19 Noyabr 2019 00:42
1311
SİYASƏT
A- A+

İnamdan başlanan işıqlı gələcək


Xalq və ümumən bəşəriyyət üçün tarixi əməllərə imza atmış siyasi liderlər, dövlət başçıları bütün digər xidmətləri ilə yanaşı, həm də bütöv nəsillər formalaşdırırlar. Bu nəsillərin hansı ruhda böyüyüb tərbiyələnməsi, hansı ideyaların daşıyıcısı olması liderlərin onlar üçün yaratdıqları örnəklərdən, həyat və fəaliyyətləri ilə təlqin etdikləri prinsiplərdən çox asılıdır.

Noyabrın 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni "Gənclik” parkında "Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak edirdilər. Aksiyanın ən əlamətdar cəhətlərindən biri, iştirakçıların, demək olar ki, hamısının gənclərdən ibarət olması idi. Onların çoxu yeni minillikdə doğulub formalaşmış, müstəqil, güclü, gündən-günə inkişaf edib qüdrətlənən Azərbaycanda dünyaya göz açmış gəncliyin layiqli təmsilçiləridir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbəri olduğu IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən ekoloji aksiyada çox maraqlı tarixi mənzərə canlanırdı: cənab İlham Əliyevin timsalında zəmanəsinin ən parlaq liderlərindən biri və onun yetişdirdiyi işıqlı gənclik. Birgəlikdən, sevgi və ehtiramdan, ümiddən, inamdan başlanan işıqlı gələcək...

Bu mənzərənin yaratdığı xoş təəssüratlar, müsbət enerji belə bir həqiqətə də işıq salır ki, əslində dünyanın gəlib çatdığı bugünkü inkişaf mənzərəsi sülhü, əmin-amanlığı, tərəqqini, insanların rifahını, ətraf mühitə qayğını, bəşəriyyətin xoşbəxt gələcəyi naminə birgə əməkdaşlığı gənc nəslə ali bir missiya kimi aşılayır və onun müsbət nəticələrini görür.

Bu gün dünyanın ayrı-ayrı ölkələrində aşırı millətçilik, ksenofobiya, dini radikalizm, terror kimi prinsiplərlə düşüncələri zəhərlənən gənclik və hər fürsətdə onları ziyanlı ideologiyalara "yoluxduran” siyasət dəllallarının tarix qarşısındakı böyük məsuliyyətsizliyi var. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı gənclər siyasətinin, böyüməkdə olan nəslə ötürdüyü ali dəyərlərin yaxın-uzaq ölkələrdəki müəyyən dövlət rəhbərlərinin davranışları ilə müqayisəsində bu iki fərqi aydın görə bilərik.

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin davamı olaraq Prezident İlham Əliyev Azərbaycan gəncliyini vətənə sevgi qədər həm də bəşəri dəyərlərə hörmət ruhunda yetişdirir. İnsan üçün ən nəcib davranışların birgəyaşayış qaydalarını qorumaqdan, başqalarının qayğısına qalmaqdan, dövlətə, cəmiyyətə fayda verməkdən, nəcib əməllərlə dünyanı gözəlləşdirməkdən, sadəlikdən, təvazökarlıqdan, dünyanın ən zəngin sərvəti kimi daim bilik və bacarıqlara, fərdi inkişafa can atmaqdan ibarət olduğunu anladır.

Bu gün Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkədə gedən proseslərin önündə durur, respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edir, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə dəfələrlə yüksəlir. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəallıq göstərir. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınır, onun tarixi, mədəniyyəti və bugünü haqqında geniş məlumatlar verilir.

Biz dünyanın ən gənc əhali göstəricilərindən birinə malikik. Əhalinin yarıdan çoxunun yaşı 30-dan aşağıdır. Respublikada 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyi, Gənclər Fondu hər il bu təşkilatların təhsil, mədəniyyət, incəsənət, elm və digər sahələr üzrə həyata keçirdikləri layihələrin dəstəklənməsi üçün maliyyə ayırır və onların beynəlxalq fəaliyyətini dəstəkləyir. Ölkəmizdə gənclər siyasətinin geniş infrastrukturu var. Belə ki, 40-dan artıq rayon və şəhərdə olan sosial xidmət müəssisələri - Gənclər evləri, mərkəzləri fəaliyyət göstərir.

Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində dövlət başçısına dəstək verən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, tarixən xalqımıza xas xeyirxahlıq, alicənablıq, başqa mədəniyyətlərə hörmət, tolerantlıq mühitində yetişməsinə böyük kömək göstərir. Gəncliyimizə zamanın ruhuna uyğun keyfiyyətli təhsil almaq, müxtəlif sahələrdə öz potensialını reallaşdıraraq faydalı təcrübə toplamaq imkanı yaradır. Bu layihələrin icrasına cəlb olunmuş minlərlə Azərbaycan gəncinin iştirakı ilə ölkəmizdə könüllülük hərəkatı formalaşıb, gözəl sosial mühit, əməkdaşlıq çevrəsi qurulub.


Gəncliyi ilə böyüyən Vətən


Azərbaycan rəhbərliyinin apardığı məqsədyönlü islahatların mərkəzində ölkəmizin gələcəyi olan gənclər durur. Prezident İlham Əliyev gənclərin potensialından faydalanır, onlara inanır, güvənir, yüksək etimad göstərir, tapşırılmış vəzifələri uğurla yerinə yetirən gənclərimizin nailiyyətlərinə sevinir, onları irəli çəkir. Yaşlıların zəngin təcrübəsi ilə gənclərin enerjisi, ənənələrlə müasirlik arasında vəhdət yaradaraq bunu ölkəmizin inkişaf formuluna çevirir. Bir çox ölkələrdən, elə bizim də müstəqilliyin ilk illərində yaşadığımız təlatümlü dövrlərdən fərqli olaraq Azərbaycan Prezidenti ölkə gəncliyinin hansısa siyasi oyunlarda alətə çevrilməsinə imkan vermir. Cəmiyyətdə layiq olduqları yüksək mövqelərdə qərarlaşmaları, gəncliyimizin həm fiziki, həm də mənəvi sağlamlığı üçün məqsədyönlü strategiya həyata keçirir.

Gəncliklə birgə müxtəlif mövzularda aparılan aksiyalar təkcə Azərbaycan insanına deyil, ümumən bəşəriyyətə ünvanlanmış bir çağırışdır. Son onilliklərdə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrin, "Bakı prosesi” çərçivəsində təşkil edilən beynəlxalq humanitar forumların, sivilizasiyalararası dialoqun əldə olunması naminə fəaliyyətin son hədəfi dünyadakı bütün insanların xoş həyat naminə birliyini təmin etməkdən ibarətdir. Bəşəriyyətin gələcəyini təhdid edən ziyanlı ideologiyaları, işğalçı təfəkkürü, başqa xalqlara, mədəniyyətlərə nifrət ruhunu, terrorizmi müasir insanların həyatından birdəfəlik kənarlaşdırmaqdır.

Çünki dövlət rəhbərləri də, cəmiyyət də, gənclik də uzun illərdir ki, bu xəstəliklərə "yoluxmuş”, terrorizmi dövlət siyasətinə çevirmiş qonşu Ermənistanın apardığı təcavüzkar siyasəti yaxşı görür, nasizmin, terrorun acılarını illərdir ki, yaşayan ölkə olaraq Azərbaycan bütün bunların dünyanın gələcəyi üçün necə böyük fəlakət, təhlükə doğurduğunu bilir.


Erməni faşizminin ifşası


Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycan həyatına yeni nəfəs gətirib, respublikamızı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların kürsülərində qətiyyətli, məntiqli çıxışları ilə diqqəti cəlb edir. Milli mənafeləri bütün səviyyələrdə cəsarətlə qoruyur, müstəqil xarici səyasət yürüdür.

Azərbaycan Prezidentinin bu il oktyabrın 3-də "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı tarixi çıxışı bunun daha bir nümunəsi oldu. Ölkəmizin rəhbəri inamla bəyan etdi ki, Dağlıq Qarabağ tarixi, mədəni, siyasi, geosiyasi və digər mənalarda həmişə Azərbaycanın olub və ora indi də Azərbaycandır. Və həmin fikri Prezidentimiz tarixdən silinməyəcək bir əminliklə ifadə etdi: "Qarabağ Azərbaycandır və nida işarəsi”.

