07 Oktyabr 2021 00:49
2136
SİYASƏT
A- A+

İndi şərti diktə edən İLHAM ƏLİYEVDİR!

 

Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşması ilə “Dağlıq Qarabağ problemi”nin yenidən ortaya atılmasının arası cəmi bir həftə çəkdi.

Əvvəla, ermənilər yaxşı bilirdilər ki, Heydər Əliyevin Siyasi Büronun üzvü və SSRİ-nin rəhbərlərindən biri olduğu müddətdə heç zaman bu məsələni müzakirəyə çıxara və müsbət həll edə bilməzlər.

Digər tərəfdən isə, Azərbaycanın taleyüklü məqamlarında ermənilər ölkəmizdən torpaq qoparmağa vərdiş etmişdilər.

Bu, 1918-ci ildə, Azərbaycan ilk dəfə dövlət müstəqilliyi qazanan zaman da belə olmuşdu.

Ulu Öndərimizin böyük siyasətdən müvəqqəti ayrılması ermənilərin əlinə yeni fürsət verdi.

Onlar həm də irəlicədən satqın Qorbaçovun və arvadının simasında məsələnin öz xeyirlərinə həll olunacağına razılıq da almışdılar.

Və bu razılığı mətbuat vasitəsilə ictimaiyyətə Qorbaçovun yaxın ətrafı sayılan akademik Aqanbekyan və müşavir Şahnazarov bəyan etmişdi.

Bundan sonra SSRİ rəhbərliyinin dəstəyi ilə müxtəlif “erməni oyunlarına” start verildi.

Əvvəlcə keçmiş DQMV-də yaşayan ermənilər “iqtisadi cəhətdən geri qaldıqları, pis yaşadıqları” barədə donquldanmağa başladılar.

Sonra Ermənistandan gələn “saqqallılar” onlara qoşuldular.

Beləliklə, əvvəlcə tətillərə, etiraz mitinqlərinə başlanıldı, daha sonra isə “krunk” təşkilatı vasitəsilə Ermənistana birləşmək barədə tələblər irəli sürüldü.

Keçmiş DQMV-nin partiya-sovet orqanları rəhbərlərinin mitinqlərdə iştirakı, sonralar təşkilatçılığı və separatçı çıxışları deyilənlərin doğruluğunu, yəni bu isə Moskvanın “xeyir-dua” (“dobro”) verdiyini təsdiqlədi.

Xocalı soyqırımında 366-cı sovet alayının iştirakı isə mərkəzin ermənilərə bütün formada dəstəyinin təsdiqinə çevrildi!

Azərbaycan isə həmin dövrlərdə həqiqi rəhbərindən - Ulu Öndər Heydər Əliyevdən ayrı düşdüyündən maymaqların, qorxaqların və səriştəsizlərin əlində qalmışdı.

Nə dünyada və SSRİ məkanında gedən proseslərdən baş çıxaran, nə hadisələri təhlil edərək qabaqlamağı bacaran, nə torpaqların müdafiəsini təşkil edən, nə də ordu yaratmaq barədə düşünən vardı!

Ermənilər isə hər şeyə irəlicədən hazırlaşmışdılar və ardıcıllıqla öz planlarını həyata keçirirdilər.

***

Torpaqlarımız işğal edilənə, beynəlxalq qurum və təşkilatlara üzv olaraq onlara işimiz düşənə qədər elə bilirdik ki, dünyada haqq və ədalət var!

Elə sanırdıq ki, beynəlxalq hüquq işləyir, hər yerdə ədalətli və obyektiv qərarlar qəbul edilərək dərhal da həyata keçirilir!

Elə bilirdik ki, BMT dünyanın sahibidir, onun bir sözü iki olmur!

Hətta BMT Təhlükəsizlik Şurasının 4 məlum - 822, 853, 874 və 884 nömrəli qətnamələrini çox böyük ümidlə qarşılamışdıq.

