır. Bu istiqamətdə mühüm qərarlar verir. Onların vaxtında, yüksək keyfiyyətlə icrasını nəzarətdə saxlayır.   

“Yüksəliş” müsabiqəsi də zamanın çağırışlarına cavab olaraq kadr ehtiyatı bankının zənginləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Mehriban xanım Əliyeva məhz bunu nəzərdə tutaraq müsabiqənin qaliblərinə xitabən vurğulayır: “Əminəm ki, dövlətimizin daimi diqqət və qayğısı ilə siz tükənməz enerji ilə çalışaraq müstəqil Azərbaycanın inkişafı naminə hər zaman öz töhfələrinizi verəcəksiniz”.

Qeyd edək ki, müvafiq şərtlərə görə, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edib. Qaliblər müsabiqə iştirakçıları arasından idarəçilik səriştə və bacarıqlarına görə seçilən şəxslərdir. Onların adları kadr ehtiyatı bankına daxil edilir.

Müsabiqənin yüksək səviyyədə təşkili, müxtəlif mərhələlərdə informasiya texnologiyalarının imkanlarından geniş istifadə, seçimin şəffaflığı və obyektivliyi, hər kəsə bərabər imkanlar mühitinin yaradılması bu maraqlı layihənin öz məqsədinə çatdığını göstərir.

 

Gələcək qarşısında məsuliyyət

 

Özlüyündə “Yüksəliş” müsabiqəsi cəmiyyətimiz üçün bir yenilikdir. Eyni zamanda ölkəmiz üçün yüksək peşəkarlığa malik kadrların yetişdirilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır. 

Dövlət təşkilatlarında vakant yerlərin peşəkar, yüksək qabiliyyət və bacarıqlara malik kadrlarla komplektləşdirilməsi, bu sahədə ədalət meyarlarının təmin olunması məqsədilə illər əvvəl dövlət qulluğuna qəbul mexanizmləri formalaşdırılıb. Bu proses hazırda da Dövlət İmtahan Mərkəzinin müvafiq dövlət qurumları ilə fəal əməkdaşlığı əsasında yüksək prinsipiallıqla həyata keçirilir. İndiyə qədər minlərlə vətəndaşımız işə qəbul prosedurlarından keçərək ayrı-ayrı dövlət qurumlarında uğurlu karyera qura bilib. Vəzifə pillələrində irəliləyib. Cəmiyyətimizdə dövlət qulluğuna qəbulun mütərəqqi ənənələri formalaşıb. “Yüksəliş” müsabiqəsi isə yüksək intellektual səviyyəyə, idarəçilik keyfiyyətlərinə malik perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, onlara etimad göstərilməsi, bu şəxslərin irəli çəkilməsi baxımından çox önəmlidir.

Bu müsabiqə müstəqil Azərbaycanın taleyinə görə məsuliyyət daşıyan, dövlətin idarə olunmasında, qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirak edəcək yeni nəslin, kadr potensialının hazırlanması istiqamətində tam fərqli düşüncə və yanaşmadır. Belə bir ideal seçim prinsipi milli dövlətçilik tariximizdə artıq tətbiq olunur. Bu, Azərbaycan Prezidentinin yüksək istedada, bilik və bacarıqlara malik vətəndaşlarımıza diqqət və qayğısının, adil münasibətinin bariz göstəricisidir. Eyni zamanda kimliyindən asılı olmayaraq bərabərliyin, biliyin, zəngin fərdi keyfiyyətlərin, mükəmməl qabiliyyətlərin cəmiyyət həyatında əsas meyar olması üçün ortaya qoyulan əzmkarlıq nümunəsidir.

 

Şəffaflıq, layiqlilik, bərabərlik

 

Hazırda Prezident İlham Əliyevin ölkəmizin gələcəyi üçün müəyyən etdiyi strateji inkişaf layihələrinin icrası, böyük hədəflərin əldə olunması uğurlu kadrlardan çox asılıdır. Ona görə son illərdə həyata keçirilən köklü islahatların mühüm bir qismi də məhz kadr islahatlarına aiddir. Dövlət rəhbəri yüksək peşəkarlığa, bilik və bacarıqlara, menecment qabiliyyətlərinə, müasir texnologiyalarla iş vərdişlərinə, mənəvi-əxlaqi keyfiyyətlərə malik gənclərə etimad göstərir. Yüksək dövlət vəzifələrində onları irəli çəkir. Mühüm vəzifələr, strateji layihələr həvalə edir. Bununla belə insanlara öz potensiallarını, faydalı təşəbbüslərini reallaşdırmaq üçün şərait yaradır. Eyni zamanda kadrların onlara tapşırılmış vəzifələri hansı səviyyədə icra etmələrini, vətəndaşlara münasibətini, ictimai davranışlarını, məsuliyyətini ciddi nəzarətdə saxlayır. Kadrların gələcək karyera yolu da buna əsasən müəyyən edilir. Özünü doğruldanlar daha böyük etimad qazanır. Sınaqdan keçə bilməyənlər isə, idarəetmə sistemindən uzaqlaşdırılır. Bu baxımdan, “Yüksəliş” müsabiqəsini də kadr islahatlarında yeni bir mərhələnin başlanğıcı saymaq olar.

Son illər ölkəmizin sosial-iqtisadi həyatında böyük inkişaf nailiyyətləri özünü göstərməkdədir. Məsuliyyətlilik, hesabatlılıq və peşəkarlıq kimi keyfiyyətləri özündə birləşdirən yaxşı idarəetmə sistemi, şübhəsiz, yeni nəsil idarəçilərin həm yetişdirilməsi, həm müəyyənləşdirilməsi, həm də seçimini zəruri edir. Ona görə də “Yüksəliş” müsabiqəsi qeyd olunan istiqamətdə son dərəcə əhəmiyyətli bir addımdır, digər tərəfdən bu, gənclər arasında sağlam rəqabət mühitinin inkişafına da geniş şərait yaradır.

Kadr islahatı davamlı bir prosesdir. Ona görə də belə layihələr, yalnız Azərbaycandakı intellektual şəxslərin deyil, dünyanın müxtəlif ölkələrində yaşayan yüksək bilik və bacarıqları, iş həyatındakı uğurları ilə fərqlənən soydaşlarımızın da bu sıraya daxil edilməsinə, müxtəlif strateji proqramların icrasına cəlb olunmasına imkanlar yaradır. İdarəçilik məsələsində kadr bankının yaradılması, “şəffaflıq”, “layiqlilik” və “bərabərlik” prinsipləri əsasında müsabiqə ilə perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi kadr siyasətinə mühüm töhfələr verir. Bu, həm də Azərbaycanın gələcəyi ilə bağlı məsuliyyət duyğusunun ifadəsidir.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video