Bu il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının Türkmənistanın Aşqabad şəhərində təşkil edilmiş məhdud tərkibli iclasında Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini təkrarən dünyaya bəyan etdi, bəşəriyyətin gələcəyi ilə bağlı haqlı narahatlıqlarını bildirdi.

Həmin tədbirdə Azərbaycan Prezidenti Böyük Vətən müharibəsi illərində Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana Ermənistanda heykəl qoyulması faktını iştirakçıların diqqətinə çatdırdı: "Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib”. Azərbaycan Prezidenti irəli sürdüyü fikri 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin müvafiq məruzəsindən gətirilmiş sitatla möhkəmləndirdi: "Həmin məruzədə deyilir: "Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.

Prezident İlham Əliyev xatırlatdı ki, Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik "1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının "Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş "Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə də Ter-Arutyunyana yer verilib. Həmin məqalədə əks-kəşfiyyatçıların 114-cü Dromedar ober qrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanın aşkar edilərək həbsə alınmasından söhbət gedir. "Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur” deyən Azərbaycan Prezidenti bu fikri ilə MDB dövlət başçılarının diqqətinə çatdırıb ki, hər hansı ölkədə nasizmə dair abidənin qoyulması açıq-aşkar təbliğat vasitəsidir. Bu isə bütün dünya üçün təhlükə mənbəyidir.

Azərbaycan Prezidentinin arqumentlərlə əsaslandırılmış fikirləri Soçi şəhərində keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasından səsləndirilən "Qarabağ Azərbaycandır!” bəyanatından sonra Ermənistana daha bir sarsıdıcı zərbə idi. Bugünkü gənclik, gələcək nəsillər üçün ziyanlı meyillərdən, kindən, nifrətdən, təhlükələrdən uzaq daha mükəmməl və ədalətli dünyanın qurulması bu cür qətiyyətli mövqelərdən, hər kəsin öz adı ilə çağırılmasından, sağlam düşüncə qabiliyyətinə malik bütün insanların mövcud problemlər barədə ətraflı götür-qoy etməyə dəvət olunmasından başlanır.


Gəncliyin tarixi missiyası


Azərbaycan dövləti bu istiqamətdə tarixi missiya həyata keçirir. Elə ötən ay ölkəmizin Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə evsahibliyi etməsi də eyni missiyaya xidmət göstərirdi. Müstəqillik tariximizin ən miqyaslı beynəlxalq siyasi tədbirlərindən olan Zirvə görüşündə Avropa qitəsi Azərbaycanın timsalında BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatın iştirakçısı olan ölkələrin dövlət və hökumət başçılarını yenidən qəbul etdi. 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi də ölkəmizə göstərilən hörmətin, inam və etimadın, dünyanın əksər ölkələrinin Azərbaycana dəstəyinin təzahürüdür. Bu mərasimdə bəşəriyyətə bir çox mühüm çağırışlar ünvanlandı. Beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərin artırılması, bu baxımdan BMT-nin fəaliyyətində islahatların aparılması, sərhədlərin güc yolu ilə dəyişdirilməsinin, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulmasının qarşısının alınması, daxili işlərə müdaxilənin yolverilməzliyi, inkişaf imkanlarından qarşılıqlı əməkdaşlıq şəraitində istifadə bu çağırışların əsas məzmununu təşkil edirdi. Zirvə görüşünün xüsusilə əhəmiyyətli məqamlarından biri də Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Azərbaycanın Gənclər Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi və görüş ərəfəsində Bakıda təşkil olunan sammitdə dünyanın 40 dövlətindən gənclərin iştirakı idi. Bu da Azərbaycanın gələcəyə aydın baxışından irəli gəlirdi. Çünki o gənclərin çoxu gələcəyin dünyasını quracaq, Yer üzünün siyasi-iqtisadi, mədəni mənzərəsini müəyyənləşdirəcək potensial liderlərdir. Daha mükəmməl və ədalətli dünyanın qurulması missiyası əsasən onların üzərinə düşür.

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video