Hətta inanırdıq ki, Ermənistan qoşunları həmin qətnamələrdə deyildiyi kimi, “dərhal və qeyd- şərtsiz” Azərbaycan ərazilərindən çıxarılacaqdır!

Deyir, sən öz saydığını say...

***

Qarabağ münaqişəsinin həlli ATƏT-in (əvvəlcə ATƏM-in) Minsk qrupuna tapşırılmışdı.

ATƏM-in tarixi 24 mart 1992-ci ildə Helsinkidən başlayır.

1994-cü il dekabrın 5-6-da Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilmişdi.

1 yanvar 1997-ci ildən isə ATƏT-in Minsk Prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması və Qarabağ probleminin dinc vasitələrlə həllinə nail olmaq kimi müəyyənləşdirilmişdir.

ATƏT arxada qalan otuz illik dövründə söz deyib, söz verib, gedib-gəlib, görüşlər təşkil edib, bəyanatlar verib, vəssalam!

Nə bir qarış torpaq qaytarıb, nə işğalçı ilə işğala məruz qalanı adı ilə çağırıb, nə Ermənistana təzyiq göstərib, sanksiya tətbiq edib, nə də “mən bacarmaram” deyərək yaxasını qırağa çəkib!

Azərbaycan xalqının yaddaşında ATƏT dişsiz, səmərəsiz, mənasız səfərlər edib danışıqlar aparan, əlindən heç nə gəlməyən boş bir qurum kimi qalıb!

Hətta bir neçə lətifənin yaranmasına da səbəb olub...

44 günlük müharibə Azərbaycan xalqının möhtəşəm zəfəri ilə başa çatanda hamı güman edirdi ki, buna sevinənlərdən biri də ATƏT olacaqdır!

Çünki mənasız gediş-gəlişdən, boş danışıqlardan, səmərəsiz görüşlərdən yaxası qurtarırdı.

Amma nədənsə ATƏT sevinmək əvəzinə “işini” davam etdirməkdə israrlı görünür.

Yəqin ki, ATƏT-in ABŞ-dan olan həmsədrlərindən biri Riçard Hoqlandın dediyi kimi, yüksək əməkhaqqı, beşulduz hotellərdə qalmaq, ən yaxşı restoranlarda yemək vərdişini tərgitmək onlar üçün o qədər də asan deyil!

Xoşbəxtlikdən qalib Azərbaycan Ordusu ATƏT-in bu “sevimli missiyasına” da son qoymuş oldu.

***

Azərbaycan Prezidenti cənab İlham Əliyev ATƏT-in nəticəsiz “fəaliyyətini”, Ermənistanın şıltaqlıqlarını və onun nazı ilə oynayanları yaxşı görür, eyni zamanda, ikili standartların yaratdığı fəsadları da diqqətlə izləyirdi.

Çətin vəziyyətdə yaşayan məcburi köçkünlərin həyat şəraitini yüngülləşdirmək üçün ardıcıl tədbirlər görmək, ölkəni gücləndirmək, beynəlxalq aləmdə səmərəli iş aparmaq, eyni zamanda, torpaqların hərbi yolla azad edilməsi məqsədilə zəruri addımlar atmaq, habelə bir çox məsələləri həll etmək qarşıda duran təxirəsalınmaz məsələlər idi..

Bütün bunlar dayanmadan, yorulmadan, gecə-gündüz bilmədən çalışmağı tələb edirdi!

Cənab İlham Əliyev uğurlu hərbi əməliyyatlar aparmaq, Azərbaycanı qalib dövlətə çevirmək üçün, ilk növbədə, dövləti gücləndirməli idi!

Əslində tarixinin ən qüdrətli Azərbaycanını yaratmalı idi və onu yaratdı!

Belə ki, müstəqil Azərbaycanı:

* İqtisadi cəhətdən gücləndirdi. - Yeni transmilli layihələrə həyat vəsiqəsi verməklə, Azərbaycanı logistika mərkəzinə çevirməklə, Böyük İpək yolunu işə salmaqla, qeyri-neft sektorunu və sahibkarlığı inkişaf etdirməklə;

* Siyasi cəhətdən gücləndirdi.   - Azərbaycanı yeni imicdə dünyaya təqdim etməklə, hücum diplomatiyasına keçməklə, beynəlxalq qurum və təşkilatlarda fəal iş aparmaqla, ölkəmizi beynəlxalq siyasi tədbirlərin və idman yarışlarının keçirildiyi məkana çevirməklə, habelə BMT Təhlükəsizlik Şurasına, Türk Dövlətləri Şurasına, Qoşulmama Hərəkatına sədrliyi dövründə gündəliyə aktual, dünyanı düşündürən və narahat edən məsələləri salaraq həllinə şəxsi töhfələrini verməklə;

* Etibarlı dostlarla əməkdaşlığı möhkəmləndirməklə gücləndirdi.

- Avropanın neft və təbii qazla təchizatı zamanı dövlətlər arasında bərabərhüquqlu və qarşılıqlı maraqların təmininə əsaslanan əlaqələr yaratmaqla, ölkənin haqq işini dəstəkləyənlərin sayını artırmaqla, Azərbaycan-Türkiyə dostluğunu ən yüksək səviyyəyə qaldırmaqla, Pakistanı qardaş ölkəyə çevirməklə, COVID-19 pandemiyası dövründə zəif ölkələrə təmənnasız yardımlar göstərməklə;

* Hərbi cəhətdən gücləndirdi. 

- Yeni nəsil vətənpərvər gənclər tərbiyələndirməklə, dünyanın öndə gedən hərbi məktəblərində yeni zabit kadrları hazırlamaqla, ordunu ən yeni texnologiyaya əsaslanan müasir silahlarla silahlandırmaqla, zabit və sıravi heyət üzvlərini daim təkmilləşdirmək, hərbi vərdişləri daim yüksəltmək üçün sistemli təlimlər keçirməklə, habelə yüksək peşəkarlığa malik xüsusi təyinatlılar hazırlamaqla;

Bütün bunlardan sonra isə 44 günlük müharibədə Ermənistan ordusunu məhv edərək Azərbaycanı dünyaya qalib dövlət kimi tanıtdı, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk qrupunun 30 ildə görə bilmədiyi işi, həll edə bilmədiyi məsələni qısa zaman kəsiyində birdəfəlik yoluna qoydu!

***

Nə qədər ki Azərbaycan zəif idi, ATƏT-in Minsk qrupuna ehtiyacı vardı.

Hətta ölkəmiz güclənəndən sonra da münaqişənin sülh yolu ilə nizamlamasına çalışırdı və ATƏT-dən bu istiqamətdə konkret iş, əməli kömək gözləyirdi.

ATƏT-in Minsk qrupu isə öz ampluasında idi!

Gəlirdi, gedirdi, danışırdı, görüşlər təşkil edirdi və s.

Hərdən isə müəyyən bəyanatlar, açıqlamalar verirdi.

Hamısı da məzmunca standart olurdu: tərəfləri sülh danışıqlarına davam etdirməyə çağırır, məsələnin yalnız sülh yolu ilə həlli variantının olduğunu söyləyir, masada yeni təkliflərin mövcudluğunu göstərirdi.

Bir sözlə, problemin həllindən, sözdən, bitib-tükənməyən danışıqlardan başqa hər şey vardı.

Son illərdə isə xoşladıqları, tez-tez təkrarladıqları ifadələr də vardı:

* “Münaqişə ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyin etməsi prinsipi əsasında həllini tapmalıdır. - Amma özləri də bilmirdilər və bizə də göstərmirdilər ki, “ərazi bütövlüyü” ilə “öz müqəddəratını təyinetməni” necə uzlaşdırmaq, hər ikisinə eyni vaxtda necə əməl etmək mümkündür;

* “Azərbaycanla-Ermənistan öz aralarında hansı razılığa gəlsələr, ATƏT də onu dəstəkləyəcək”. - Amma heç demirdilər ki, iki düşmən dövlət, həm də oğru ilə torpağı oğurlanan öz aralarında necə razılığa gələ bilər. Əgər bu mümkün olsaydı, onda ATƏT-in Minsk qrupunu niyə yaradırdılar? Ən nəhayət, razılaşma iki dövlət arasında baş tutacaqsa, onda ATƏT-ə nə ehtiyac və o, niyə bacarıqsızlığını etiraf edərək bir kənara çəkilmir?!

* “Mövcud status-kvo dəyişdirilməlidir”. - Bu dəyişikliyi kim etməlidir, hansı yolla həyata keçirilməlidir? Bunları da söyləmirdilər.

* “Hazırda yeni reallıqlar yaranıb və onlar nəzərə alınmalıdır”. - Reallıq isə o idi ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib və xoşluqla geri qaytarmaq istəmir. ATƏT və dünya birliyi tərəfindən isə ona nə təzyiq göstərilir, nə də məcburetmə tədbirləri görülür!

Azərbaycan xalqının məşhur misalında deyildiyi kimi: paraya dəymə, bütövü kəsmə - doğra, doyunca ye!

ATƏT-in bu mövqeyi, dişsizliyi, münaqişəni həll etmək niyyətindən uzaqda durması Azərbaycan torpaqlarının otuz ilədək işğalda qalması ilə nəticələndi!

Bu illər ərzində vəhşi Ermənistan işğal ərazilərində daş üstə daş qoymadı!

Hər şeyi dağıtdı, viran qoydu, talan etdi, satdı, sovurdu!

Məqsədi münaqişəni uzadıb soyutmaq, insanların öz yurdlarına qayıtmasını mümkünsüz etmək, sonda isə torpaqları Ermənistana birləşdirmək idi.

Əslində münaqişənin həllinin otuz il uzanmasının səbəbkarı ATƏT-in Minsk qrupu oldu! Odur ki, torpaqlarımızın viran qoyulmasında, maddi sərvətlərimizin talan olunub tarixi abidələrimizin dağıdılmasında ATƏT dolayısı olsa da, mənəvi məsuliyyət daşıyır.

Anlamaq olmur ki, hansı üzlə onlar yenidən meydana girmək, olmayan münaqişəni “həll etmək”, olmayan “Dağlıq Qarabağa” status vermək barədə danışır, acı bağırsaq kimi uzanmış mənasız danışıqlara yenidən başlamaq üçün əldən, ayaqdan gedirlər!

Məgər 30 ildə edə bilmədiyini bir neçə ayda edəcəkdir?

Belə bacarıqlı idinizsə, 30 il nəyi gözləyirdiniz?

Azərbaycan hərbi qüdrəti ilə təkcə sizin yox, BMT-nin də görəcəyi işləri reallaşdırıb!

İndi status-kvo da dəyişib, daha ədalətli və uzunmüddətli, həm də əbədi davam edəcək reallıq yaranıb!

Bunu təkcə ATƏT və Ermənistan deyil, bütün dünya nəzərə almalı və qəbul etməlidir!

Çünki ədalət də budur, beynəlxalq hüquq da budur, hərbi güc də budur, üstəlik Ermənistanın imzaladığı kapitulyasiya aktının maddələri də indiki reallıqla hesablaşmağı tələb edir!

“Dəmir yumruq” isə hazır vəziyyətdə gözləyir!

***

Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən bütün məqsəd və niyyətini daim açıq şəkildə və ucadan bəyan edib:

* Azərbaycan öz ərazilərinin işğalda qalması ilə heç zaman barışmayacaqdır!

* Azərbaycan öz ərazilərində ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcəkdir!

* Azərbaycan münaqişəni sülh yolu ilə həll etmək istəyir, əgər bu baş tutmasa, digər vasitələrlə torpaqlarını geri qaytaracaqdır!

Azərbaycan hətta məsələnin sülh yolu ilə həll olunacağı təqdirdə Dağlıq Qarabağdakı erməni əhalisinə müəyyən özünüidarə hüququnu verməyə də hazır idi!

Ancaq Ermənistan razılığa gəlmədi.

Artıq “müstəqil yaşamağa adət etdiklərini” bəhanə gətirərək “müstəqil dövlət”, “ayrıcana respublika” olmaq iştahasında idilər.

Aprel müharibəsi də onları ağıla gətirmədi!

“Yeni müharibə və yeni ərazilər” hədəsi ilə bizi qorxutmağa çalışdılar!

Küçədən gəlmiş yeni baş nazirləri Paşinyan isə “Qarabağ Ermənistandır və nöqtə” deməklə sülh danışıqlarına da nöqtə qoydu, könüllü şəkildə torpaqları qaytarmayacaqlarını açıq şəkildə söylədi!

Azərbaycanın başqa yolu qalmadı!

***

44 günlük Zəfər müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı əsl və pozulmaz reallıqlar isə bunlardır:

* Azərbaycan torpaqlarını hərbi yolla azad etdi.

* Rusiyanın Sülhməramlı Qüvvələrinin müvəqqəti yerləşdikləri ərazilərdə isə Azərbaycanın idarəetməsi mərhələlərlə - Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladıqları 10 noyabr 2020-ci il bəyanatına və 11 yanvar 2021-ci il razılaşmasına uyğun şəkildə həyata keçiriləcəkdir!

Müxtəlif ağızlardan hərdən eşidilən “status” məsələsi barədə isə Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə öz mövqeyini və fikirlərini açıq şəkildə bildirmişdir!

Prezidentimizin sözü ilə əməlinin daim eyni olduğunu xatırladaraq bu barədə dediklərini bir daha diqqətə çəkirik:

* “Artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri yoxdur. Çünki məğlub Qarabağ mövcud deyil. Bizim ərazimizdə belə inzibati vahid yoxdur. Bu il iyulun 7-də mən Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı fərman imzaladım. Biz iki iqtisadi zona - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq və onlar bütün bu ərazini əhatə edir”.

* “Mən deyəndə ki, münaqişə həllini tapıb, bu, mənim mövqeyimdir. Mən bu mövqeyi müdafiə edirəm. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir. Münaqişənin həll olunması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o, necə həll olunmalıdır. “Dağlıq Qarabağ” dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Bu səbəbdən münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir”.

* “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”.

* “Nə oldu, Paşinyan, yol çəkirdin Cəbrayıla, rəqs edirdin? Nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq”.

***

Azərbaycan qalib dövlətdir!

Azərbaycanın qalib Sərkərdəsi, nəyi, nə vaxt və necə etməyi hamıdan yaxşı bilən müdrik Prezidenti var!

Adətən şərti qalib tərəf diktə edir!

Bu həm də o deməkdir ki, özü istəməsə, qalibə heç nəyi qəbul etdirə bilməzsən!

Müzəffər Ali Baş Komandan İlham Əliyevə hətta Azərbaycanın zəif olduğu dövrlərdə belə milli maraqlarımıza uyğun gəlməyən nəyisə qəbul etdirmək mümkün olmayıb!

Qoy hamı bilsin, eşitməyənlər də eşitsin!

Bu gün şərtləri qalib Azərbaycanın qalib rəhbəri İlham Əliyev diktə edir!

Dedisə, edəcəkdir!

Artıq statusu lazım bildiyi yerə göndərib!

Zəngəzur dəhlizi də açılacaq və işləyəcəkdir!

Ermənistan bunu nə qədər tez, həm də “dəmir yumruq”suz etsə, özü üçün yaxşıdır!

Həm də bir dəfə tərsliyin ona nəyə başa gəldiyini özü hamıdan yaxşı bilir!

Ağıllanmaq vaxtıdır!

Qarabağ Azərbaycandır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video